O gün bizim yaşı 40-ı adlamış gənc əməkdaşlardan biri burun-boğaz-qulaq nahiyəsində nəsə bir nasazlıq hiss edərək varıb gedib həkim yanına.
Belə adamlar var, ən xırda nasazlıq hiss edən kimi mütəxəssisə müraciət edirlər. Düzü budur. Yoxsa oktyabrda xəstələnəndə, “qoy havalar düzəlsin, özümü həkimə göstərərəm” deyə düşünmək olmaz. Çünki arada 6 ay var.
Xüləs, əməkdaşımız, son illərdəki ritorika ilə desək, uzman doktor yanına yollanıb ki, nasazlığı aradan qaldırsın. Bu da vacibdir, gərək hər sahənin özünün mütəxəssisinin yanına gedəsən. Şəxsən özüm elə deyiləm. Ədalət adlı həkim dostum var, baş ağrısına görə də ona zəng vururam, böyrəyimdə daş tərpənəndə də. Doktor da, maşallah, uşaq sünnət eləməkdən tutmuş ta kardioloji problemlərə qədər hər cür tibbi məsləhətlər verə bilir, ancaq onun bir yaxşı sözü də var, qəliz tibbi problem olanda deyir, “bir uzman taparıq”.
Əslində “uzman doktor” yanına getmək bir az da prestij məsələsidir. Bundan qabaqkı vaxtlarda “mənə qlavvarç özü baxdı”, “həkimim professor adamdır” kimi ifadələrin yerini indi belə cümlələr alıb: “Elə-belə həkim deyil, 5 (3, 7 və s.) il Türkiyədə uzmanlıq dərsi alıb”; “Moskvada akademik Qırışmalın tələbəsi olub” və s.
Maşallah, hazırda bütün sahələr üzrə uzman doktorlarımız çoxdur. Gerçəkdən də onların arasında çox qabiliyyətli, qanacaqlı, savadlı, bilikli adamlar var.
İntəhası, savadlı, qanacaqlı olmaları hələ o demək deyil ki, onlar azərbaycanlı olduqlarını unudub, manqurt-filan olublar. Əsla! Uzman doktorlarımız da soy-kökünə bağlı insanlardır, buralıdırlar, bilirlər ki, əgər bir qohum, dost, qonşu və sair bu qəbildən olan doğma pasientlər qəfildən, zəngsiz-filansız müayinəyə gəliblərsə, o zaman növbədə gözləməməlidirlər, dərhal içəri keçməlidirlər.
Əməkdaşımızın başına məhz bu vaqiə gəlib. O, hövsələ və təmkinlə düz bir saat uzman doktorun qəbulunda oturaraq növbəsini gözlədiyi zaman qəfildən həkimin bir dostu-tanışı gəlib çıxıb. Nurlan (soyadı lazım deyil) doktor da onun pişvazına çıxıb, öz simsar adamını hörmət-izzətlə qarşılayıb, kabinetinə aparanda əməkdaşımız dözməyib, deyib, “növbə deyilən bir şey var axı”.
Bu yerdə uzman doktorun da azərbaycanlı damarı yoğunlayıb, şüurunda milli özünüdərk prosesi gedib, üst-üstə oxuduğu 20 ilə yaxın təhsil proqramını, Hippokartın andını qoyub qırağa, təxminən deyib ki, kefim belə istəyir, xoşun gəlmir, xoş getdin.
Bax, bu da milli xidmət xüsusiyyətlərimizin bir hissəsidir. Bizdə belədir: qohumdur, dostdur, tanışdır, işləri düşübsə, yanına gəliblərsə, başqalarından fərqli rəftar görməlidirlər. Ən ümdəsi odur ki, bəzən qohumlar heç uzmana pul da vermir, ya da az verir, xətirə müayinə olunub gedirlər. Növbəsinə girilən adam isə həm daha çox pul verir, həm də daha çox vaxt itirir, üstəlik demaqoqluq edibsə, mısmırıqlı sifət görür. Allah kəssin belə müalicəni ki, həkimlə startda dalaşacaqsan.
Bəli, əməkdaşımız qalxıb, uzman doktorun qəbuluna düşmək üçün ödədiyi pulu geri alıb və gedib başqa həkim axtarmağa.
Əlbəttə, doktor İsayev (adını çəkməyək) bilsəydi ki, bu xırda hadisəyə görə reputasiyası necə zərbə alacaq, elə şey eləməzdi. Amma bu, kov deyil. Həmişə elə hərəkət eləmək lazımdır ki, ad-sana xələl gəlməsin. Heç Hippokarata və ya həzrət Abbasa and içməyə də ehtiyac yoxdur, sadəcə, ayrı-seçkilik etməyəcəksən, məsələ bitəcək.
Ona qalsa, biz də dost-tanış olan, qohumluğu çatan həkimlərin yanına gedirik. Görürük, qəbulunda adam var, oturub gözləyirik. Hətta bir-iki dəfə elə olub ki, həkim qardaşlığımız bizi növbəsiz müayinə etmək istəyib, gözləyənlərə deyib ki, bunun işi çox deyil, eləcə resept yazıb yola salacam. Demişik, elə şey yoxdur, doktor, camaat gözləyir, biz öz növbəmizdə girərik.
Bu cür olmalıdır. Yoxsa hamı hər dəqiqə hər yerdə yerlibazlıq, qohumbazlıq, dostbazlıq edəcəksə, biz millət olaraq sahildəki balıqqulağı səviyyəsindən yuxarı qalxa bilməyəcəyik.