Загрузка...

Publika.az tanınmış şair Murad Köhnəqalanın həyat yoldaşı, yazar Şəlalə Göytürklə müsahibəni təqdim edir.

– Şəlalə xanım, mətbuatda ara-sıra imzanıza rast gəlmişəm. Sizi necə təqdim edək?

– Yazar demək olar.

– Nə yazırsınız ki?

– Ümumən 2011-ci ildən mətbuatda çap olunuram. Hətta lap əvvələ getsək, mətbuatda ilk yazım 2007-cı ildə, orta məktəbin 10-cu sinfində oxuyarkən dərc olunub. “Azadlıq” qəzetində təhsil naziri Misir Mərdanovu tənqid etmişdim, bu yazının ətrafında rayon təhsil şöbəsində, oxuduğum məktəbdə bir xeyli qalmaqal da olmuşdu. 2012-cil ildən bu tərəfə kult.az, kulis.az, qafqazinfo.az, lent.az və milli.az saytlarında vaxtaşırı şeirlərim, publisistik yazılarım və yarımçıq bir romanım çap olunub. 2015-ci ildə Murad Köhnəqala ilə birlikdə professor Nizami Cəfərovun türk dili və türk xalqlarının tarixi barədə araşdırmalarından bəhs edən “Nizami Cəfərovla türk dünyasına səyahət” adlı ilk kitabım işıq üzü görüb.

– Vəssalam?

– Daha sonra “Bilik fondu”nun maliyyələşdirdiyi “Azərbaycan almanları” layihəsinin həmmüəliflərindən biriyəm. O layihə çərçivəsində Göygöl rayonunda yaşamış almanların gördüyü işlər, inşa etdikləri binalar, tarixi memarlıq abidələri, şəxsi təsərüffatlar, müxtəlif tarixi dönəmlərdə buraya sürgün edilmiş, əsir düşmüş almaların qəbirləri və s. araşdıraraq silsilə yazılar yazdıq. Məqsədimiz bütün Qərb bölgəsində alman izlərini araşdırmaq, alman ailələri ilə dostluq etmiş yaşlı insanları tapmaq, xatirələri, sənədləri toplamaq idi. Təəssüflər olsun ki, “Bilik Fondu” yalnız bircə rayonu – Göygöl (Helenendorf) ərazisini araşdırmağa vəsait ayırdı. Yeri gəlmişkən, həmin təşkilatla əməkdaşlıq müqaviləsini Murad Köhnəqala təkbaşına bağlamışdı, yazıları isə demək olar ki, mən yazırdım.

İlk iş yerim olduqca yaradıcı və səmimi mühiti olan indiki “ARB Şimal”, o vaxtı “RTV” kanalı olub. 2012-ci ildə publika.az saytında redaktor kimi çalışmışam. Sonralar bir müddət “Qanun” nəşriyyatı ilə də əməkdaşlıq etdim. “RTV” də öncə “Xəbər vaxtı” proqramında müxbir, sonra isə televiziyanın baş koordinatoru vəzifəsində çalışmışam. O zaman iyirmi yaşım vardı, çılğın və üsyankar idim. O vaxtkı şeirlərimdə allahla dalaşırdım, indi onlara baxanda gülməyim tutur.

– Deyirsiniz ki, o zaman çılğın və üsyankar idim. İndi də gəncsiniz, qocalmamısınız, bəs üsyankarlığınızı necə itirdiniz?

– Əslində “itirdim” deməzdim. Sadəcə, yaş artdıqca təbii olaraq, emosiyalar öz yerini ağıla verir. Yəni iyirmi yaşdakı düşüncə və hərəkətlərimin demək olar ki, hamısında ağıl az iştirak edib. Zaman keçdikcə anladım ki, problemlər hay-küylə yox, təmkinlə, soyuq ağılla həll olunur. Boynuma almalıyam ki, ağıllanma prosesi məndə çox ləng gedir, amma bunun özü də ziddiyyətli məsələdi. Çörçillin məşhur deyimi var, söyləyir ki, 20 yaşında inqilabçı olmayanın ürəyi, 40 yaşında inqilab etməyənin ağlı yoxdu… Ümumiyyətlə, hər yaş dövrünün öz istəkləri, öz diktəsi olur. Məsələn, metal rokun təsiri altında fərqli makiyaj edib, tikanlı qolçaqlar, dəmir-dümür, skelet sırğalar taxıb universitetə gedirdim. Bütün bunlar universitetdəki boz mühitə, passiv tələbəliyə etiraz idi.

