Загрузка...

Mərhum polkovnik-qanqster Hacı Məmmədov (torpağı sanı yaşayaq) sağ olsaydı, saytlardakı bahalı toy xəbərini görər, əcnəbi manıslara xərclənən pulları hesablayar və əlaltılarını yanına çağırar, kompüterdəki toy şəkillərini göstərib, barmağını birinin üstünə tuşlayıb deyərdi: “Bunu bir-iki həftə araşdırın, izləyin, aparın basın padvala, görək, yiyələri bizə heç olmasa Murad Boz qədər hörmət qoyurlarmı?”

General-mayor Akif Çovdarov (Allah qapısının heç olmasa bir tayını açsın) azadlıqda və iş başında olsaydı, saytlardakı bahalı toy xəbərini görər, əcnəbi manıslara xərclənən pulları hesablayar və əlaltı polkovnikləri yanına çağırar, kompüterdəki toy şəkillərini göstərib deyərdi: “Bu büsatı təşkil eləyən kişinin şəkli burda yoxdur, amma siz onun kimliyini bilirsiniz, 5-6 gündən sonra idarəyə dəvət edin, 6-cı mərtəbədəki padvala basın, dövlətçiliyə öz töhfəsini versin, biz yəni Mustafa Ceceli qədər də deyilik?”.

Adının çəkilməsini istəməyən, həvəsim və hünərim çatmadığı üçün adını çəkmədiyim idarənin rəhbəri sağ olsaydı, daha doğrusu, iş başında olsaydı, lap daha dəqiqi, sağ canıyla işinin başında olaraq cəsarət və prinsipiallıq göstərsəydi, tabeliyində olan işçilərini yanına çağırar, saytlardakı bahalı toy xəbərini göstərər, əcnəbi manıslara xərclənən pulların ümumi miqdarını onlara deyər və əlavə edərdi: “Bu bir siqnaldır. Sənədi-sübutu da yerli-yerindədir. Yəni dana bilməzlər. İndi bizim üzərimizə düşən vəzifə odur ki, bi dəbdəbənin, təmtərağın hansı maliyyə vəsaiti ilə edildiyini öyrənək, pulun qaynağını araşdıraq. Heç rəvadırmı ki, ölkənin bu boyda pul-parası aqutinlərə, bozlara yedirdilir”.

Sabiq vergilər naziri Fazil Məmmədov iş başında olsaydı, şübhəsiz ki, o da bu mövzuya biganə qalmazdı, əcnəbi manıslara gücü yetməsə də, özümüzünkülərin şəklini tabeliyindəki işçilərə göstərib deyərdi ki, bu qədər pul qazanırlar, bir çağırın, yoxlayın, görün, bunlar dövlətə vergi-zad verirlərmi.

Amma indi nə Hacı Məmmədov var, nə Akif Çovdarov işinin başındadır, nə də Fazil Məmmədov manıslardan vergi qoparmaq hayındadır. Axırıncı öz başının çarəsinə baxmaqla məşğuldur, ortadakı səhhətinin qayğısını çəkir, birinci isə xatirələrdə yaşayır.

Düzdür, atalar “müqəddəs yer boş qalmaz” deyiblər, güman ki, bahalı toy büsatının şəkillərini tabeçiliklərindəki şəxslərə göstərənlər, tapşırıq verənlər olub.

Olmayıbsa, gəncəlilər demişkən, ta heşnə.

İndi bəzi yoldaşlar yazırlar ki, yox, toya deyildiyi qədər də xərc çəkilməyib. İnanaq. Daş-qaya deyilik ki. Amma bir az da quşqulanaq ki, bəs nə qədər xərc çəkilib? Burdan-bura bizim Bilal Əliyev toya 100 min manata getdiyini deyirdi, sizcə, o boyda Murad Boz, Mustafa Ceceli Bakıya toya 1-2 minə və ya xətirə gəlirlər? Əlbəttə, yox. İmtahan üçün çağıraq, soruşaq, prodüsserinə zəng edək, “toyumuz var, Murat bey kaç para ister” deyə sual verək, görək, türkün sözü, na kadar para istəyəcəklər. Hələ bunun o tərəfdə, rus demişkən, populyarnıy pevets Aqutini var, görək, o çto skajet, a mojet, bez niçeqo oxuyacaq?

İllərdən bəridir belə söhbətlər çıxanda at kimi adamın üzünə duraraq, bir az da təhqiramiz şəkildə “başqasının pulunu saymaq kişilikdən deyil”, “işiniz-gücünüz yoxdur də, oturub başqalarının pulunu sayırsınız”, “guya sizin o qədər pulunuz olsa, elə etməzdinizmi” deyən, yazan şəxslər tapılır. Bunlar o adamlardır ki, özləri məhz elə edərdilər, pulları olsa, qoşa “Gelandevagen” alar, toylarına da Hadisə və Murad Bozu gətirib duet oxudarlar.

Ancaq ölkədə bir xeyli adam da var ki, pulları var, amma elə etmizlər, etməzlər, əcnəbi manıslara o qədər pulu havayı yerə, quru şöhrət üçün verməzlər. Hətta sizə deyim ki, güclü xəzri əsən günlərin birində bir hündür binanın başına çıxaraq 400 min dolların banderollarını cırıb havaya atmaq daha savab işdir. Bilərsən ki, bu pul minlərlə həmvətəninin cibinə getdi. Üstəlik, bu hadisə haqqında camaat yüz il danışar. Yoxsa, o boyda pulu apar ver manıslara, onlar da gedib yaxta alsınlar, civiləri göyərtəyə doldurub Bodrumdakı Tavşanlı adaya sürsünlər və böylə desinlər: “Şu azerilər var ya, çok saf, çok da zengin, bir azcıq da enayi”.