Rusiyanın miqrantlara ehtiyacı var.
Axar.az xəbər verir ki, bunu “Rusiya Ali İqtisadiyyat Məktəbinin Demoqrafiya İnstitutunun rəhbəri Anatoli Vişnevski söyləyib.
“90-cı illərdəki vəziyyət geri dönüb. 2016-cı ildə təbii artım mənfi olub, 2017-ci ildə də eyni proses təkrarlanacaq. Rusiya əhalisi son 8 ildə (2009-2016-cı illər) artır, amma bu miqrasiyanın hesabına olan artımdır. 2013-cü ildə olan təbii artım simvolik göstərici idi və onun saxlanılması üçün ön şərt yox idi. Hələlik təbii azalma böyük deyil, miqrasiya bunu qapada bilir. Təbii azalma artacaq. 1993-cü ildən bu yana Rusiya əhalisi 14 il ərzində genişmiqyaslı miqrasiyaya baxmayaraq azalıb. Miqrasiya azalmanın 60%-ni kompensasiya edə bilib.
Azalmaya səbəblərdən biri də yaş strukturundakı dəyişikliklər, yəni potensial ana sayının görünməmiş şəkildə azalmasıdır. Yaxın 15 ildə azalma davamlı olacaq. 2030-cu ilin əvvəlində 20 yaşından 40 yaşına qədər vacib analıq yaşlarındakı qadınların sayı 2010-2012-ci illərlə müqayisədə 7-8 milyon nəfər azalacaq” – deyə o bildirib.
Onun sözlərinə görə, son 25 ildə miqrasiya Rusiya üçün əsas demoqrafik resurdur:
“1993-2008-cı illər ərzində Rusiyada əhalinin təbii azalması 5,2 milyon nəfər olub. Əgər immiqrasiya olmasaydı, bu azalma 13,2 milyon nəfər təşkil edərdi. 1992-2016-cı illər ərzində Rusiya əhalisinin miqrasiya artımı 9 milyon nəfərdən çox olub. Uzun müddət bunun böyük hissəsi Rusiyaya yenidən geri qayıdan insanlardan ibarət idi. Lakin mərhələli şəkildə bu resurs tükəndi. Rusiya əhalisinin artımında immiqrasiya gələcəkdə əsas mənbə olaraq qalacaq. Əhalinin təbii azalmasından qaçmaq üçün Rusiyaya ildə 500 min miqrant qəbul etməyinə ehtiyac yaranacaq”.
O, hazırda Rusiyaya miqrasiya axınının ən çox Mərkəzi Asiyadan olduğunu bildirib:
“Özbəkistanla Tacikistan hazırda demoqrafik partlayış yaşayırlar. Onların əmək resursları böyükdür, amma onların resursları Rusiya üçün yetərli olmaya bilər. Çinə gəlincə isə orada böyük miqrant axınına baxmaq doğru olmazdı. Burada miqrant qəbul etmək bir müddət sonra ərazilərin onlara verilməsi demək olardı. İstənilən halda millətlər arasında balans lazımdır. Amerikalılar bu məsələdə daha yaxşıdırlar.
Hazırda Çin bizi udmaq gücündə deyil. Onlar öz problemləri ilə məşğuldurlar. Lakin Rusiya zəifləyir və asan şikara çevrilir. Ona görə də Sibir və Uzaq Şərqə daha çox əhali köçürmək lazımdır”.