Peşman olmuşam, ayrılma həddinə də gəlib çıxmışıq - Murad Köhnəqalanın həyat yoldaşı

– Maraqlıdı, bir kənd qızı necə metalist oldu?

– Bilmirəm, nədənsə, orta məktəbi bitirib, universitetə daxil olmaq, universiteti bitirdikdən sonra ailə qurmaq, hər şeyin bu qədər nizamlı, planlı düzülüşü mənə darıxdırıcı, mənasız görünürdü. Daxilən təlatümlü adamam. Ola bilsin, oxuduğum kitabların təsiri də yan ötüşməyib. Məsələn, məşhur Amerika yazıçısı Drayzerin “Dahi” romanını orta məktəbin altıncı sinifdə oxumuşam. Yeri gəlmişkən, mətni sürətlə oxumağı bacarıram. Ortahəcmli bir romanı bir neçə saat ərzində oxuyub bitirirəm. Kitab qədər insan xarakterinə təsir edən, onun taleyini dəyişən ikinci bir qüvvə bəlkə də yoxdu.

Rok musiqisi ilə tanışlıq isə daxilimdəki mütləq azadlıq ehtiyacını qarşılamağa kömək etdi. Mənəvi böhran keçirən vaxtlarımda “Metallica” dinləyirəm, güclənmək, enerji yığmaq istəyəndə “Rammstein”ə qulaq asıram. “Linkin Park” hər cür əhval-ruhiyyə ilə gedir. Pessimizmi də, üsyanı da, varoluşçuluğu da maksimumdu. Mənə elə gəlir, qulaqcığında “Rammstein” səslənən adam heç vaxt intihar eləməz. Siyasi baxışımız üst-üstə düşməsə də, rokçuluq üçün həddən artıq ağıl nümayiş etdirsələr də, bu alman qrupunu sevirəm. Fikrimcə, musiqi janrları içərisində fəlsəfəyə, psixologiyaya ən yaxın olanı rok musiqisidir.

– Fəlsəfəyə yaxın olmaq şərtdi?

– Bəli, şərtdi. Məşhur aforizmi dekonstruksiya eləsək, bu suala belə cavab verə bilərik: Sən fəlsəfə ilə məşğul olmasan, fəlsəfə özü səninlə məşğul olacaq.
Söhbət ciddi fəlsəfədən gedir. Düzdü, bəzən bizdə fəlsəfəni boşboğazlıqla qarışdırırlar, amma elə deyil. Fəlsəfə coğrafi məkan kimi şərti olaraq, iki hissəyə ayrılır. Şərq-Qərb.

Şərq daha çox ilahiyyatçılıqla məşğuldu, Qərb isə fəlsəfəçiliklə. Real həyat, real dünya, real insan – Qərb fəlsəfəsinin əsas obyekti budur. Teosentrik düşüncədən (allahmərkəzçilik) qurtula bilməyən Şərq dünyası isə hələ də nə məişətdə, nə də ictimai həyatda Adəmlə Həvvanın nağılından bu tərəfə keçə bilmir. Bu səbəbdən Şərq aləmində nə musiqidə, nə ədəbiyyatda, nə də elmdə heç bir irəliləyiş, yenilik müşahidə etmirik. Şərq ictimai-siyasi fikri min illərdi ədalətli şah axtarır, hələ də tapmayıb. İngiltərədə isə 1265-ci ildə parlament qurulmuşdu.

