Bakıda peşəkar güləşçi olan dostunu qətlə yetirməkdə təqsirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən Loğman Alıyev özünü qismən təqsirli bildiyini deyib.
Sərbəst ifadə verən Loğman Alıyev bildirib ki, onun Elçini öldürmək niyyəti olmayıb: “Kafedə oturub pivə içirdim. Yanımda iki tanışım da vardı. Elçin kafenin qabağından keçəndə biz tərəfə baxıb söyüş söydü. Daha əvvəl də aramızda söz-söhbət olub. Mən onu çağırıb söyüşü kimə söydüyünü aydınlaşdırmaq istədim. O, əvvəllər dəfələrlə bizim evdə olub, birlikdə çörək kəsmişik. Amma 2 dəqiqə keçməmiş özü qayıtdı. Ondan söyüş söyməsinin səbəbini soruşmaq istədim. Dedi ki, yaxşı edib söyürəm”.
L.Alıyev qeyd edib ki, məsələni aydınlaşdırmaq üçün Elçinlə heç kimin olmadığı yerə gediblər. Onun sözlərinə görə Elçin həmin ərəfədə onu yenə söyüb:
“Elçin qayıdanda maşınında başqa adamlar da var idi. Söhbətə başlayanda Elçin yenə də söyüş söyürdü. O da içkili idi. Birinci o məni vurdu. Sonra da yanında olanlar məni vurmağa başladılar. Başıma o qədər vurdular ki. Mən də bıçağı çıxarıb özümü müdafiə etmək üçün sağa-sola hərəkət etdirdim. Onu öldürmək istəmirdim. Əgər bıçağı çıxarmasaydım məni öldürəcəkdilər”.
İfadəsinin davamında Loğman Alıyev deyib ki, davadan sonra Elçin öz maşınına minərək hadisə yerindən gedib. O isə taksiyə minərək qardaşının evinə gedib.
Qeyd edək ki, hadisə bu il Bakıda baş verib. Loğman Alıyev münaqişə zəminində dostu Elçin Tapdıqovu qətlə yetirib.
Loğman Aliyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu maddəsi ilə ittiham edilir.
Qətlə yetirilən şəxs peşəkar güləşçi olub.