Загрузка...

“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Rasim Bağırov dindirilib.

Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini təsdiqləyib. O bildirib ki, video görüntülərlə şantaj edilərək 7300 manat pulunu alıblar: “Bu pulları hissə-hissə Habil Vəliyevə vermişəm. 3 dəfə özü ilə görüşmüşəm”.

Rasim Bağırov qeyd edib ki, dəymiş zərər ödənilib: “Heç bir şikayətim, tələbim yoxdur”.

Fuad Məmmədov da zərərçəkmiş şəxs qismində tanınıb. O bildirib ki, Habil Vəliyev onun barəsində qəzetdə yazıb: “Barəmdə rüsvayedici, əxlaqsız şeylər yazmışdı. 2 min manat pulu Surxay Əliyevə verdim ki, Habilə çatdırsın”.

Zərərçəkmiş şəxs Habil Vəliyevlə barışıq əldə etdiyini deyib: “Pulum ödənilib. Heç bir şikayət və tələbim yoxdur”.

Daha sonra zərərçəkmiş şəxs qismində Xəyyam Həsənov da dindirilib. O qeyd edib ki, çalışdırdığı obyektlərlə bağlı, Habil Vəliyev qəzetində yazı yazdırıb: “Əhmədli də obyektim vardı. Yazılar gedirdi. Adam tapdım ki, bu yazıların qarşısını alım. Bir nəfər tapdım, 2 min manat göndərdim. Habil Vəliyevin üzünü görməmişəm, nə də danışmamışam. Pulu göndərəndən sonra yazılar dayandı”.

Zərərçəkmiş şəxs bildirib ki, Habil Vəliyevin bacısı oğlu dəymiş zərəri ödəyib: “Heç bir şikayətim, tələbim yoxdur. Barışıq əldə etmişik. Allah qapısını açsın”.

Qabil Hüseynov da zərərçəkmiş şəxs qismində tanınıb. O da bildirib ki, Habil Vəliyevə 43 min manat pul verib: “Obyekt işlədirdim. “Gündəlik Bakı” qəzetində yazılar yazılırdı. Barəmdə rüsvayedici məlumatlar verilirdi. Özü ilə danışdıq. Toplu və hissə-hissə şəklində ona pullar verdim. Bir neçə dəfə özünə, bir dəfə də köməkçisinə pul vermişəm. İndi zərər tam ödənilib. Şikayətim yoxdur”

Zərərçəkmiş Nofəl Musayev bildirib ki, otel işlətdiyi üçün Habil Vəliyevə 3 min manat verib: “Qəzetində oteli əxlaqsız yuvası kimi təqdim edirdi. Danışdım, yazını çıxarması üçün 3 min manat verdim. Tutulandan sonra pulu mənə geri ödədilər. Şikayətim, tələbim yoxdur”.
Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.
Cinayət işi üzrə təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru S.Əliyev və onun müavini H.Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H.Əliyevdən ayrılıb.