Sevindirici xəbərdir: “Son 3 ildə Azərbaycan nefti ilk dəfə 71 dollardan satılıb”. Hamımız bilirik ki, neftimiz iqtisadiyyatımızın fəqərə sütunudur, indilikdə o, olmasa, qəddimiz əyilər, sürüncəkli olarıq.
Son üç ildə neftimiz 70 dollardan, hətta 50 dollardan da aşağı qiymətə satılanda, şahidsiniz, iki dəfə devalvasiya oldu, 78 qəpiyə aldığımız dolları 2-3 dəfə bahasına alası olduq. Dollarla alınıb ölkəyə gətirilən əmtəələr də bahalaşdı, milli valyutamız dəyər itirdi, maaşlarımız yerində qalsa da, pulumuzun alıcılıq qabiliyyəti azaldığından xxərclərimiz artdı, güzəranımız pisləşdi.
O zaman hər kəsə bir daha əyan oldu ki, neftimiz milli valyutamızın da dirəyidir.
İndi bu neft, əsas milli sərvətimiz öz gerçək dəyərini qazanmaqdadır və bu, bizi istər-istəməz sevindirir.
Neft kimi enerjidaşıyıcının supermarketlərdə satılan mineral sulardan ucuz olması anormal hal idi. İndi güman ki, onun qiyməti artan xətt üzrə davam edəcək.
Yazının bu yerində dönüş edərək başqa istiqamətə – neftin qiymətini yenidən qaldıran səbəblərlə bağlı geniş bir söhbət də başlamaq olar. Amma qoy bunu neft birjalarındakı konyukturanıı, neft strategiyasının məziyyətlərini bilən mütəxəssislər desin.
Qısaca onu demək olar ki, bir çox neft istehlakçısı olan qüdrətli dövlətlərə nefti su qiymətinə, hətta ondan da ucuz qiymətə satan İŞİD-in neft satışı bazarının əlindən alınması, terror təşkilatının aqoniya vəziyyətinə salınması, güman ki, neftin qiymətini artıran əsas səbəblərdən biridir.
Amma biz neftinin qiymətinin normallaşması kimi bir sevindirici xəbərin kədərli məqamlarının üstünə gedək. Çünki bu, çox vacibdir. Neftin qiyməti bir daha aşağı düşməyə bilər, amma neftin tükənməsi qaçılmazdır. Bax, onda aran camaatın sevimli ifadəsi ilə desək, nə edəcəyik.
Diqqqətli və yaddaşlı oxucuların yadında olar, təxminən 2 il öncə, neftin qiymətində artım gözlənilmədiyi dönəmdə ölkəmizdə qeyri-neft sektorunun inkişafına dair qızğın söhbətlər gedirdi, layihələr hazırlanırdı, yol xəritələri düzəldilir, müvafiq sərəncamlar imzalanırdı.
Fərqli rayonlarda fərqli sahələrin inkişafına dair planlar tərib edilirdi. Üzümçülük, pambıqçılıq, heyvandarlıq, tütünçülük, ipəkçilik, meyvə-tərəvəzçilik kimi kənd təsərrüfatına aid sahələrin inkişafına, emal sənayesinin gücləndirilməsinə dair layihələr həyata keçirilirdi.
Son 25 ildə ilk dəfə mediada pambıqçılığa dair materiallar yer almağa başlamışdı. Sovet dövründə dövlət televiziyasının məşhur verilişlərindən biri olan “Heyvandarlıq zərbəçi cəbhədir” rubrikası bərpa olunmaq üzrəydi. İqtisadçılar qeyr-neft sektorunun inkişafına dair yeni-yeni layihələrlə çıxış edir, intensiv müsahibələr verirdilər.
Son 2-3 ayda neftin qiymətinin üzü yuxarı sürünən şkala ilə artması o söhbətləri xeyli səngidib. Artıq yenidən neft-qaz söhbətləri artmağa başlayıb, sanki qeyri-neft sektorunun inkişafına dair layihələr arxa plana keçib.
İndi bir çoxları, xüsusilə də irimiqyaslı işlər görən nazirliklər yəqin ki, oturub yenidən ölkəyə axacağı gözlənilən neft milyardlarının necə, 3-5 il əvvəlki kimi xərclənməsinə dair layihələr tərtib edirlər.
Düşüncə budur: bir halda ki, neftin qiyməti artır, Allah milyardları başımızdan tökür, daha pambıqçılıq, heyvandarlıq, tərəvəzçilik kimi sahələri inkişaf etdirməyin, bu işə nə qədər əmək, vəsait, enerji sərf etməyin nə mənası var, pul gələcək, xərcləyəcəyik.
3 il əvvəl neftin qiyməti ucuzlaşanda, pulumuz azalanda, devalvasiya baş verəndə bir çox israfçılar “keçən günlərimiz qayıdaydı, biz bilərdik o milyardları necə xərcləyərdik” düşüncəsinə qapılmışdılar. Budur, həmin günlərin qayıdacağına dair işartılar var və biz yenidən eyforiyaya qapılmaqdayıq, neftin qiymətinin artmasına dair xəbəri saytlarda qırmızı şriftlərlə veririk. Çünki önəmlidir, maraqlıdır, yaxşı söhbətdir.
Amma ən normalı bu olardı ki, neftin qiymətinin artması bizim məmurların qol çırmayıb həyata keçirməyə çalışdıqları bir sıra layihələrin taleyinə təsir etməyəydi.
Etibarsız dünyadır, birdən bəzi qüdrətli dövlətlər yeni oyun qurub nefti ucuzlaşdırsalar, onda necə olacaq?