Keçən ilin dekabrında Neftçalanın Aşağı Qaramanlı kəndində yaşayan Əliniyaz Quliyevin məktubunu dərc etmişdim. Əliniyaz bəy bundan həvəslənərək daha geniş məktub yazmışdır. Onun həyatı, məktubları, düşüncələri əyalətdə yaşayan orta statistik Azərbaycan ziyalısının ölçü vahidi sayıla bilər, o üzdən təzə məktubunun məzmununu da hörmətli oxuculara çatdırmaq istərdim.
Öncə qeyd edim ki, Əliniyaz bəyin hazırda 88 yaşı var. Ona uzun ömür, can sağlığı diləyirəm, kaş belə vətənpərvər, aktiv, millətin dərd-sərini düşünən ağsaqqallarımız daha çox olaydı.
O, 2000-ci illərə qədər Bakıda yaşayıb. İngilis dilinin tədrisi üzrə metodik vasitələr hazırlayıb, bu sahədə elmlər namizədidir. Davamlı olaraq mətbuatda yazılarla çıxış edib, hətta bir ara “Qaramanlı” adlı dövri bülleten də çapdan buraxıb. Doğulub boya-başa çatdığı Neftçalaya təzədən dönməsinin səbəbini isə Əliniyaz bəy belə təsvir edir: “2000-ci ildə yaş pensiyasına çıxdım. Şəhərin küçələrində bir-iki il təpik döydüm. Bir gün həmyaşıdlarımla çayxanada oturanda hesabı verməyə heç kimin pulu olmadı, hamı bir-birinin üzünə baxıb qaldı. Bundan sonra Neftçalaya qayıdıb təsərrüfat yaratdım, mal-heyvan saxlamağa başladım”.
Əliniyaz bəy o təsərrüfatın pulu ilə Neftçala şəhidləri haqda 3 kitab yazıb. (İkinci dünya savaşında həlak olan rayon sakinlərindən başlayıb Qarabağ döyüşlərində ölənlərə qədər hər kəsi bu xatirə kitablarında əhatə edib). Bu kitabları təmənnasız olaraq şəhid ailələrinə paylayıb. Ancaq kitabın sonuncu, 4-cü hissəsinə pulu çatmayıb, çünki naməlum şəxslər onun mal-qarasını oğurlamağa başlayıbdır. İndi Əliniyaz bəy deyir, polisə nə qədər şikayət eləsə, xeyri yoxdur. Nə oğruları tapırlar, nə də cinayətin arası kəsilir.
Həmin sonuncu xatirə kitabını dərc etdirmək üçün bu dəfə Əliniyaz bəy Neftçala rayon icra hakimiyyətinə ağız açmalı olub. Ancaq icra hakimiyyəti kitaba pul tapmayıb.
Yeri gəlmişkən, Əliniyaz bəy inanılmaz dərəcədə qanunpərvər insandır. (Bəlkə ingilis dili müəllimliyi, anqlosaks mədəniyyətinə bələdliyi üzündəndir?). Misal üçün, elə bu şəhidlər kitabının dərci üçün də qanuni əsas tapıbdır. Yazır: “Prezident Heydər Əliyevin 1997-ci il, Q.416-1 qanunu ilə çap üçün mənə pul ayrılmalı idi. Həmin qanunda şəhidlərin xatirəsini əbədiləşdirmək üçün rayon icra hakimiyyəti, ianəçilər pul ilə kömək etməlidir”.
Neftçala rayonunun adının dəyişdirilməsi, rayondan keçən avtobus marşrutu xətlərində qrafikin yenidən cızılması, Aşağı Qaramanlı kəndindəki məktəbə “Şəhid anası” adının verilməsi (bəy yazır ki, şəhidlərin adına məktəblər çoxdur, niyə onların analarının adı da belə ümumiləşdirilib əbədiləşdirilməsin; məncə çox məntiqli təklifdir – Z.H.), kənddə yeni məktəbin tikilməsi, kolleclərdə rüşvətxorluğun baş alıb getməsi, rayonun təhsil və səhiyyə sistemində problemlər – bunlar Əliniyaz müəllimi narahat edən, düşündürən məsələlərin qısa siyahısıdır. Deyir, camaat məni ağsaqqal, ziyalı kimi qəbul eləyir, o üzdən mərkəzi orqanlara toplu şikayət məktublarını, ərizələri-filanı hamısını mən yazıram. Deyir, şəhidlər haqda prezidentə, vitse-prezidentə yazdığımız məktublara qırmızı qələmlə imza atdıq – şəhidlərin qanının rəmzi kimi.
Necə də saf insanlarımız vardır… Bir az da görkəmli ingilis yazıçısı, ədəbiyyat üzrə Nobel ödülünü almış Doris Lessinqin “Qızılı dəftər” romanını xatırladım. Orada Lessinqin qəhrəmanı öz gündəliklərini qara, göy, qırmızı, mavi dəftərlərə yazırdı, lap axırda isə qızılı dəftərə. Sözgəlişi, Lessinq Nobel ödülünü elə tam Əliniyaz bəyin yaşında – 88 yaşında almışdı.
Əlbəttə, mən tələb eləmirəm ki, bizim yerli icra orqanları Əliniyaz bəyə Nobel ödülü versinlər. Ancaq ən azı kişinin oğurlanmış mal-qarasını tapıb qaytarmaq mümkündür.