Avropa dövlətləri bütün dünyanın həsəd apardığı hazırkı siyasi-sosial sistemi göydən enən vəhy əsasında qurmayıb. Xırda bir inkişaf yüzlərlə elmi, siyasi, sosial nəzəriyyələrin, vuruşan fəlsəfi cərəyanların, məktəblərin, institutların, şəxsiyyətlərin fəaliyyəti nəticəsində əmələ gəlir. Avropada siyasi və ictimai həyatda inqilabi sıçrayış effekti doğuran Lokk nəzəriyyəsini tətbiq etmək yetər ki, fərdin məişətindən tutmuş, dövlətin idarəetmə prinsiplərinə, sosial mühitə qədər hər şey mükəmməl tənzimlənsin. Sözsüz ki, bütün bunlar kütləvi-ictimai şüurun hansı səviyyəyə qədər gəlişməsindən asılıdı. Hazırlıqsız, kor-koranə kütlənin əlində sərhədsiz demokratiya qədər qorxulu bir şey ola bilməz. Lakin maarifləndirmə yolu ilə insanları hətta Marsa köçməyə də hazırlamaq olar.

– Şəlalə xanım, bir az da şəxsi məsələlərdən danışaq. Həyat yoldaşınız Murad Köhnəqala sizdən yaşca çox böyükdür. Yəni ayrı-ayrı nəslə mənsub adamlarsınız. Sizi nə birləşdirdi?

– Elə bayaqdan danışdıqlarım haradasa bu suala cavab ola bilər. Siz özünüz də Muradı yaxşı tanıyırsız. Təxminən, oğlu yaşındasınız, amma onunla ünsiyyətdə olanda bu məsafəni hiss eləmirsiniz. Eləcə də mən bu yaş fərqini duymuram. Yəni bu adamda ağsaqqallıq ədası, yaşlılıq kompleksi yoxdu. Hərdən mənə elə gəlir ki, zaman yaşlanmaq məsələsini Muradın öz ixtiyarına buraxıb. İstəyəndə uşaqlaşır, istəyəndə cavanlaşır, istəyəndə qocalır…

Bizi çox şey birləşdirir. Oxşar düşüncələr, həyat tərzi, musiqi zövqü, ədəbi estetika, ruhi azadlıq. Bəzən olur ki, bir məsələ haqda eyni fikri ikimiz də xorla deyirik. Fikirlərimizin bu qədər üst-üstə düşməyi özümüzə də maraqlı gəlir. Ona görə də ikilikdə heç vaxt darıxmırıq.

– Murad özü bir dəfə demişdi ki, mən yorulanda saytlara köşə yazılarımı Şəlalə yazır. Siz bir-birinizin içinə bu qədər necə daxil olmusunuz ki, hətta bir-birinizin əvəzinə yazılar da yazırsınız?

– Bu fikir qismən təhrif olunub. Mən Muradın əvəzinə köşə yazısı yazmamışam. Ancaq olub ki, Murad stressli və ya yorğun vaxtlarında davam etdirə bilmədiyi yazını mənim üstümə atıb ki, bunu tamamla, yaxud redaktə elə. Amma araşdırma yazılarını əsasən mən işləmişəm. Bayaq qeyd etdiyim Azərbaycan almanlarını, lent.az saytında gedən “Dəli dahilər” layihəsinin bəzi yazılarını yazmışam. Qaldı ki, biri-birimizin içinə bu qədər daxil olmağa, bəli, bunu düzgün tapmısız.

– Muradın birinci ailəsindən olan övladlarına – Mustafaya və Zeynəbə münasibətin necədir?

– Onlara doğma adamım, mənəvi övladım kimi yanaşıram. Mustafa ilə Zeynəb olduqca ağıllı, savadlı, istedadlı uşaqlardı. Düşünürəm ki, Murad kimi istiqanlı, onları sevən ataları olduğu üçün həm də xoşbəxtdirlər. Mustafa artıq bizə – kiçik qardaşını görməyə gəlir. Onların bir yerdə oynamağını izləmək çox xoşdu.

– Şəlalə xanım, valideynləriniz hansı sənət sahibləridi?

