Türkiyə ordusu PYD terrorçularının əlindəki Afrin bölgəsini bombalamağa başlayıb. Bu ərəfədə isə ABŞ Türkiyənin cənub sərhədindəki – Suriyanın şimalındakı – PKK/PYD terrorçularının silahlandırılması işinə girişib və öz vətəndaşlarına terror təhlükəsi ilə bağlı Türkiyəyə səyahət etməmək çağırışını edib.
Ölkənin sərhədləri boyunca terrorçulara müasir silahlar ver, sonra da de ki, “təhlükəlidir, ora getməyin!”
“Türkiyəyə getməyin” çağırışını edən Dövlət Departamenti öz nümayəndə heyətini Suriyanın şimalına, PKK və PYD terrorçuları ilə görüşə göndərib. Təsəvvür edirsiz? Türkiyənin savaş elan etdiyi terrorçularla görüşə! ABŞ-ın nəzərində PKK ilə görüş daha təhlükəsizdir…
Ümumiyyətlə, Amerika rəhbərliyi son qərarları ilə bütün dünyanı öz üzərinə qaldırmaqdadır. Qüds İsrailin paytaxtı kimi tanındı, İslam dünyası ABŞ-a qarşı çıxdı. Ardınca BMT-dəki səsvermədə 128 dövlət Trampın qərarını rədd etdi. Bu günlərdə isə Afrika qitəsinin 54 ölkəsinin imzaladığı bəyanatda tələb olunur ki, Tramp “murdar ölkələrdən olan immiqrantlar” ifadəsinə görə Afrika ölkələrindən üzr istəsin.
Beləcə, ABŞ ədalətsizliyi dünyanın, eləcə də Azərbaycanın əsas müzakirə mövzularındandır. Ötən həftə ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını terrorizm təhlükəsi ilə əlaqədar Azərbaycana səyahətdə diqqətli olmağa çağırdı. Heç cür anlaşılan mövqe deyil. Rəsmi Bakının Vaşinqtona cavabı oldu. Düzdür, Bakı da Ankara kimi öz vətəndaşlarına “ABŞ-a getməyin, təhlükəlidir” xəbərdarlığı etmədi. Ancaq bəyan etdi ki, “Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın bir neçə beynəlxalq yarışlara və tədbirlərə ev sahibliyi etdiyi halda ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür”.
Əslində təəccübdən keçib. Daha ABŞ-ın Azərbaycanla bağlı mövqeyi bizi təəccübləndirmir. Vaşinqton 1992-ci ildə, Ermənistanın işğalçılığına qarşı uğurlu hərbi əməliyyatlar apardığı üçün Azərbaycana “907-ci düzəliş”lə cavab verdi. Faktiki olaraq sanksiya qərarı qəbul olundu və o qərar indiyə qədər “dondurulmuş” şəkildə saxlanılır, elə Qarabağ məsələsi kimi…
Üstündən 26 il keçəndən sonra ABŞ Azərbaycanda terror təhlükəsinin olduğunu bəyan edir. Bunun özü də sanksiya qərarıdır. Getməyin, yəni bu ölkəyə pul xərcləməyin, əlaqələr qurmayın, investisiya yatırmayın. Bunu on illərdir işğalçı Ermənistana və Dağlıq Qarabağdakı separatçılara milyonlarla dollar yardım ayıran dövlət bəyan edir. Üstəlik həmsədr ölkə olaraq…
Ədalətli olsaydı, Ağ Ev Ermənistanla bağlı xəbərdarlıq edərdi. Bəyan edərdi ki, qonşusunun ərazilərini işğalda saxlayan, Suriyadan qaçan erməni və kürd terrorçularına sığınacaq verən, onları Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirən bir ölkəyə səfər etmək risklidir.
Görün vəziyyət hansı həddə çatdı ki, Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova Azərbaycanı təhlükəli sayan Vaşinqtona cavab verdi, dəfələrlə Bakıda olduğunu, ölkəmizdə özünü rahat hiss etdiyini dedi, Azərbaycanı ABŞ-dan müdafiə etdi. Təbii ki, bu, Kremlin Azərbaycana sevgisindən irəli gəlmir, ABŞ-a nifrətindən qaynaqlanır belə yanaşma. Ötən il Zaxarovanı da yaxşıca tanıdıq.
Bu vəziyyət təəssüf doğurur. Vaşinqton ən azı Azərbaycanın antiterror koalisiyasının üzvü olduğunu, bütün təhlükələrə rəğmən ABŞ-ın yanında yer aldığını nəzərə almalı idi. Elə bu günlərdə Əfqanıstandakı sülhməramlı qüvvələrimizin sayının artırılmasına qərar verildi. Azərbaycan terrordan əziyyət çəkir, həm də terrora qarşı mübarizə aparır. Bunun əvəzində “Azərbaycana getməyin” çağırışını etmək erməni terrorizminin çörəyinə yağ sürtməkdir.
ABŞ-da azca ədalət olsaydı, işğal altındakı Talış kəndində qanunsuz tikinti-təmir işlərini maliyyələşdirən vətəndaşlarını cəzalandırardı. Talış kəndindəki tikintilərə ABŞ-ın Kaliforniya ştatının vətəndaşı olan xeyriyyəçi Andranik Baqdasaryan rəhbərlik edir. Dövlət Departamenti Baqdasaryana xəbərdarlıq etməliydi…