ABŞ prezidenti Donald Tramp CNN jurnalistini Ağ Evdəki mətbuat konfransından qovub. Səbəb jurnalistin ona miqrantlarla bağlı məlum təhqiramiz fikrini xatırladaraq sual verməsi olub. Bu da sizə söz azadlığına Amerika sayağı sayğı, dözümlülük.
Trampın bu davranışını onun ekzotik davranış tərzinə bağlayıb üstündən keçmək də olardı. Ancaq o, “demokratiyanın beşiyi” iddiasında olan bir dövlətin başçısıdır! Amerika seçicilərinin yarısının seçib etimad bəslədiyi, fikir müxtəlifliyinə hamıdan çox, nümunəvi dözüm göstəməli olan şəxsdir!
ABŞ şəksiz ki, ən əvvəl daxili siyasi plüralizm, digər demokratik dəyərlər və təməl insan haqlarına sayğı sayəsində bu səviyyəyə çatıb, dünyada hörmət-izzət yiyəsi olub; böyük iqtisadi uğurlara nail olub. Lakin indi onun prezidenti bir jurnalistin sualından dilxor olub onu qovursa, o zaman bu, ən azından, “demokratiya beşiyi”nə “çiş” eləməkdir.
Söz düşmüşkən, Vaşinqtonda mənzillənən insan haqları təşkilatı – “Freedom House” dünya üzrə insan haqlarının vəziyyətinə dair açıqladığı son hesabatda Türkiyə ilk dəfə olaraq “qeyri-azad ölkələr” qrupuna salınıb (Azərbaycan da eyni qrupdadır). Qonşu Ermənistan və Gürcüstan isə “qismən azad” ölkələr sırasında yer alıb.
İşə bax indi, 1 milyon azərbaycanlının təməl haqqını kobud şəkildə pozub öz yurd yerdlərindən qovan, qonşu ölkə ərazisində etnik təmizləmə aparan, üstəlik, işğalçı Rusiyanın bölgədəki əsas hərbi qalası (forpostu) olan Ermənistan sən demə, Türkiyə kimi 95 illik azad seçki ənənəsinə malik, ana müxalifəti sərbəst şəkildə telelefirdən istifadə edən, istədiyi vaxt kütləvi aksiyalar keçirən qos-qoca dövlətdən demokratik imiş, insan haqlarına daha böyük dəyər verirmiş. Hələ biz dövlət terrorizmi siyasəti aparan Ermənistanda seçkilərin mütəmadi şəkildə saxlaşdırıldığını və indiyədək keçirilən seçkilərin heç birinin legitim sayılmadığını, Serj Sərkisyanın özünün isə hakimiyyətə 8 nümayişçini güllələməklə gəldiyini (1 mart 2008) demirik.
Ermənistanda hakimiyyət bir dəfə də olsun seçki yolu ilə dəyişməyib (demokratik idarəçiliyin əsas şərti). 1998-fə Levon Ter-Petrosyanı aşıran “Qaraba klanı” bu günədək hakimiyyətdədir, apreldə isə S.Sərkisyan baş nazirliyə sıçrayıb rejimin ömrünü uzatmağa hazırlaşır. 1999-cu ilin oktyabrında Ermənistan parlamenti gülləbaran edilib. Spiker, baş nazir, bir neçə deputat öldürülüb, izi Rusiyaya aparan terror olayının təşkilatçısı isə hələ də tapılmayıb. Ümumiyyətlə, Rusiyanın koloniyası demokratik ola bilərmi?
Türkiyədə isə dəfələrlə iqtidarlar azad seçki yolu ilə dəyişib, yenə dəyişəcək. İndi deyin, “Freedom House”nin belə bölgüsündən siyasət iyi, xristian təəssübkeşliyi qoxusu, islamofibiya “ətiri”, nə bilim, türkofobiya rayihəsi gəlir, gəlmir?
Ritorik suallardır təbii ki. Düzdü, hesabatda 2017-ci il ərzində ABŞ-da demokratiya sahəsində axsama olduğu deyilir. Anaq bizdən, Türkiyədən ötrü bu, təsəlli sayıla bilməz. Xüsusən də məkrli dairələrin “Freedom House” kimi təşkilatların əli ilə qardaş ölkəni nüfuzdan salıb “izqoy dövlətlər” sırasına itələmək, ona “demokratiya” tələsi qurmaq, bununla da hansısa sanksiyalar üçün zəmin hazırlamaq, cəhdləri aşkardır.
Nə yazıq ki, dünyamız ədalətsiz dünyadır və çox vaxt onun yazılmamamış qanunları yazılmış qanunlarından (məsələn, BMT nizamnaməsi və qətnamələri) daha keçərlidir. Yoxsa ki, öz qonşusunun ərazisinin 20%-ni işğal altında saxlayan bir ölkə – Ermənistan ərazisini işğal elədiyi ölkədən necə demokratik ola bilər? Bəlkə təzə termin – “demokratik işğalçı” anlayışı icad edilib, xəbərimiz yox…
Absurdun ən yekəsi isə köklü azərbaycanlı əhalinin qovulub çıxarıldığı, etnik təmizləmə aparılmış Dağlıq Qarabağın da hesabatda “qismən azad bölgə” (insan haqları baxımından) kimi göstərilməsidir. Bu da sizə qiyamətin daha bir əlaməti…