Загрузка...

Son illərin ən aktual suallarından biri müəllimlər arasında yaranıb. Daha dəqiqi, gənc müəllimlər. Bu sual elə sualdır ki, hərdən mübahisələrə yol açıb.

Mən müəlliməm, harada işləyim? “Harada işləyim?” sualını verənlərin bir çoxu təklif olunan yerlərdə işləmək istəməyənlərdir. Niyə? O məktəblər rayon, şəhər mərkəzlərindən uzaqdadır, paytaxtda deyil. Bəzən təyinat verildiyi halda belə, gənc xanım mütəxəssislərlə yanaşı, kişilər də təklifdən imtina edir. Yəni hamı asanını və rahatını istəyir. Bu da başqa bir sual yaradır. Axı hamını paytaxta, rayon, şəhər mərkəzlərinə necə yerləşdirilsin? Onda rayon, kənd məktəblərində, uzaq kəndlərimizdə kim çalışıb, müəllimlik edəcək? Kim oxutsun gələcək nəsilləri? Kim öyrətsin? Kim bizə insan formalaşdırmaq, vətəndaş yetişdirməkdə dəstək olsun? Ağır olduğu qədər məsuliyyətli suallardır. Bir də çox gəncdən etinasız bir reaksiya görür adam bəzən, “niyə mən etməliyəm… Niyə mən getməliyəm?!” Adama sakitcə bir sual verərlər. A bala, ay oğul, ay qızım, axı kim eləsin?.. Kim getsin bəs?!.. Sizi ona görə yetişdiriblər ki, siz də kimisə yetişdirə, formalaşdırasınız. Bizim biz, dövlət olmağımıza dəstək verəsiniz. Hələlik alınmır. Bizimki indilik mərkəzə qaçışdır. Maraqlı olanısa budur ki, elə rayon və kəndlərdə yetişib formalaşan insanlar da şəhərə qaçır…

Amma hələ də ümid var ki, hər şey yaxşı olacaq. Bir qədər də optimist və israrlı olsaq, belə demək də mümkündür: Əslində, hər şeyin yaxşı olmaqdan başqa heç bir yolu yoxdur.

Məsələn, Lənkəranın Gəgiran kənd məktəbinin tarix müəllimi Həbib Əlizadə kimi gənc pedaqoq bunu çoxdan anlayıb. O üzdən işləri həm alınır, həm də diqqət çəkir. Gənc müəllim tarixi fənnini şagirdlərinə sevdirmək üçün müasirlikdən bəhrələnir. Yəqin ki, tarix fənninin xronologiyasını rep halına salan müəllimin apardığı dərsin videoyazısına çoxunuz baxmısınız. Baxmayanlar da baxsın. Adamın lap uşaqlara qoşulmağı gəlir. Bu müəllim istəsə əlinə diplomunu alan kimi işləməyə də bilərdi. Ya da repetitorluq fəaliyyəti ilə məşğul olardı. Bu da mümkün idi ki, Lənkəranın şəhər mərkəzindəki məktəblərdən birinə işə düzələrdi. Adamın seçimi kənd olub. 3200 nəfərlik Gəgiran kəndi, şəhər mərkəzindən 40 kilometr aralıda həm də.

Cilov adası məktəbində öz istəyi ilə ingilis dilini tədris edən Aysel Səmədova da var. Onun da metodologiyası fərqlidir. Uşaqlar dərs prosesində tam müstəqildirlər. Hətta keçilən dərsə aid olmayan, amma maraq doğuran sulları verib, cavab almaq imkanları var. Bu qız Cilov adasında yaşamır. Bakının mərkəzindən demək olar ki, hər gün ora-gedib gəlir.

