Gözümüz aydın, “Rusiya 2018-ci ildə Qarabağ hayında olmayacaq”. Bunu Putinin etibarlı şəxslərindən olan Sergey Markov deyib. Səbəbi belə izah edib ki, Moskva bu il Qərbin görünməmiş hücumlarını dəf eləməli olacaq.

Demək ki, bu il Rusiya bizi heç “dütdülü” ilə də sevindirməyəcək. Bəlkə də bu, bir fürsətdir bu il özümüz özümüzü sevindirək? – madam ki, rusun başı özünə, Qərbə qarışacaq. Amma və lakin…
*****
Istənilən halda səmimi etirafa görə Markova bir “spasibo” düşür. Hərçənd, bu da var ki, Kreml və onun rəhbərliyi nəinki 2018-də, ümumiyyətlə, heç vaxt Qarabağ hayında olmayıb. Moskvanın Qarabağ dərdi də yerli-dibli olmayıb. Qorbaçov, “yenidənqurma” dönənmindən üzü bu yana Rusiya “Qarabağ kartı”nı yalnız bir şey naminə kullanıb: Azərbaycan və Ermənistanı yanında saxlasın.

Günü bu gün Rusiya hər iki tərəfi silahlandırmaqla o, yenə də faktiki, I Pyotrın vəsiyyətini yerinə yetirir: iki respublikanı gözdən qoymamaq. Konflikti həll yox, idarə eləmək, Azərbaycanı Ermənistanla, Ermənistanı isə Azərbaycanla qorxutmaq.

Bu siyasətin badına daha nə qədər günahlı-günahsız erməni və azərbaycanlı gedəcək, belə şeylər Kremli ilgiləndirməz. Rusiyaya qalsa, Qarabağ problemi əbədi qalar. Bədbəxt erməninin ağlı olsaydı, bunu çoxdan başa düşər, Qarabağ hayında olmayan Moskva ilə deyil, bizimlə anlaşıb ortaq problemimizə son qoyardıq…
*****
Beləcə, möcüzə olmasa, daha bir il Rusiyanın “sayəsində” Qarabağ labirintindən çıxa bilməyəcəyik. Altını ən çox kimin çəkdiyi də yəqin ki, aydındır. Nə yazıq ki, ermənilər üstündən 30 il keçməsinə rəğmən, hələ də ümidlidirlər ki, dünya ikinci qondarma erməni dövlətini tanıya bilər. Dünya deyəndə, söhbət Qərbin aparıcı dövlətlərindən və Rusiyadan gedir. Onlar da ki buna hazırlaşmır. Əgər 30 ildə buna getməyiblərsə, deməli, heç vaxt getməyəcəklər.

Nahaq yerə işğalçı tərəf hələ də “Yeməkdən ümid yaxşıdır” təsəllisi ilə yaşayır. Bu məsəl artıq keçərli deyil. Əksinə, mənfur qonşular “Ümiddən yemək yaxşıdır” fəlsəfəsinə keçsələr, qonşu Azərbaycanla barışıq haqda düşünsələr, qat-qat məntiqli və özlərinə xeyirli olar. On illərdir “miatsum”la yemlənən ac-yalavac erməniyə indi ən çox çörək, dolanışıq, iş yeri lazımdır!..

Moskvanın ikili Qarabağ siyasətinə gəlincə, sual ortaya çıxır: dərdimizə dərman eləmək o yana, heç olmasa, dərdimizə şərik olmayan bir dövlətdən dost, tərəfdaş, vasitəçi çıxarmı – özü də bu dəva-dərman yüz faiz onda ola-ola?

Çıxmaz. Fəqət, nə edəsən ki, bu il də rusa yalandan “dayı” demək zorundayıq. Ən əcaibi odur ki, rusun özü də bilir ki, bunu biz ürəkdən demirik və o, bizə nə dayı, nə də qardaş və ya tərəfdaşdır!

O biri böyük qonşumuz İran da elə. Guya biz “dindar və qardaş” ölkələr və xalqlarıq. Amma Tehran Qarabağ məsələsinə Fələstin (Qüds) məsələsi kimi, yəni işğal faktı olaraq baxmır. BMT üzvü İsraili yer üzündən siləcəyini deyən, bu yolda böyük paralar xərcləyən müsəlman qonşumuz müsəlman Türkiyə kimi səmimi və dindar ola bilmir, müsəlman torpaqlarını işğal altında saxlayan Ermənistanla illərdir qucaq-qucağadır.

Ola bilsin, buna Tehranda siyasət deyirlər. Belə bir siyasət varsa, onda din-iman yoxdur. İkinci yandan, əgər bir siyasət pampersdə şəhid olan 2 yaşlı Zəhranın göz yaşına dəymirsə, onu aparmağa dəyərmi? Heç bir siyasi maraq, mənafe, hakimiyyət kreslosu körpələrin tökülən qanına, son qoyulan gənc həyatlara bəraət ola bilməz!

Bu yerdə Rusiya və İranın dəstək verib hakimiyyətdə saxladıqları, “qalib” etdikləri Bəşər Əsədin bəşəri cinayətlərini də qeyd eləmək olar. Gerçəkdən də, zülmə dəstək verən olmasa, zülm, haqsızlıq olmaz. Elə Qarabağa problemi də…

Rusa “dayı”, farsa “qardaş, dindaş” deyincə… Allahın ipindən möhkəm yapışaq! Və dua edək ki, Yaradan erməniyə ağıl, bizə isə təpər versin. Çünki tək dua ilə donuz darıdan çıxmaz…