Загрузка...

Gənc yazar, jurnalist Kəramət Böyükçöl Xəlil Rza Ulutürkü aşağılayıb, təhqir edib…

Qınamadım, qınaya bilmədim. Onu dünyaya gətirən validynlərə çoxunun söyməsinə maddım-maddım baxdım. İstedadlı adamları valideyn dünyaya gətirir, onu cəmiyyət, seçdiyi peşənin peşəkarları formalaşdırıb, yetişdirir. Yəni Kəramət ata-anasından çox bizim yetişdirməmizdir, valideynlərini niyə söyürsünüz ki?!.. Biz təkcə Kəramətdən yox, onun yaşıdı olan xeyli istedadlı gəncdən vətəndaş, vətənpərvər düzəldə bilmədik. Onlar bacardıqları qədər olduları. Bizsə hər şeyi mühitin, reallığın, mümkünsüzlüyün, imkansızlığın üstünə atdıq. Əslində durum budur: O kəslər ki, Kəramətdən və yaşıdlarından vətəndaş, vətənpərvər insan formalaşdırmalı idilər, yarısı küsüb gedib, siyasi mühacirdir. Yarısı eləcə gedib, mühacir olmasa da onlar küsənlərdəndir. Burada qalanlar da eləcə susub və yenə də küsənlərdəndir. Ümumi görünən mənzərədə hamı cığal, oyunpozan və söyüşcül uşağa bənzəyir…

Ölkə isə Həsən dayının dəyirmanına oxşayır bu üzdən. Kimin əli kimin cibindədir, bilinmir. Ya da bilinir,sadəcə, kimsə səsini çıxarmağı lazım bilmir. Nəyinə lazımdır ki?! Hə, bax o nəyinə lazımdır ki, mərhələsində ortaya cənabi kəramətlər çıxır və deyir ki, “Xəlil Rzanın da, sizin də…”, nə isə, dediyi artıq bəllidir, təkrarçılıq olmasın…

Əslində o gənc qədər jurnalistikanın akademiki sayılan kəsləri də qınamaq lazım. Çünki onlar da baxıb susmaqla hamıya elə Kəramət dediyini deyir. Aşağı yuxarı bir-iki söz fərqi ola bilər. Amma dəqiq bir məqam var. Onlar özlərindən, bizdən sonra gələn nəsildən imtina ediblər, kimsəni fomalşdırmaq, yetişdimək istəmirlər. Daha böyüklərdən küsdükləri üçün. O üzdən Kəraməti yox, onu söyənləri öz adıma çiddətlə qınayıram. Biz, siz, o nəsələ Xəlil Rza(ları)nı, Təbriz(ləri)i anlatdıqmı?!.. Anlatmadıq!..

Tarixin, siyasətin müəyyən mərhələsində elə adamlar, xarakterlər yetişir ki, onları proseslər, zaman simvol, kişilik məktəbi edir. O kişilərə, kişiliyə toxunmaq kimi nakişilik var bir də. Həmin o nakişiliyə getmək olmaz. Dedikmi?! Demədik!..

Onlar belə formalaşıb, dəyərsiz, sistemsiz, həm də savadlı, bacarıqlı, amma insanlığa faydasız. Qınamayaq, öz əl işimizdir. Peşəkar, vətəndaş, dövlət olaraq.

Bu durum bir də bir sual yaradır, hər kəsə ünvanlı bir sual: Bəs sizin (bizim) kəramətimiz hara getdi?!..

Ağır sualdı, ağır da cavabı var. Amma hamı susduğuna, mən də susuram. Ustad Xəlil Rza isə rahat uyusun sevdiyi vətən torpağında. Kəramət təkcə ona deməyib dediyini, elə hamımıza deyib. Bir də biz hamımız bəlkə də elə çoxdan Kəramətik, bunu üzümüzə deyən yox idi, o özü təhqiri il bunu dedi…

…Başlanğıcda söylədim ki, öyrətməyin mümkünsüzlük, imkansızlıq bəhanəsinin üstünə gedir hər kəs. Əslində ən mümkünsüz, imknasız zamanın onlarla jurnalistindən biriyəm. Fərqi göstərmək üçün bəzi məqamlara toxunmağı da lazım bildim bu üzdən… Yəni Kəramətin və digər gənclərin niyə beə olmasını bu məqamlar aydın ortaya qoyacaq…

…Biz o illərdə jurnalistikanın şərəf məktəbini keçdik… Bəs o?!..

Biz jurnlistikanın mənəvi dəyərlərini öyrəndik… Bəs o?!..

Bizə “səni ölkə birincisi edə biləcək xəbərdən imtina eləmək lazım gələrsə, o anı görə bilməyi, diqqətli, ürəkli olmağı öyrətdilər…Bəs ona?!..

Biz vətən, millət, dövlət öyrəndik…Bəs o?!..

Bizim bütün təlükələrə baxmayaraq tabularımız yox idi…Bəs onun?!..

Biz müharibə dövrünün uşaqları olduq… Bəs o?!

Bizim uşaq əllərimiz sevgilimizdən öncə bir əsgərin qanlı yarasını tutdu, ölməsin deyə…Bəs onun?!..

Biz açlığı, vətənaş qarşıdurmasını, yaşadıq… bəs o?!..

Biz uşaq, yeniyetmə, gənc kimi itdik. İtdik ki, cəmiyyət qazansın…Bəs o?!..

Bir də biz jurnalistikaya “sevgili” olduq, dəlicəsinə sevdik…Bəs o, sevdimi?!..

İndi üzbəüz dayanan biz və o. İki fərqli mənzərə. İki fərqli dövrün yetişirdiyi adamlar. İki başqa dünya görüşü. Biz indikindən daha ehtiyaclı idik. Amma daha fədakar idik. Fədakarlarımız var idi çünki. İnsan “istehsal” edirdilər cəmiyyətə. Kəraməti qınamadım. O yaxşı “xammal” idi, istehsal edəni olmadı. O həm də bu günki jurnalistikadır. Söy ki, söyəsən…