Bir də bu günlərdə xarici mətbuatın diqqət mərkəzində olan Gülşən Yolçubəyli var. Əslən qəbələli olan bu xanım-müəllim Quba şəhərinin ucqar Zeyid kənd məktəbində dərs deyir. Çox kiçik kənddir. Təxminən 150 nəfərlik. Demək olar hamı bir-birini tanıyır. Gənc qız indi ucqar kəndə işləsə də, zamanında yaxınları ali təhsil almasını belə istəməyib. Ən maraqlısı budur ki, gənc müəllim təkcə ədəbiyyat fənnini tədris etmir. O həm də ucqarlarda problem olan məsələlərdən, məsələn, erkən nigaha cəlb olunmadan danışır. Uşaqları, xüsusən qızları, ail təhsilə daha meyilli olmağa dəvət edir. Öz həyatından epizolar danışır tez-tez.

Daha maraqlı bir detal. Təhsil Nazirliyi H2 sistemi üzrə, yəni rayon mərkəzlərindən 20 km artıq məsafədə yerləşən kəndlərdə dərs deyən müəllimlərə yaşamaq üçün əlavə pul ödəyir. Gülşən müəllim də o ödənişi alır. Amma kənddə kirayə qaldığı ev sahibləri ondan ev haqqı almır. Uşaqlarına savad verən adama dəstək olurlar. Yəni müəllimə münasibət, dəyər, hələ də elə əvvəlki kimidir. Sadəcə, biz niyəsə o münasibəti görmək istəməyənlərdən olmuşuq. Qubaya zeyidlilər “aşağı” deyirlər, çünki kənd dəniz səviyyəsindən 2236 metr hündürlükdədir. Yəni şərt şəhər mərkəzi deyil. Müəllim olmaq istəyən lazım gəlsə dəniz səviyyəsindən 2236 metr hündürlüyə qalxıb, aşağıda qalan ailəsini yola gətirməyi də bacarar.

Bir az da öz peşəmi deyim, jurnalistikanı. Bu peşədə sevə-sevə gördüyüm iş reportyor işidir, bir də müsahibə janrı. Bəzən iradlar eşidirəm. “O müsahib uşaqdır, sən niyə onun qarşısında durmalısan ki?!” Ya da deyirlər, “sən niyə reportaj işləməlisən ki?!”… Gülüb keçirəm, mənasız sual, yersiz iddiadır. Peşəm jurnalisikadırsa, bu peşəni sevib, seçmişəmsə, bütün yaş kateqoriyasından insanlarla həmsöhbət olacağam. Lazım gəlsə məndən on-on beş yaş kiçik biri ilə danışdırmaq üçün günlərlə, həm də israrla mübarizə aparacağam. Seçdiyin peşə də sevdiyin insan kimidir. Onu harada, hansı yolla olur-olsun tapacaq, sevdiyini deyəcək, qazanacaqsan. Bunun üçün son dərəcə israrlı olacaqsan.
O ki qaldı müəllimlik peşəsinə. Ya da bu peşəni seçənlərin paytaxt, mərkəzi şəhərlərdə işləmək həvəsinə, israrına və tələbinə. Əslində, məsələnin mahiyyəti bəllidir. Üzdə hər şey daha yaxşı görünsün, bəsdir. Dibdə, yəni ucqarlarda kimdir gəlib bizə baxan. Hər peşə sahibinin işinə münasibəti bu olduğundan bir xeyli sahə üzrə görüləcək işlər çoxdur.

Bir də məsələnin başqa tərəfi var, bu da peşəyə sevgidir. Görünən mənzərədən müəllif olaraq anladığım reallıq bu ki, təhsil sahəsində adına problem dediyimiz xeyli şeyi əslində peşədən tramplin kimi istifadə etmək istəyənlər yaradır.Bu əslində bütün peşələrin baş bəlasıdır. Müəllimlikdən söhbə gedirsə və sən gerçəkdən müəllim olmaq istəyirsənsə, harada istəsən olacaqsan. Gözəl mütəxəssis olsan, nə əla… Yəni mütləq səni ən ucqarda da görüb, tanıyıb, hörmətlə yuxarı başa keçirəcəklər. Təbii ki, bunun olmasında həm də böyük zəhmətin, israrın, tələb etmək bacarığın, bir də peşənə dəlicəsinə sevgin olmalıdır. Yəni kim olursan ol, seçdiyin peşəni sev, seç. Sevmirsənsə, seçib problem yaşama, yaşatma!..