Prezident Ərdoğan iddiaları yerə-göyə sığmayan mənfur qonşulara yenə arxivləri açmağı təklif edib. Deyib ki, “qondarma soyqırımı araşdırmaq üçün arxivləri açmağı təklif etdik, amma indiyədək təklifimizi qəbul etmədilər, qarşımıza çıxmağa cəsarətləri çatmadı”.
Çünki xain xoflu olar, yalançı şahidləri sevər. Türkiyə erməni iddialarına son qoymaqdan ötrü çoxdandır ortaq, mötəbər beynəlxalq komissiya yaratmağı da təklif edir. Çifayda, erməni bundan da imtina edir. Nədəni bəlli: o halda əsassız soyqırım iddiaları siyasi qlafından çıxıb, tarixi mahiyyət daşımış olacaq. Təsadüfi deyil ki, uydurma genosidi tanıyan 10-15 ölkənin hamısı tarixi faktları yox, sırf özlərinin siyasi maraqlarını əsas götürüb.
Tarix isə siyasət, yalan-palan sevmir. Necə var, elə də qəbul olunmağı xoşlayır. Əlahəzrət fakt, tarixi dəlil-sübut yaman şeydir. Bəzən bir fakt az qala, bir hökm gücündə olur – o ki ola cəmi 100 il öncəki sərt, danılmaz gerçəkliklər…
Gələk indi özümüzə. O gün politoloq Zərdüşt Əlizadə vaxtilə prezident Əbülfəz Elçibəyə KQB arxivlərinin açılması üçün müraciət etdiyini demişdi. Lakin eks-prezident buna razı olmayıb, səbəbini Elçibəy belə izah edib ki, arxivlər açılsa, ölkədə vətəndaş müharibəsi başlayar.
Güman ki, Elçibəy də məsələyə tarixi yox, siyasi prizmadan yanaşmalı olub. Hansı daxili səs onu belə bir qərara sövq edib, artıq sirr olaraq onun özü ilə o dünyaya gedib. Ancaq bununla Z.Əlizadənin iddiaları da müəyyən qədər haqq qazanmış olub. O mənada ki, əgər qaranlıqlara işıq salınmırsa, obıvatel “iki ürəkli” qalır – elə də düşünə bilər, belə də.
“Arxivləri açmaq olmaz” fikri isə ən azı, mübahisəlidir, bizcə. Ona görə ki, həqiqət nə qədər acı olsa belə, onu qəbul eləmək hamının borcudur. Mədəni insanlar, sivil cəmiyyətlər belə edir. Öz keçmişini öyrənir, nəticə çıxarır, nəinki üsyana, qırğına qalxır, vətəndaş müharibəsinə girir.
Bir də ki, nə vətəndaş müharibəsi? Azərbaycana olan olub da. Ərazimizin 20%-i erməni işğalı altındadır. Onsuz da müharibə vəziyyətindəyik. İslanmışın yağışdan nə qorxusu? Ötən il “MTN işi”ndə bəzi adlar açıqlandı. Dünya dağıldımı, ya bəlkə dövlətin dayaqları sarsıldı?
Arxivlərin açılması acı həbə bənzər: zəqqum da olsa, çox vaxt o, xəstəliyin yeganə dərmanına çevrilir. İndi KQB arxivləri də. Cəmiyyəti canlı, lakin xəstə orqanizmə oxşatsaq, bəlkə məhz elə həmin arxivlərin açılması ilə Azərbaycan toplumu xeyli gümrahlaşacaq? Heç olmasa, bilinərdi ki, kimin əli kimin cibindən çıxır. Heç kim də heç kimdən quşqulu qalmazdı. Ən önəmlisi, cəmiyyətin daxilən təmizlənməsi, saflanması, “ballastlardan” qurtulması baş verə, ictimai səviyyədə ibrət dərsi götürülərdi.
Aydındır ki, satqın və şpionların ifşa olunması bənzər hərəkətlərin təkrarlanmaması üçün ən effektli yoldur və cəmiyyətdə belə hallara qarşı yaxşı immunitet yaradacaq. Bu, indiyədək kimlərinsə, hətta xalqa müqəddəs kimi təqdim edilən “kumirlərin”, bəzi nadürüstlərin maskalarının yırtılmasının yaradacağı məyusluqdan qat-qat önəmlidir. Nə bilmək olar, bəlkə onların bəziləri və ya siyasi törəmələri hələ də aramızda öz çirkin işlərini davam etdirir.
Ötən ilin yayında cəbhə xəttində ermənilərə işləyən azərbaycanlı xainlərin saxlanması xəbəri yayıldı. Bəlkə də KQB arxivləri vaxtında açılsaydı, belə hallar olmazdı. Sözsüz ki, milli-azadlıq hərəkatının sıralarında da satqınlar olub, 20 Yanvar qanlı olaylarının yaşanmasında da onların məxsusi “xidmətləri”ndən gen-bol istifadə edilib. İstisna deyil ki, onların varisləri hələ də aramızda gəzir, hətta orduda, cəbhə bölgəsindədir.
Ən nəhayət, öz şərəfsiz keçmişinə görə xəcalət hissi keçirməyən, əksinə, bu gün də millətə mənəviyyat dərsi keçənlər necə bu millətin kumiri, önündə gedəni ola, ona örnək sayıla bilər ki?
Arxivlər açılsın! Əleyhinə olan varmı?