“Özün özünü dərk et”
(Sokrat)
Xəbər lentində başlıq gördüm: “Həkim özü özünü əməliyyat etmişdir”. Foto-video da vardı, doğrusu açıb baxmağa həvəs olmadı, ancaq gözümün ucuyla gördüm ki, həkim qardaşımız rahatca uzanıb əməliyyat masasına, bir əlində güzgü ilə qarnına baxır, o biri əliylə də kəsib-tikir, ya nəsə başqa iş görür – mənim tibb elmindən savadım Səyavuş Novruzovun kvant fizikasından bilikləri qədər ola, ya olmaya.
Sevindirici haldır. Həkimin özünün öz qarnını cırmağını deyirəm. Biz qabaqlar belə şeyləri Amerika kinolarında-zadda görmüşdük. Qəhrəman, misal üçün, Rembo müəllim dağda, meşədə yağı düşmənləri əsir-yesir günə qoyurdu, ancaq bir yaramazın gülləsi qayadan-filandan çovuyub bunun qoluna dəyirdi. Rembo iynə-sap götürüb yaranı kamal-ədəblə tikirdi. Bu zaman ağrını azaltmaq üçün ağzına odun parçası soxulmalı, dezinfeksiya üçün də mütləq yaraya viski tökülməlidir. Viski olmasa patronun barıtını boşaldıb yaranın içində yandırırdılar. Hollivud aktyorları belə böyüyürlər, bəs nə sanmışdınız? Bizdə də vaxtilə Rasim Balayev aslanla güləşəndə qabağına kimsə çıxa bilmirdi, elə ki, Ayaz Salayev onu “Yarasa” filmində sındırıb yastıqla qucaqlaşdırdı, vəssalam, bununla xarizma əldən getdi. Nəticədə Rasim müəllim sədri Rüstəm müəllimi beş qəpiyə baqaja qoydu, üstəlik, pensiyasının azlığından şikayətləndi.
Sözümün canı odur ki, gərək biz mətin, cəsur olaq. Bizim Qarabağ boyda dərdimiz vardır. Hər bir kəs o həkim yoldaşdan örnək almalıdır. Misal üçün, qəzetçilər özləri yazıb özləri oxusunlar. Rəssamlar ancaq avtoportret çəksinlər, camaatı bezdirməsinlər. Qəssablar eşşək ətini özləri kabab eləsinlər. Müəllimlər öyrətdikləri uşaqların işlədiyi obyektlərə üz tutsunlar. Əsgərlər… Nəsə, ta bu hissəsi hərbi sirdir, uzağa getməyə ehtiyac yoxdur, qəzeti ermənilər oxuyarlar.
Eyni zamanda, həkimin özünü əməliyyat etməsini həkim yoldaşlarına, bütövlükdə səhiyyə sistemimizə etibarsızlıqla da bağlamaq olar, ancaq bu cür bağlantı bizə qətiyyən yaraşmır. Bu cür fikirə (bəlkə fikrə yazmalıydım, ancaq son vaxtlar dili o qədər qatıb-qarışdırdılar, heç bilmirsən nə düzdü, nə isə artıq yanlışdır) düşdüyüm üçün durub özümə təpik vurdum, inandığınız haqqı. Səhiyyəmiz son illərdə o qədər inkişaf edib ki, hətta müxalifət liderlərini 3 günə sağaldıb evə göndərirlər! Sonra bəzi ağzıgöyçək Qərb qurumları mızıldanır, guya bizdə avtoritar rejimdir. Qardaşım, avtoritar rejimdə müxalifət liderini timsahın qabağına atardılar! Ürəyinə stend qoymaq nədir, ciyərini çıxarardılar. Ermənistan boşalır, sözarası bunu da biləsiniz.
Ancaq bəzi ünsürlər hələ də dövlətimizin səviyyəsinə uyğunlaşmaqda çətinlik çəkir, müvəqqəti çətinliklərdən bəzən təxribat qayırırlar. Srağagün onlardan bir qrupu Xırdalan şəhəri tərəfdə avtomobil yolunu bağlamış, əhalinin istirahət, səfər hüququnu pozmuşdular. Deyirlər “AAF-park” adlı tikinti kompleksindən ev almışıq, ancaq evə istilik, qaz, su, işıq gəlmir, problem xirtdəyə qədərdir.
İlk növbədə, adam gərək ev alanda şirkətin adına baxsın. AAF – Ağır Atletika Federasiyası deməkdir. Bu evləri tikən qardaşımız nəsə o federasiyada vəzifə tutur. Ağır həyata hazır olmalı idiniz. İndi sən ştanqist olmaq məqsədi ilə mənzil almısansa, soyuğa, qaranlığa dözməlisən. Bunlar məşq prosesinin tərkib hissəsidir. Adam var, qışın günü dənizdə çimir. Hələ özü öz qarnını yaranı demirəm. (Deyəsən bayaq yazdım amma).
Doğrudur, bizdə yüngül atletika federasiyasından da ev alsan külək əsəndə uçub getmək ehtimalı vardır. Misal üçün, “Yüksəliş” adında bir tikinti şirkətimizin adı son illər ancaq alçaq işlərdən çıxmaqdadır. Dələduzluq, fırıldaq, nə bilim nələr. Bu mənada dil faktoruna çox aludə olmaq məsləhət görülmür.
Ən yaxşısı odur evi özün tikəsən. Suyunu Oğuzdan, qazını Şahdənizdən, işığını Mingəçevirdən ayrıca liniya ilə çəkib gətirəsən. Sonra yaşa özün üçün, kim sənə mane olur? Həkim qardaşımız kimi yaşa. Elə ona görə də həkimlər heç vaxt etiraz üçün yol bağlamağa çıxmırlar. Əksinə, camaat görəndə həkimin maşını gəlir, yol verir.