Загрузка...

“Alt şalvardan imtina elədi, xırıltılı bağırtıyla etirazını bildirdi: ”Növbəyə durun, qancıq balaları, növbəyə!”. Geyindirdik. Corabları böyük gəldi”.

(Bulqakov, “İt ürəyi”)

Yenə də orfoqrafiya qaydaları aktualdır. Heç gündəmdən düşmür. Təbii yanaşmalıyıq. Misal üçün, ingilislər bəzi səsləri üç dənə hərflə yazırlar, o dərəcədə bərbad əlifbaları vardır. Kiminsə vecinədirmi? Yox. Bizim dildə isə qaydalara uyğun yazıb-pozmaq, ümumiyyətlə orfoqrafiyanın kamilliyi çox önəmlidir. Çünki biz dünya lideriyik, bütün Qafqazın şeyxiyik, Avrasiyanın körpüsüyük, planetin multikulturistiyik, kainatın da kosmos idarəsiyik. (Axırıncını axırda yazaram, yoxsa bura havadan girmədi). Azərbaycan dilində düzgün yazmasan kompüter serverləri çalışmaz, hətta bəlkə nüvə raketləri öz-özünə işə düşüb cahanı kullən-kuf edər. Əstəgfürillah. Ya da firillah – dədiq bilmirəm. Ərəbcədir, kimə lazımdır ki?

Orfoqrafiya Nazirliyindən gələn təzə fərmanda çox maraqlıdır ki, iki sözün başı ağrıyıbdır: əsgər və alqı-satqı. Deyir indən belə bunları əskər və alğı satqı yazmalıyıq. Məncə burada qəhrəman ordumuzu alver predmetinə çevirmək cəhdləri görünməkdədir. Nəsə erməni barmağı vardır. Yoxsa niyə bu iki sözü yanaşı qoyublar? Ayıb olsun.

Başqa müsbət yeniliklərdən Rüşvət, Qohumbazlıq, İşgəncə, Oğurluq, Qanunsuzluq, Ofşor və Şirkət sözlərinin böyük hərflə yazılmasının vacibliyi, xalq, millət, vətən, ədalət, insaf, vicdan, qeyrət sözlərinin isə mikroskopik yazılması qərarını məmnuniyyətlə qeyd eləyə bilərik. Yəni, ikincilər indiyəcən kiçik hərflə də olsa yazılırdı və insanlar oxuyub dilxor olurdular. Daha qanunla nanohərflər şəklində yazılacaqlar. Misal üçün, “insan hüquqları” ifadəsini oxumaq sənə-mənə-ona-bizə çoxmu vacibdir? Bu bizim nəyimizə lazımdır? Hökumət özü oxuyur, bəsimizdir. Mikroskop hökumətin əlində olacaqdır. Biz zəhmətkeşlər isə hansısa mətndə boşluq görəndə orada hansı yaxşı sözün olmasını zənn etməliyik. Fəhmlə tapmalıyıq. Yeri gəlmişkən, ərəb əlifbasında elə təxminən bu cürdür. Samitləri yazırlar, saitləri özün tapmalısan. Füzulinin bu temada şeirləri də vardır:

“Qələm olsun əli ol katibi-bədtəhririn

Ki, fəsadi-rəqəmi sözümüzü şur eylər.

Gah bir hərf süqutilə qılur nadiri nar,

Gah bir nöqtə qüsurilə gözü kur eylər”.

Hərçənd, yaxşı olar bu təzə qanunları camaata başa salmağı da polisə tapşıraq. Ver serjantın əlinə dubinkanı, orfoqrafiyanı millətin əlinə döyə-döyə öyrətsin. Bizim bu işdə ən yaxşı öyrətmənimiz hüquq-mühafizə orqanları olacaqdır. Məncə Dövlət Orfoqrafiya Nazirliyinə (DON) silah daşımaq hüququ da verilməlidir.

Bu arada başımız düzgün yazmağa qarışdı, ciddi bir struktur islahatı diqqətdən qıraqda qaldı. Nazirlər Kabineti “Azərkosmos” idarəsini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyindən çıxarıb müstəqilliyini elan etmişdir. Məncə olduqca mühüm, uğurlu addımdır. Çünki kosmosun fəthini, göydə şırımlar açan raketlərimizin taleyini korrupsioner imicli bir idarəyə tapşırmaq düzgün deyildi. Yada salın köhnə rabitəçiləri. Çekistlərlə əlbir olub ona-buna qanunsuz qulaq asırdılar, xərcləri şişirdib dövlət əmlakını talayırdılar, bəzən reketlik edirdilər. Kim bilir, bəlkə də o çağlar bizim kosmos idarəmiz də marsiançiklərin özəl həyatı haqda gizli kasetlər çəkib başqa planetlərdə satırdı. Yadplanetliləri şantaj edib çirkli vəsaitlər qazanırdılar. Ar olsun. Təki vətən yaşasın!

İndi söz əlaqədar… Yeri gəlmişkən, idarədən xahiş edirəm, buna da bir əncam çəksin və mümkünsə “əlaqədar” sözünü lüğətimizdən rədd etsin. Həm dilimizin ahəng qanununa uyğun olmayan yabançı sözdür, həm də artıqdır. Özünüz baxın: “İndi söz təşkilatlarındır”. Necə gözəl səslənir. Əlaqədar yazmağın mənası varmı? Onsuz da millət gözəl anlayır ki, təşkilat varsa o, mütləq əlaqədar olur.