– Atam sovet dövründə müxtəlif vəzifələrdə çalışıb, jurnalistika fəaliyyəti ilə də məşğul olub. Həm də şeirlər yazıb, ədəbi cameənin tanınmış imzaları ilə dostluq edib. Hüseyn Arif, Kələntər Kələntərli, Musa Ələkbərli, Vidadi Məmmədov, Nəriman Həsənzadə, Vaqif Nəsib, Şəmistan Nəzirli kimi qələm adamları ilə yaxın münasibəti olub. Vaqif müəllimlə görüşəndə həmişə atamı soruşur. Anam isə kənd kitabxanasının müdiri işləyib, bu yaxında pensiyaya çıxdı. Mərhum dayım Əliağa Yasinzadə SSRİ-nin tanınmış hərbi jurnalistlərindən biri idi. Brejnev çıxışlarının birində onu bütün maneə və çətinliklərə baxmayaraq, İkinci Dünya Müharibəsində əsir və itkin düşən azərbaycanlıların izlərini araşdıran “fədakar jurnalist” adlandırıb. Yəni belə bir ailədə, yaradıcı mühitdə böyümüşəm.

– Vaildeynləriniz Murad Köhnəqala ailə qurmağınıza necə yanaşdılar?

– Bu haqda kifayət qədər danışmışıq. Bəli, ailəmdə narazılıq var idi. Bu evliliyi əsasən, anam istəmirdi. Atam, bacım, qardaşım məni yaxşı tanıdıqları üçün üstümə getmədilər. Bilirdilər ki, dediyimdən dönən deyiləm. Həm də mən seçim azadlığını, insanın yetkinlik yaşında öz taleyini özünün həll etmə sərbəstliyini, mənim üçün maddiyyatın, mentalitetin, yaşın və digər sosial şərtlərin əhəmiyyətsizliyini əsas gətirib öz qərarımı müdafiə eləyə bildim. Sonunda onların da razılaşmaqdan başqa çarəsi qalmadı. Hər halda məni başa düşdüklərinə görə çox sağ olsunlar.

Peşman olmuşam, ayrılma həddinə də gəlib çıxmışıq - Murad Köhnəqalanın həyat yoldaşı

– Məhz bu sevgiyə görə sonradan heç peşman olduğunuz vaxtlar olub?

– Dəfələrlə. Dava-dalaşlarımız, qırğınlarımız çox olub. Çamadanımı yığıb, ayrılıb getmişəm. Sonradan hər ikimiz günahımızı etiraf edib barışmışıq. Yəni sevgi, dostluq, anlaşmaq, hamısı öz yerində, dalaşmaq lazım olanda da dalaşmışıq. Bir sözlə, “xeyri” özgəsinə verməmişik.

Belə baxanda dünyada fərd olaraq hamı tənhadı. Adamlar dostlaşır, sevişir, danışır, tanışır, bunların hamısı tənhalıq paylaşmadı, təklik bölüşmədi. Biri-birinin kimsəsizliyinə şərik olmaq, biri-birində həll olmaqdı. Mənə elə gəlir ki, biz daim bir yerdə olmalıyıq.

– Sizcə, ailə münaqişələrində boşanma çıxış yoludurmu?

– Boşanma nəinki çıxış yoludu, hətta bəzi məqamlarda yeganə düzgün, atılası vacib addımdı. Əlbəttə, məsələnin iqtisadi, mental, hüquqi, sosial, mənəvi, əxlaqi, nə bilim, yüz cür tərəfi var. Bütün bu tərəflər, cəhətlər, məşəqqətlər öz dözülməz ağırlığı ilə Şərq insanının belindədi. Şərqdə evlənmək də problemdi, evlənməmək də, boşanmaq da zülmdü, boşanmamaq da.

