Şair Şəhriyar del Geraninin yazdığı və sosial mediada fırtına qoparmış olaylardan hər birimizin, o cümlədən bu yazının müəllifinin də başına gəlib. Aşağıda onlardan bir-ikisini qulluğunuza ərz edəcəm.
Hələlik isə yüngülvari şəkildə ona toxunum ki, əsəbi camaatımızın bu mövzuya yanaşması həddən artıq sərt oldu və şair Şəhriyarı pis-pis söydülər, qınadılar.
Şairə ağır söz yazanlar əsasən məsələyə iki prizmadan yanaşırdılar. Birinci dəstə şairi işverənlikdə, mərdiməzarlıqda qınayırdı, ikinci dəstə isə onun donuz kolbasası istemal edərək, halal-haram məsələsinə dil uzatmasına “şərəf” üzərindən hücum edirdi.
Hələ üçüncü dəstə də vardı. Bunlar isə şairin adını nəsə köhnə haqq-hesaba görə, ya da sadəcə, özləri demişkən, mırta hallandırırdılar.
Ciddiyə alacaqsa, açıq şəkildə demək olar ki, bu, şairin 3-4 il qabaq İrandakı zindanda yatdığı zaman edam olunacağına dair yayılan xəbər qədər sarsıdıcı bir psixoloji hücum demək idi.
İntəhası, Şəhriyar belə söhbətlərə çoxdan vərdiş eləyib, ictimai rəydə söyülməkdən çəkinmir, yeri gələndə özü də qayıdıb daha ağır sözlər deyir. Amma bunun məsələyə dəxli yoxdur, özü bilər, oxucuları bilər.
Əsas məsələ bu ölkədə istehlakçı hüquqlarının olub-olmamasıdır. Belə görünür ki, bizim istehlakçı olaraq düz-əməlli hüquqlarımız yoxdur.
Məsələn, hansısa supermarketdə bizə qurdlu makaron sırısalar, yaxud, hansısa restoranda boşqabımıza yanmış antrekot atsalar və “əmi, sən bilmirsən e, bunu ləzzəti elə yanıq olmağındadır” deyə bizi fransız yerinə qoysalar, şikayət etməməliyik. Çünki şikayət etsək, müdirə bir şey olmayacaq, ara yerdə satıcını və ya kababçını, ofisiantı cəzalandıracaqlar.
Hərgah biz belə bir şey etsək, kiminsə çörəyinə bais olmuş, mərdiməzarlıq etmiş olacağıq. Buna isə el arasında işverənlik deyirlər.
O gün bir avtobus qəzaya uğrayıb, 10-15 adamı şil-şikəst eləmişdi, qəzadan yaralı çıxanlar şikayətlənirdi. Əzizlər, bu şikayəti qəzadan qabaq etmək lazım idi. Təbii ki, o sürücü ilk dəfə deyildi ki, elə bərk sürür, ötüşürdü. Onu vaxtında işdən qovdursaydınız, özünüz də salamat qalacaqdınız, şirkətin də adı bədnam çıxmayacaqdı, 1 aydan sonra başqa yerdə iş tapan sürücüyə də dərs olacaqdı.
Şəxsən mən özüm avtobus sürücüsündən şikayət edib işdən çıxartdırmamışam, amma mübahisə etdiyim çox olub. Bir dəfə isə az qala əlbəyaxa olacaqdıq, məni davaya düşməkdən qalstukum qurtardı. Çünki olduqca bərk sürən və driblinq edən futbolçular kimi avtobusu qıvrıldan sürücüyə bərkdən “əmoğlu, bir az asta sür” deyə səsləndim, adam “nervinni” çıxdı, avtobusu yolun sağına çəkib saxladı, salona dönüb qeyzlə dedi: “Kim idi o?”. O, bu sualı şuluqluq eləyən şagirdi tapmaq üçün sinifə müraciət edən amansız müəllim kimi verdi, amma mənim şagird-tələbə vaxtım çoxdan keçdiyindən yeridim qabağa, dedim, mən idim, bir də deyirəm, yavaş sür. Sürücü qalstukuma, əsəbi olmağıma baxdı, ağlı bir şey kəsmədi, hirsli-hirsli oturdu sükanın arxasına. Avtobusun salonundakı 20-dən artıq kişinin birindən səs çıxmadı. Ancaq qadınlar mənə dəstək verdilər: “Düz deyir dəə”; “Yavaş sür dəə”; “Gərək camaatı qırasan?” və s.
Açığı, əvvəlcə istədim ki, sürücünün maşınının nömrəsini götürüb işverənlik edim, onun cəzalandırılmasına nail olum, sonra dedim, özümü cəncələ salmayım, get-gəl, başağrısı-filan, nəyə lazımdır.
İndinin özündə də olur ki, yanacaqdoldurma məntəqəsinə dönəndə operator ya yaxınlaşmır, ya “injektor üçün dərman” təklif edir, ya da benzin dolub-bitir, amma bu gəlib şlanqını çəndən çıxarmır və adam əsəbiləşir. İstəyirsən, müdiri çağırasan, şikayət edəsən, amma işverənlik olar deyə etmirsən.
Ticarət, xidmət, iaşə sektorunda hər gün yüzlərlə belə bərbad qulluqla üzləşmək mümkündür.
İki yol var, ya biz indiyə qədər yaşadığımız kimi yaşamalıyıq, ya da bu sahələrdə dönüş yaratmaq, mədəni, səviyyəli davranış görmək üçün arada şikayət-filan etməliyik.
Şəhriyarın “işverənliyi”ni jurnalist qardaşlarımızdan biri də bəyənməmişdi, amma özü sovet vaxtı orta məktəb şagirdi ikən AzTV-də gedən “Ticarətdə qayda-qanun yaratmaq hər kəsin işidir” verilişinə şikayət edibmiş. Adını soruşsanız, deyə bilmərəm, Mahir Məmmədlidən soruşun, o desin.