Mediada hər kəsin Türkiyənin Suriyada apardığı Afrin əməliyyatından, ABŞ-ın, Rusiyanın, İranın bu əməliyyata münasibətinə dair yazdığına baxmayın, bu saat orda-burda, xeyirdə-şərdə ən çox müzakirə olunan məsələ boş qalan yüksək postlara kimin təyin olunacağıdır.
Heç demə, təkcə təhsil naziri postu boş deyilmiş, başqaları da varmış. Məsələn, Lənkəran Dövlət Universitetinin və Azərbaycan Texniki Universitetinin rektoru vəzifələri boş imiş. Elə Ali Attestasiya Komissiyasının sədri vəzifəsi də xeyli vaxtdır, oxumuş adamlar demişkən, vakantdır.
Bəs Təhsil İnstitutunun direktoru vəzifəsinə, eləcə də DTX Akademiyasının rəisi postuna niyə heç kim təyin edilmir? Yəqin ki, vaxtı var, hələ müzakirə gedir.
Göründüyü kimi, bu təkcə təhsil sferasına aid olan boş vəzifələrdir. Hətta buraya bu günlərdə vergilər nazirinin müavini vəzifəsinə transfer edilmiş Mətin Eynullayevin keçmiş vəzifəsini də aid etmək olar. Güman ki, yeni təhsil naziri işə öz yeni müavini ilə birlikdə başlayacaq.
Mütləq kimsə tapılacaq ki, deyəcək, ona qalsa, baş nazir (yeni variantda – Baş Nazir) vəzifəsi də boşdur. Yox, söhbət rəsmən boş qalmış vəzifələrdən gedir. O cür boşluqları nəzərə alsaq, onda gərək hesab edək ki, parlamentdə 125 yerin ən azı 50-si boşdur. Parlamentin plenar və komitə iclaslarında dinmirlər, danışmırlar, layihə hazırlamırlar, təklif vermirlər, seçicilərinin yaralı barmağına ilk tibbi yardım göstərmirlər, hətta son vaxtlar quşlayacaqlarından qorxub mətbuatın sualına cavab da vermirlər. Ta boşluq necə olur ki?
Amma bu, bizim işimiz deyil. Onlar bilər, seçici bilər. Qoy öz münasibətlərini ayırd eləsinlər. Bildiyimə görə, ölkə seçicilərinin yarıdan çoxu onları parlamentdə kimin təmsil etdiyini bilmir. Şəxsən mən özüm neçə vaxtdır qəsəbəmizdən kimin deputat seçildiyini öyrənməyə çalışıram, amma hələ, türkün sözü, olumlu cavab almamışam. Deyirlər, seçki vaxtı kimsə seçildi, amma nə onda, nə də sonra gəlib-getmədi, adı da yadımızdan çıxıb.
Xüləs, söhbət boş qalan vəzifələrdən gedir.
Hazırda əsas məsələ o boş vəzifələri kimlərin tutacağına dair düzgün proqnoz verməkdir. İndiyədək heç kəsin proqnozu düz çıxmayıb. Bir ara hətta təhsil naziri vəzifəsinə təyin olunan adamın ad-soyadını da çəkmişdilər. Saytlar adamın nəsil şəcərəsindən yazmış, tərcümeyi-halını vermişdilər (hərçənd o avtobioqrafiyada 18 yaşda XİN-də mühüm vəzifədə çalışmaq kimi bir sətir də vardı, o müəmmaya açıqlıq gətirilmədi). Amma xəbər təsdiqlənmədi.
Beləcə, görün neçə aydır, təhsil naziri vəzifəsi boşdur. Düzdür, bu vakansiyanın “dərsə gedən bir uşağ”a heç bir istisi-soyuğu yoxdur, amma təhsil ictimaiyyəti, eləcə də xalqımız bu qədər intizarda saxlanılmağa tab eləmir. Hamının fikrində bir şüar var: “Təyin edilsin nazir, bitsin bu işgəncə!”
Hələ görün bu post pullu nazirliklərdə boş olsaydı, ictimai həyəcan və ümumxalq əndişəsi nə boyda olardı. İndi yenə kimsə deyəcək ki, heç Təhsil Nazirliyi də kasıb idarə deyil. Yox, ortada müqayisə məsələsi var. Ölkədə elə nazirliklər var ki, orada hər axşam toplanılan pulu özüboşaldan maşınlara elevatorla yükləyirlər, onların yanında Təhsil Nazirliyi Xalça Muzeyi kimi bir şeydir.
Bəs xalqımız niyə bu məsələ ilə bağlı bu qədər həssasdır? Axı o vəzifəyə cəmi bir adam təyin olunacaq. İzahı var. Birincisi, hamı istəyir ki, istənilən nazir vəzifəsinə təyin olunacaq tək adam onun yaxını (rayonlusu, qohumu, dost-tanışı, keçmiş iş yoldaşı, hətta xalasının ərinin tələbə yoldaşı, qayınatasının qardaşının əsgərlik dostu) olsun. İkincisi, tək adamın nazir postuna təyin edilməsilə məsələ bitmir, o təyinatın ardınca yüzlərlə başqa təyinatlar da olur, iyerarxiya pillələrində duranların çoxu dəyişir. O pillələrdə gözü olanların həyəcanlanması təbii deyilmi?
İmtahan üçün, sabah hansısa sayt, yaxud da bir feysbuk istifadəçisi götürüb izləyicilərinə belə bir sual ünvanlasın: “Sizcə, yeni təhsil naziri kim olsa yaxşı olar?”
Bax, siz o zaman suala verilən cavablardakı rəngarəngliyi, yazılan şərhlərdəki şövqü, ehtirası, hiddəti görərsiniz.