Sivil dünyada isə biri-birini sevən iki insan evlənmək arzusundadırlarsa, evlənirlər, ayrılmaq qərarı verirlərsə, ayrılırlar. Bu məsələlərin hər biri, iki nəfər yetkin şəxsin öz iradəsi və istəyi əsasında, qarşılıqlı anlaşma yolu ilə həll olunur. Hay-küy qoparmadan sakitcə nikaha daxil olmaq və lazım gələndə sakitcə nikahdan çıxmaq. Heç bir kişi arvadını baltalamır, heç bir arvad ərini uşaqla şantaj eləmir. Hər kəs öz həyatını yaşayır. Hər şey bu qədər sadədi. Bu mədəniyyət hələ bizə gəlib çatmayıb. Azərbaycan tipik Şərq ölkəsi sayılmasa da, bilirik ki, burda Avropa dəyərlərindən daha çox Şərq mentaliteti, məişəti hökm sürür. Dediyimiz problemlərin də əksəriyyəti bundan qaynaqlanır.

– Nə üçün bizdə boşanmalar az qala faciə səviyyəsində qəbul olunur?

– Ən ciddi səbəblərdən biri qadının iqtisadi cəhətdən azad olmamasıdır. Bütün patriarxal cəmiyyətlərdə olduğu kimi bizdə də qadın kişinin “çörəyini yeyir” və ikinci dərəcəli şəxs sayılır. Adətən, mentalitet, qohum-əqrəba, namus-qeyrət təpkisindən küncə sıxışdırılmış qadının yetəri qədər savadı, bacarığı, özgüvəni olmur ki, təkbaşına yaşamaq, işləmək, arxasınca deyilənlərə məhəl qoymamaq, özünü inkişaf etdirmək yolu tutsun. Bu mənada ailədə qadının hüququ lap əvvəldən kobudcasına pozulur. Böyük ekzistensialist filosof Simona de Bovuarın söylədiyi kimi: “qadın doğulmur, qadın olunur”. Yəni insana cinsi əlamətinə görə sonradan ayrı-seçkilik yapılır. Bir xalqın ki, dilində “gəlin getdiyin evdən meyidin çıxacaq” – kimi zərbi-məsəl ola, bu şəraitdə hansı qadın hüququndan danışmaq olar? Bizdə qadın azad deyil, hər tərəfdən kişi hökmranlığı altındadı. Uşaqkən ata, yeniyetməlikdə qardaş, əmioğlu, ərə getdikdən sonra ər, oğul böyüdükdən sonra oğul onun taleyini, həyatını idarə edir. Kişisiz qadına cəmiyyətdə aşağılayıcı tonda baxış var, qadınlarımızı ən çox ürküdən, zülmə dözməyə vadar edib, boşanmaqdan çəkindirən hallardan biri budur.

Yeri gəlmişkən, qoy bunu da deyim, bizim qadınların ən böyük problemi, dünyagörüşün məhdudiyyəti, bilik üfüqlərinin teleserial çərçivəsini aşmamasıdı. “Feysbuk”da məşhur qadınlar səhifəsi var. Həmin səhifəyə nəzər salmaq kifayətdir ki, əksər xanımlarımızın intellektinə, dünyagörüşünə bələd olasan. Adam dəhşətə gəlir, nanotexnologiya dövrünün qadını internetə girib baxıcı axtarır, cin çıxartdırır, dua yazdırır.

Təbii, bizdə etika ilə, anlayışla ayrılanlar da var. Bir dəfə kulis.az saytında Vaqif Səmədoğlunun qızının müsahibəsini oxumuşdum, jurnalist israrla sual verir ki, sizin valideynləriniz hansı səbəbdən ayrıldılar? Xanım çox gözəl bir cavab verdi. Dedi ki, bilirsinizmi, elə bir vaxt gəlir, iki insan anlayır ki, onlar artıq bir yerdə yaşaya bilmir… Çox tutarlı cümlədi. Həqiqətən elə bir zaman gələ bilər ki, nə vaxtsa uğrunda canından keçdiyin adamdan belə ayrılmaq qərarı verə bilərsən. Bu da təbii, normal bir hadisədi.

– Məsələn, elə bir zaman gələ bilərmi, siz də anlayasınız ki, Murad Köhnəqala ilə bir yerdə yaşaya bilmirsiniz və ayrılasınız?

