Yaxın günlərdə dövlət başçısının Sərəncamına uyğun olaraq, əmək pensiyalarının mövcud məbləğləri artırılacaq. Bu, əslində, hər il baş verir. Sadəcə, bu il indeksləşdirmə deyilən sözügedən artım tamamilə ayrı mexanizm əsasında həyata keçiriləcək.

Belə ki, indiyədək pensiyaların yalnız sığorta hissəsi artırılırdısa və bu, əvvəlki il ərzində ölkə üzrə qeydə alınmış istehlak qiymətlərinin indeksinə, yəni inflyasiya səviyyəsinə uyğun olaraq hesablanıb həyata keçirilirdisə, bu ildən əmək pensiyalarının “baza və sığorta hissəsi” anlayışları ləğv edildiyindən, artım pensiyaların bütöv məbləğləri üzrə hesablanıb həyata keçiriləcək. Artım səviyyəsi isə keçən il ərzində ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəlməsi tempinə, başqa sözlə desəm, faizinə uyğun olaraq müəyyən edilib tədbiq olunacaq.

Bəs, bunun hansı yaxşı idi? Yəni, pensiya məbləğlərinin əvvəlki il ərzində qeydə alınan inflyasiya səviyyəsinə, yoxsa orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəlməsi tempinə əsasən artırılması daha effektli idi?

Məsələ bundadır ki, rəsmi inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirmə heç də hər il səmərəli nəticə vermirdi və verə də bilməzdi. Çünki elə il olub ki, inflyasiya cəmi 1-3% təşkil edir. Ümumiyyətlə, sağlam iqtisadiyyat şəraitində inflyasiyanın 3-4%-dən yüksək olması məqbul hesab edilmir. Və üstəlik, orta aylıq nominal əməkhaqqı məbləğinin artım həddi də əslində, həmişə inflyasiyadan üstün olmalıdır. Belə ki, qiymətlərin bahalaşması səviyyəsi əhalinin heç olmasa nominal gəlirlərini üstələməli deyil.

Bütün bunlardan əlavə isə, inflyasiya səviyyəsi bayaq da qeyd etdiyim kimi, əmək pensiyalarının yalnız bir hissəsinə, yəni bu sahədə mövcud məbləğlərin sığorta hissəsinə tədbiq edilərək hesablanıb, artırılırdı. Bütöv pensiya məbləğlərinə deyil. Odur ki, bu ildən tədbiq ediləcək mexanizm əslində, daha effektli hesab edilir.

Lakin bəzi nüanslar var. O da bundan ibarətdir ki, 2017-ci il ərzində ölkəmizdə istehlak qiymətlərinin indeksi, başqa sözlə desəm, inflyasiya səviyyəsi orta aylıq nominal əməkhaqqı səviyyəsinin artım tempindən xeyli dərəcədə yüksək olub. Belə ki, hələlik əldə Dövlət Statistika Komitəsinin (DSK) yalnız, yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri olduğundan qeyd edə bilərik ki, orta aylıq nominal əməkhaqqı səviyyəsi 525,4 manat təşkil etməklə, 6,4 % həddində artmışdırsa, inflyasıya 13,4%-ə bərabər olub. Söhbət 2016-cı ilin eyni dövrünə nisbətdən gedir. Göründüyü kimi, istehlak qiymətlərinin indeksi orta aylıq nominal əməkhaqqı səviyyəsini 2 dəfədən çox üstələyib.

Ancaq bu, keçən il belə olub. Bundan əvvəlki şərhimizdə də qeyd etmişdim ki, 2017-ci ilin iqtisadi yekunları barədə nəsə yazmazdan qabaq, 2016-cı ilin sonlarında sözügedən il üçün irəli sürülən gözləntiləri yada salmaq kifayətdir. Həmin gözləntilərin məğzi isə ondan ibarət idi ki, 2017-ci il iqtisadiyyatda bərpa ili olacaq. Yəni, 2 ildir davam edən geriləmə prosesi dayanacaq və stabilləşmə müşahidə ediləcək. Və bu, belə də oldu.

İnflyasiyaya gəldikdə isə, keçən il ərzində inflyasiya amili ikirəqəmli səviyyəsini qoruyub saxladı. Başqa sözlə desəm, ölkədə inflyasiyanın səviyyəsi ümumən sabit qalsa da, rəqəmlər hələki tempin azalmaq istəyində olmadığını nümayiş etdirdi. Temp aşağı düşmədi. Və bunda da ən çox ərzaq məhsulları böyük rol oynadı.

Cari ildə hökumətin əsas məqsədlərindən biri inflyasiyanı birrəqəmli səviyyəyə endirməkdən ibarətdir. Bu, qarşıya qoyulan ən ümdə vəzifələrdən birini təşkil edir. Ümumiyyətlə, inflyasiyanın 2018-ci ildə 6,1%, 2019-cu ildə 4,3%, 2020-ci və 2021-ci illərdə isə 3,1% təşkil edəcəyi proqnozlaşdırılıb. Bu, baş tutarsa, orta aylıq nominal əməkhaqqı göstəricisinin artım tempi də inflyasiyanı üstələyəcək. Ancaq bu, tez baş verməyəcək. Belə ki, 2018-ci il ərzində isə əmək bazarında göstəricilərin yaxşılaşma prosesinin davam edəcəyi, orta aylıq əməkhaqqının 550 manata qədər artacağı gözlənilir ki, bu da 4,6% deməkdir. Göründüyü kimi, bu il ərzində də sözügedən üstələmə hələ baş tutmayacaq.

Bununla belə, 2018-ci ildə orta aylıq pensiya məbləğinin 216,5 manat olacağı proqnozlaşdırılıb ki, bu göstərici 2016-cı il üzrə 192,2 manat icra göstəricisindən 24,3 manat və ya 12,6%, 2017-ci il üzrə gözlənilən 208,9 manat icra göstəricisindən isə 7,6 manat və ya 3,6% çoxdur.

Bunu ona görə qeyd edirəm ki, orta aylıq pensiya məbləği orta aylıq nominal əməkhaqqı göstəricisinin heç olmasa 50%-ni keçməlidir. Düzdür, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının 2017-ci ilin yekunları üzrə statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovet ölkələri arasında ilk ikilikdə yer alır.

Lakin pensiyaların artımı sürəti bir az da artıq olmalıdır ki, qeyd etdiyim məqsədə çata bilinsin. Bunun üçün isə mənbə və təkmil əmək haqqı sistemi – mexanizmi formalaşmalıdır. Hökumət də bu istiqamətdə çalışmaqdadır.

Pərviz Heydərov
AzVision.az