Bu gün Daxili İşlər Nazirliyində 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Lent.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda çıxış edən nazir, general-polkovnik Ramil Usubov 2017-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcud olduğunu bildirib, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib. Nazir yerlərdə münaqişəli ailələrin vaxtında uçota götürülməsini, barələrində zəruri profilaktik tədbirlərin keçirilməsinə nəzarətin, əvvəllər məhkum olunmuş şəxslərlə profilaktikanın, eləcə də yol hərəkətinə nəzarətin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, xüsusən güclü təsirə malik narkovasitələrin aşkarlanması işinin gücləndirilməsini, istintaq və təhqiqat aparatının cinayətkarlığa qarşı mübarizədə aparıcı rolunun, aidiyyati baş idarə və idarələr tərəfindən ərazi polis orqanlarına idarəçilik təsirinin artırılmasını tələb edib.