Sensasion xəbərdirmi? Bəli. Dövlət Təhlükəsizliyi Xidməti hər gün bu boyda mütəşəkkil dəstəni ifşa edib yaxalamır.
Görünməmiş cinayətdirmi? Əsla. Bu kimi əməllər bu ölkədə hər gün, daha geniş miqyasda törədilir.
Sıradan bir cinayət xəbərinin sensasionallığı ondadır ki, bu dəfə belə bir “pulqazanma əməliyyatı” keçirənlər ifşa olunublar.
Bax, bu gözlənilməzdir. Hiss olunur ki, yaxalananlar da həbs olunacaqlarını gözləmirmişlər.
Yoxsa onlar indiyə qədər ölkədən hissə-hissə 81 milyon dollar, 5 milyard rus rublu, 249 min avro (rəqəmlər cüzi şəkildə yuvarlaqlaşdırılıb) nağd şəkildə çıxarıblar və onlara bir söz deyən olmayıb.
Belə anlaşılır ki, bu adamlar qorxusuz-ürküsüz şəkildə xaricə valyuta daşımaq işinə baxırmışlar.
İndi əsas məsələ onların bu “məmulatı” (dolları, avronu və rublu) hansı anbardan götürmələrini araşdırıb tapmaqdır.
Təbii ki, bu şəxslər o boyda pulu kimlərdənsə alıb aparıb kimlərəsə verirmişlər, yaxud da hansısa hesaba yatırırmışlar.
Bu, adi, sadə cinayət növü deyil, yüksək mənsəbli, zəngin insanların mənafeyinə uyğun olaraq həyata keçirilən cinayətdir.
Təbii ki, ölkədən valyuta daşınması sırf iqtisadi səciyyəli cinayət olsa da, ümumilikdə dövlətin təhlükəsizliyi ilə bağlı məsələdir, onun iqtisadi dayaqlarını sarsıda biləcək əməldir.
Sovet dönəmində bu kimi cinayətlərin cəzası ağır idi. Bu işlə hətta diletant səviyyədə məşğul olan, sırf bir az pul-para qazanmaq məqsədi güdən şəxsləri “valyuta alverçisi” kimi mühakimə edib sərt şəkildə cəzalandırırdılar.
Bir də var söhbət milyonlardan gedə. Bu dəfə miqdar ölçüyəgəlməz dərəcədə böyükdür.
Həm də bu, son illərdə ölkədən çıxarılmış milyardların heç 0, 000001 faizi də deyil. Toplamda 81 milyon nədir ki?
Son 10 ildə ölkədən ən azı 50 milyard dollar pulun çıxarıldığı, dünyanın ən nüfuzlu banklarındakı hesablara yatırıldığı, yaxud da bahalı mülklər, müəssisələrin alınmasına xərcləndiyi iddia olunur və o iddialar bir qədər şişirdilmiş ola bilərsə də, əsassız sayılmaz.
Bunun əyanı sübutu qalmaqallı məhkəmə proseslərində (“Beynəlxalq Bank işi”, “Rabitə işi”, “MTN işi”) ortaya çıxdı.
Bəlli oldu ki, ölkənin sərvətini talayan, dövlətin büdcəsini dağıdan, xalqın cibini soyan hər bir imkanlı adamın bir ayağı xaricdə olub, oğurluq varidatının mühüm bir hissəsini xaricə daşıyıb.
Bu, o deməkdir ki, onlar ictimai yerlərdə, mediada nə qədər dövlətçilikdən danışsalar da, sadəcə, riyakarlıq edirlər, nə dövlətçilik veclərinədir, nə də xalqın gün-güzəranı. Bura onlar üçün sərvət qazandıqları qara yurddur, “sezon yeridir”.
Adamları maraqlandıran yalnız öz var-dövlətçilikləridir. Onlar sadəcə mənimsədikləri milyonları qoruyub züryətlərinə necə ötürəcəklərini düşünürlər.
Bu cür şəxslərin bu gündən sabaha etibarları yoxdur, anlayırlar ki, ifşa olunan, məhşər ayağına çəkilən nazirlərin, komitə sədrlərinin, digər sabiq vəzifəlilərin aqibəti onları da gözləyə bilər.
Əslində bu, texniki məsələdir. O var-dövlətin “qazanılmasında”, daha dəqiqi, çırpışdırılmasında mühüm rol oynayan, oğrulara şərait yaradan yüksək mənsəbli şəxs (nazir, komitə sədri, xidmət rəisi və s.) işdən azad olunan kimi, bu cür vəzifəli oğruların qara günü başlayır. Onları zəhmli idarələrə çağırıb haqq-hesab (hər mənada) tələb edirlər.
Son nəticədə bu cür şəxslər illərlə “zəhmət çəkib” oğurladıqlarının mühüm bir hissəsini itirməli olur. Onların bu ölkədə saxladıqları varidatın (istər daşınmaz mal-mülk olsun, istərsə də kapital yığımının başqa formaları) böyük bir qismi əllərindən alınır, xaricdəki varidatlarına isə təhlükə yaranmır.
Bu adamları “xaricə güvənmə”yə vadar edən başlıca səbəb budur.
Belə görünür ki, hələ DTX bu istiqamətdə səylə işləməlidir, xarici ölkələrdə böyük ölçüdə malı-mülkü olan şəxslərin tam siyahısını hazırlamalıdır və onları ifşa etməlidir. Bu ölkəni talayıb, var-dövlətini xaricə axıdanlara güzəşt olmamalıdır.
Yoxsa 81 milyon nədir ki? Yerli oliqarxlar bu açıqlanan rəqəmə mühəqqəq gülüblər.
Bəs narahat olublarmı? Mütləq. Çünki bilmirlər, bu, çox şeyi aparacaq bir seldirmi, yoxsa bir hədəfə tuşlanmış təzyiqli sudurmu.