Milli Elmlər Akademiyamızın işıq idarəsinə borcu varmış, montyorlar gəlib elektrik xətlərini, rəhmətlik Arabul demişkən, “dibindən” kəsiblər. Sonra borc ödənilib, artıq elm məbədimizdə qaranlıqlar dağılmışdır. Ancaq mən düşünürəm heç oranın elektrik kimi arxaik enerji növünə ehtiyacı yoxdur. Bizim alimlərin üzünün nuru nəinki idarəni, bütün kainatı işıqlandırmağa qadirdir. Hamısı ziyalı adamlardır. Orada mələyin uçma sürətini tapan alimdən başlamış Yerin öküzün və tısbağanın belində nəlbəki formasında olmasını isbata yetirmiş Əkrəm müəllimə, xiyardan Günəş enerjisi alan dahidən qarışqa minib çayı keçməyin üsullarını tapan akademikə qədər hər cür gözəl insanlar toplaşmışdır.
Həmçinin, yaba ilə dovğa içməyin mümkünlüyünü sübut etmiş kulinarologiya alimi orda çalışır. Bu sıradan imamların kvant fizikasında rolunu araşdırmış hörmətli alim Rafiq Əliyevi xüsusilə qeyd etməliyik. Çoxdur, hamısını, əlbəttə, bir yazıda işıqlandırmaq çətindir. Həm də, açığı, bizim köşənin işıqlandırmağa görə borcu çoxalıbdır, qorxuram “Azərişıq” montyorları göndərə, köşəmiz qaranlığa qərq ola. O üzdən bir qədər işığa qənaət etməliyik.
Eyni zamanda mən düşünürəm, bizim Türkiyə ilə “bir millət, iki dövlət” sayılmağımıza xal düşmək üzrədir. Neçə illərdir biz ora alim ixrac edirik, az qala hər Türkiyə universitetində 10 nəfər azərbaycanlı professor çalışır, lakin yenə ümumi səviyyədə axsama vardır. Bunun tipik örnəyi Nuh peyğəmbər ətrafında diskussiyalarda ortaya çıxıbdır.
Orda İstanbul Universitetindən Yavuz Örnək adlı bir professor kitab yazıbdır, Nuh tufanı haqda bildiklərimizi elmi yozmaq istəyibdir. Deyir, hesabladım, Yerdəki bütün suyu toplasan səviyyə ancaq 132 metr qalxar, bəs tufan zamanı qalan su hardandır? Guya kometin quyruğundan qopan sudur. Guya qalanı Yerin altından çıxıbdır. Bəs daşqın yatanda su hara gedib? Deyir Nuh peyğəmbər oğluna mobil telefonla zəng vurub xəbərdarlıq edibdir. Gəmi taxtadan yox, dəmirdən olub (bəlkə də Mübariz Məsimovun “Palmali” şirkətindən arendaya götürüblər – Z.H.) Çoxlu belənçik gülməli söhbətlər edir.
Doğrusu, mən buna baxandan sonra Türkiyəyə oxumağa göndərdiyimiz, böyük ümidlə arxalarınca baxdığımız burnufırtıqlı gənclərimizə yazığım gəldi. Bunlar bu gedişlə nə öyrənə bilərlər? Bakıda qalsalar milli akademiyamızın professorlarından daha geniş, daha dəqiq həyat, elm dərsləri alardılar.
Bu adamın savadsızlığı ilk növbədə ondan görünür ki, Nuh məsələsini bizim çözdüyümüzü bilmir. Artıq neçə illərdir Nuh peyğəmbərin qəbri Naxçıvanda təmir olunubdur, onu ziyarət eləməyə minlərlə adamlar gedir, misal üçün, yerli statkomun xəbərinə görə 2017-ci ildə Naxçıvana 500 minə yaxın turist gedibdir – az qala muxtar respublika əhalisinin sayı qədər.
O cümlədən, Nuhun gəmiyə hər canlıdan bir cüt, bizim məmurların isə hamısını ailəlikcə mindirdiyi, AXCP-Müsavat cütlüyünü heç mindirmədiyi, hazırda o gəminin qalıqlarının Ələt Beynəlxalq Dəniz Limanı akvatoriyasında saxlandığı məlumdur.
Qaldı su daşqından sonra hara gedib, bu bir az qəliz məsələdir, haqq üçünə etiraf etməliyik. Çünki biz özümüz də neçə illərdir Bakıya Kürdən, Ceyranbatandan, Oğuzdan, Qəbələdən, Amazondan, Nildən, Xuanxe çaylarından onlarla su kəməri çəkmişik, hər il “Azərsu”ya dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan, Dünya Bankından, Misir fironu 1-ci Amenhotepin xəzinəsindən, Bill Geytsin xeyriyyə fondundan və sairə saysız-hesabsız mənbələrdən vəsait ayrılır, ancaq paytaxtımızın su problemi həll olunub qurtarmır. Yəni, alimlər sayğac qoyub Bakının girəcəyində baxırlar ki, misal üçün, şəhərə saniyədə 50 kubmetr su girdi, camaatın içməyi, dəstəmazı, moykası, çimməyi-zadı bunun 10 kubunu apardı, qalanı bəs hara getdi, bax bunu öyrənmək mümkün deyildir.
Bəs Nuhun oğlu hansı mobil operatordan zəng edibdir, bunu ehtimal edə bilərik ki, “Baksel” olmuşdur. Xidmətin keyfiyyəti Nuh dövründəki kimidir indi də. Əslində bütün mobil operatorlarımız o cürdür. Adlarındakı “sel” sonluğu güman edirik həmin Nuh daşqınına işarədir.
Sonda uca millətə demək istərdim, uşağı göndərin Naxçıvanda oxusun.