– Biz biri-birimizin xarakterini tam öyrənənə kimi, yəni daşlar yerinə oturana qədər çoxlu dava-dalaşımız, ziddiyyətlərimiz olub. Ayrılma həddinə də gəlib çıxmışıq, iddialarımızın yumşalması üçün müvəqqəti aralanmışıq da. Bəlli zaman keçib, sular durulduqdan sonra ayrılığın heç birimizin xeyrinə olmadığını düşünüb yenidən birləşmişik. Ürəyimdə onun məni geri qaytarmağını istəsəm də, qürurumu əzdirməyib çamadanımı yığıb getmişəm. Dediyinə görə, o da məni geri qaytarmağı çox istəyib, amma eqosu bəzən, buna imkan verməyib. Ümumiyyətlə, belə şeylər planlaşdırılmır. Hər şey necə olmalıdırsa, elə də olur. Biz situasiyanı idarə eləmirdik, hər şeyi təbii halına özbaşına buraxmışdıq.

– Murad Köhnəqala çağdaş ədəbiyyatımızın məşhur simalarından biridi. Amma bir çoxlarının dediyinə görə, istedadlı olduğu qədər də dözülməz adamdı. Bəs siz ona necə dözürsünüz?

– Murad Köhnəqala haqqında elə düşünənlərin özləri dözülməzdi. Həmin adamlarla bir məclisdə on dəqiqə oturanda yeknəsəqlikdən, səmimiyyətsizlikdən, mənasızlıqdan adamın bağrı partlayır. Tanıyanlar bilir ki, Murad nə qədər fərqli, maraqlı, səmimi, qeyri-adi insandı. Murad olan yerdə darıxmaq mümkün deyil. O, bütün gözlənilməz jestləri ilə bozluğu, monotonluğu, passivliyi dağıdan insandı. Təbii ki, düşüncəsi də geyimi kimi ütülü, səliqəli, qalstuklu şəxslər onu sevməyəcək. Murad yumorlu, şən olduğu qədər də dərin adamdı. Ümumiyyətlə, faciəni dərindən duymayan, satira yaza bilməz. Bunlar yeraltı axınlar kimi əlaqəlidir.

– Onunla ailə quranda fikirləşmədiniz ki, iki uşaq atasıdır, bəlkə bir müddət sonra keçmiş həyat yoldaşı ilə barışar, sizi atar, onunla yaşamağa davam edərlər…

– Muradla tanışlığımızdan ta indiyə qədər mən onun keçmiş ailəsinə münasibətinə, onlarla bağlı verdiyi qərarlara heç zaman müdaxilə eləməmişəm. Hər şeyi o, özü bildiyi kimi həll edib. Qaldı sualınıza, deyim ki, heç vaxt münasibətlərimizin boynuna əbədiyyət yükü qoymamışam. Məndən bezib keçmiş həyat yoldaşı ilə barışa da bilər, yaxud başqa bir qadınla ilişki də qura bilər, zərurət olarsa, ondan da ayrılıb başqası ilə də sevgi yaşayar. Belə olan halda müharibə açmağı yox, sakitcə ayrılmağı təqdir edirəm. “Birinə “sevirəm” dedinsə, ömürlük onun əzablarına dözməlisən” – deyə bir qanun yoxdu. İnsanın iradəsini zorlamaq olmaz. Amma mənə elə gəlir ki, daha bizim ayrılmaq şansımız yoxdu.

– Sonda… Maraqlıdı, nə üçün haradasa işləmirsiniz?

– Mən heç vaxt işsiz qalmamışam. Amur dünyaya gələnə qədər fasilələrlə də olsa işləmişəm. Qonarar müqabilində saytlara yazılar yazmışam. İndi oğlum yaş yarımlıqdı. Onu bağçaya qoyandan sonra işləmək niyyətim var. Şəhriyar demiş, son dərəcə dərhal iş tapmalıyam, hər şeydən əvvəl ona görə ki, evdarlıq məni sıxır. İkincisi də maddi baxımdan buna ehtiyac var.

Kəramət Böyükçöl