Vergilər Nazirliyində təmizləmə aparmaq üçün Mikayıl müəllimdən Herakl qəhrəmanlığı tələb olunur. O, məşhur “Nə, harada, haçan” verilişinin bilicilərindən olduğu üçün nəyə işarə vurduğumu mütləq anlayacaqdır. Hörmətli oxuculara da yüngülvari ipucu verim ki, söhbət Heraklın 6-cı qəhrəmanlığından, çar Avginin tövləsinin təmizlənməsindən gedir. İndi hörmətli Mikayıl müəllim də Kür və Araz çaylarını döndərib nazirliyin içindən axıtsa bəlkə oradakı üfunət təmizlənər. (Ürəyim dözmədi, prosesin hamısını yazdım. Təbii ki, bizim oxuculardan gizlin heç bir işimiz yoxdur). Ümumiyyətlə, Mikayıl müəllimin qarşıda hələ azı 9 qoçaqlığı qalır. İçərişəhərin düzəldilməsi, Təhsil Nazirliyinin təmizlənməsi işlərini o böyük uğurla aparmışdır.
Özü də bizdə dövlətçilik prosesi o qədər dərinlərə rişə atmışdır ki, hər hansı naziri qovanda onun idarəsini təmizləmək istəsən gərək hər gün azı 60-70 nəfəri işdən çıxarasan. Bəzən heç bu da kömək eləmir, məcbur olurlar nazirliyi dibindən söksünlər. Eldar müəllimin obyektində olduğu kimi. Amerikada hər prezident seçiləndə onun işdən qovmağa ixtiyarı olan kadrların konkret limiti vardır. Yanılmıramsa, bütün ölkə üzrə uzağı 2500 adamı qova bilər. Qanuna salıblar ki, hər təzə başçı ağını çıxarda bilməsin. Bizdə isə bu işin limiti yoxdur. Çünki biz ABŞ-dan daha qüdrətli, hegemon, bölgənin və bütün Qafqazın lider dövlətiyik! Odur, Əfqanıstan məsələsini də bizsiz həll etməkdə çətinlik çəkirlər, yenidən, daha çox əsgərimizi istədilər, biz də verdik.
Hərçənd yankilər yaxşılıq qanana oxşamırlar. Götürüb Azərbaycanı terror riski yüksək olan dövlətlər siyahısına qatıblar. Deyir, amerikalı turistlər bura getməsin. Mən Elmar Məmmədyarovun yerinə olsam Kabula göndərilən əsgərləri geri çağıraram, deyərəm, özümüzdə terror riski yüksəkdir, işimiz çoxdur. Vallah. Görüm o zaman opium tarlalarını kiminlə qoruyacaqlar. Bunlarla ayrı dildə danışmaq mənasızdır. Deputat Rövşən müəllimin Amerikaya embarqo qanununu da taxçadan götürüb təzədən səsverməyə qoymaq olar. Terror riskiymiş… Bizdə nəinki terror qorxusu, heç risk eləyən də qalmayıbdır. Risk eləyən axırıncı adamlar Kürdəxanıda dincəlirlər. Bu bizim daxili turizmin istiqamətlərindən biridir.
Qayıdaq vergilərə. Keçmiş nazirin idarəni qohum-əqrəba şirkətinə çevirməsi də ortaya çıxıb və zəhmətkeşlərimizi hədsiz qəzəbləndiribdir. Axı korrupsiya qanununa görə yaxın qohuma tabeçilikdə vəzifə vermək olmaz. (Bu yerdə mənə gülən oxucuları oxucu siyahımdan çıxarıram). Nazirlik vergilər yox, əməllicə sevgilər idarəsi imiş. Biri kürəkəni ora işə qoyub, başqası bacanağı. Yeznə, qayınata, qayınana, baldız, əmioğlu, xalauşağı, dayıqızı… Kimin nəyə gücü çatsa vergilərə soxuşdururmuş. Əlbəttə, özünə hörmət qoyan hər məmurun vergilərdə öz adamının olmasının nəyi pisdir? Biznesə görüm-baxım eləmək üçün lazım idi. Yoxsa hər şeyi qanun əsasında elə, dövlət büdcəsinə vergiləri düzgün ödə – daha pulu necə qazanasan? İndi isə intuisiyam mənə deyir daha xırda-mırda “biznesmenlərə” ehtiyac, məkan qalmayıbdır. Təmərküzləşmə sürətlə gedir. İndi bizdə pomidordan barama qurduna, pambıqdan çörəyə qədər hər şey dövlət nəzarətindədirsə, sənin vergilərdə adamın artıq şeydir. Kor bağırsaq kimi. Mənası qalmır. Kəsirsən gedir. Özü də burda ağrısız müalicədir. Qəti incitmir. Misal üçün, keçmiş nazirlərdən birinin xanımı bu boyda həngamədən sonra sosial şəbəkədə “Biz dövlətimizi, vətənimizi sevirik” yazmışdı. Gör sevgi nə boyda olub ki, hələ də qalır. Bir lətifədə deyilən kimi: “Mənə bu boyda verirsənsə, gör özünə nə qədər saxlamısan”. Bunu, işverənlik çıxmasın, həm də hüquq-mühafizə orqanlarımızın zəhmətkeşləri üçün yazdım. Belə vətən məhəbbətlərini araşdırmaq onların vəzifəsidir. Tarixi təcrübə, dövlətçiliyimizin xronikası da göstərir ki, vətənə məhəbbətin yağlı hissələri isti-isti daha çox olur. Kresloda nazirin yeri soyuyandan sonra nəsə tapıb-toplamaq adətən çətinləşir.