Загрузка...

Gitara ustası Rəmiş canlı efirdə qəribə bir ifadə işlədib. Deyib ki, “kişi arvadına gül verməz”. Səbəbi açıqlamayıb. Ola bilsin, heç vaxt açıqlamayacaq da.

Deyir, nə qədər ki, söz ağızdan çıxmayıb, o, sənin qulundur, elə ki, çıxdı – sən onun qulu. Odur ki, sözləri seçmək mütləqdir. SÖZ həm də insanı xarakterizə edir. “Kişi dilinin altındadır, danışın ki, tanınasıınız” – Həzrəti Əli.

Bəlkə də bir az üstünə getsən, Rəmiş əfəndi deyəcək ki, əşi, bir zarafatdır eləmişəm. Amma gəl ki, gül dəstəsini öz xanımına o, efirdə zorla, aparıcının təkidi ilə verib. Demək, zarafat etmirmiş. Elə isə nədən içindən belə bir şey gəlsin? Gülü qadına da vermək caiz deyilsə, bəs kimə verək? Kişiyə? Yoxsa gül-çiçək yalnız qəbir üstə qoymaq üçündür?..

“Bakıda qadın kişini döydü”. Bu xəbər də eyni gündə xəbər lentlərində keçib. Rəmişin sözlərinə bir növ, haqq qazandırır. Yəni kişi döyən qadına nə gül? Gülü qadına verməklə əslində elə buna işarə edilir ki, “Sən gül kimi zərifsən, zərif qal!”

Fəqət, deyildiyi kimi, kişi tipli qadınlar da var. Belələrinin cəmiyyətdəki yeri bəlkə də xanımlıqdan çox, kişi işlərində çalışmaq olardı. Niyə də yox? Özünü kişi kimi bacarıqlı, güclü sayan qadın nədən, tutaq ki, orduda xidmət eləməsin? Bəlkə orada cəmiyyətə, dövlətə daha çox faydası dəyəcək?

Təbii ki, hər şey nisbidir. Qeyd edilənlər də bütün qadınlara və ya kişilərə şamil edilməz. Amma bir şey var ki, hərə öz təbii qlafına, Allahın seçdiyi bicimə uyğun davransa, hərəkət eləsə, yaşasa, gözəl olar. Qadınının kişini döydüyü, qadına gül verməyi qəbahət sayan cəmiyyət təbii ki, sağlam deyil, öz ilahi qlafından çıxıb və təhlükəlidir.

İlahi biçimdən kənara çıxma – həmişə eybəcər görünür, çünki qeyri-təbiidir. Qeyri-təbii isə gözəl deyil. Məsələn, əzələ şişirdən kulturist qadınlar, qadın boksçular hansı kişiyə xoş gələr? İlahi qlafdan kənara çıxmalar, sapmalar həmçinin, əcaib olmaq qədər cəmiyyətə də həqarətdir. Eyni zamanda özü-özünə zülm eləməkdir. Zira, dinimizə görə, bir şey yerində deyilsə, artıq ona zülm edilmişdir.

Şəksiz ki, demək asandır. Yaşadığımız qəliz zəmanə, dolanışıq dərdinin yaratdığı əsəb gərginlikləri eyni dərəcədə qadın və kişini hər gün psixoloji sınaqlara çəkir, onları öz ilahi qlafından çıxmağa təhrik edir. Belə məqamda zərifliyi də, kişi özəlliklərini də qorumaq asan deyil. Amma mümkündür.

Bundan ötrü əlbəttə ki, ən əvvəl yaşadığımız mühitin, ictimai münasibətlərin normal axara düşməsi şərtdir. Çirkli göldə normal balıq yetişə bilərmi? Cəmiyyət də elə. Nə qədər çox çirklənibsə, bir o qədər təbii qlafında olan qadın və kişilər orada azlıq təşkil edəcək. Tərs mütənasiblik yəni.

Təsadüfi deyil ki, inkişaf eləmiş, modern cəmiyyətlərdə Azərbaycandakı kimi cinayət halları az qeydə alınır və yaxud heç alınmır. Söhbət qadının kişini döyməsindən getmir. Ümumiyyətlə, bizdəki kimi kriminal olayların çoxluğundan, cinayətlərin hər il daha qəddar xarakter almasından gedir.

Bunları önləməkdən ötrü öncə maariflənməyə ehtiyac car. O zaman qadın nədir, kişiyə də gül vermək olar – əgər bu, onda müsbət motivasiya yaradacaq, tutaq ki, kişini hansısa bəd əməldən çəkindirəcəksə. İş də ondadır ki, varlı və ya kasıb, fərq etməz, əgər insan uzun müddət həyatdan müsbət motivasiya, zövq ala bilmirsə, bu təhlükəlidir. O səbəbə ki, özünütəcridə, depressiyaya, hətta suisidlərə aparır.

Bundan qaçmağın birinci yolu ünsiyyətdir. Sosial şəbəkədəki ünsiyyət yox, canlı ünsiyyət! Yaxud yaxşılıqlar eləmək. İslam peyğəmbərinə görə (s), bəzən adi təbəssüm belə yaxşılıqdır, sədəqədir. Əsas odur nəyləsə məşğul olasan, müsbət iş görəsən, həyatı bihudə keçirməyəsən. Çünki psixoloqlara görə, beyin eyni vaxtda iki şey haqda düşünə bilmir. Sən əgər bir bədii əsər və ya Qurani-kərimi oxuyursansa, kiməsə yaxşılıq eləməyə köklənmisənsə, artıq beyində başqa, pis fikrə yer qala bilməz.

Depressiyaya, intiharlara, tənhalıq hisslərinə qarşı ən effektli vasitə elə budur – canlı ünsiyyət, yaxşılıqlar eləmək, nə iləsə məşğul olmaq! Zira, cəmiyyətdən kənar insan xoşbəxtliyi yoxdur. Əfsus ki, bunların bir çoxunu fərd, cəmiyyət olaraq yadırğamaqdayıq.

Qərəz, pozitiv olmağa çalışaq, özümüzə zülm edənlərdən olmayaq və yerimizdə olaq!..