Dünən şəhərdə təsadüfən iki təbrizli soydaşımızla rastlaşdım. Rəşid Behbudovun ev muzeyini axtarırdılar. Birisi “Sahil” tərəfi nişan verdi. Təbrizli qardaş qayıtdı ki, “yox, ”Sahil”də Bülbülün, Məmməd Səid Ordubadinin ev muzeyləridir, Rəşidin evi “Azneft” tərəfdə olmalıdır”.
Doğrusu, bu mənzərə məni çox sevindirdi. Bakıda yaşayanlarımızın əksəriyyəti korifeylərimizin ev muzeyinin yerini bilməsə də, güneyli soydaşlarımız onlarla daha çox maraqlanır, ziyarətinə gəlir, küçəbəküçə gəzib axtarır, “Dumanlı Təbriz”in müəllifinin ev muzeyinə baş çəkir. Milli mədəniyyətimizə sahiblənməyin gözəl nümunəsidir.
İmkan düşmüşkən o taydakı, İrandakı vəziyyət barədə soruşdum. Məlum oldu ki, qardaşlarımız dekabrın sonlarında Bakıya gəliblər – yeni ili qeyd etməyə. O tayda vəziyyətin yaxşı olmadığını dedilər. Odur ki, geri qayıtmağa tələsmirlər. “Bir az sakitlik yaransın, sonra geri dönək, yoxsa başımız bəla çəkər” – dedi güneyli qardaşımız.
Vəziyyət belədir. İran hakimiyyəti son həftə ərzində ölkə daxilində baş verənlərin səbəbini xaricdə arayır. İddia olunur ki, prosesləri tətikləyən ABŞ və İsraildir. Amma Azərbaycanın müstəqilliyini heç vaxt həzm edə bilməyən Tehran hər zaman şübhələnir ki, onun xarici düşmənləri Azərbaycan vasitəsilə planlarını həyata keçirirlər – baxmayaraq ki, Azərbaycan hər zaman qonşuluq, müsəlman həmrəyli prinsiplərinə sadiqlik nümayiş etdirib, hətta Qərbin təzyiqlərinə rəğmən, öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməyib.
Ancaq nə olsun? İranın Azərbaycana qarşı gerçək münasibəti dəyişmir ki, dəyişmir. Bundan əvvəl dəfələrlə Bakıya gəlib-gedən güneyli gənclər geri dönəndən sonra sorğu-suala çəkilib, barəsində edam cəzası çıxarılan da olub. Onlar da “Azərbaycana cəsusluqda” ittiham edilib. Bu mənada təbrizli iki gənc qardaşımızın təşvişi anlaşılandır.
Sovet vaxtı kiminsə kimdənsə xoşu gəlməyəndə götürüb yuxarılara “donos” yazırdı ki, “İranda qohumu yaşayır”. Xüsusilə də vəzifəli şəxslər üçün bu, intihara bərabər ittiham idi. İndi də İrandakı rejim öz vətəndaşlarının xarici ölkələrlə əlaqəsinə olduqca həssas yanaşır, hər şeydən şübhələnir.
Bu da faktdır ki, İran hakimiyyəti hər zaman müsəlman həmrəyliyindən danışır, ancaq məscid dağıdan Ermənistanla birgə “azad iqtisadi zona” yaradır, Araz çayı üzərində birgə elektrik stansiyası tikir, bu ölkəyə “oksigen” verir. Hələ üstəlik İran parlamentinin sədri utanmazcasına Ermənistanı “bölgədə sülhün dayağı” adlandırır. Heç olmasa, Şuşanın işğalını xatırlaması lazım idi. Tehranın Qarabağ vasitəçiliyinə Ermənistan Şuşanın zəbti ilə “cavab” vermişdi. Əslində İran buna görə İrəvanı cəzalandırmalıydı – onun vasitəçilik təşəbbüsünə tüpürdüyü üçün…
Təbrizli millət vəkili Əhməd Əlirzabeygi prezident Ruhaninin illər öncə “Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin yaradılması haqda verdiyi vədi yerinə yetirmədiyini deyib. Təsəvvür edin, adicə vədə əməl etmirlər, çünki adında “türk dili” var. Hər seçkidə Azərbaycan türklərinin qəhrəmanlığından danışır, ana dilində məktəblərin yaradılacağını vəd verirlər. Amma bu vədlər 1979-cu ildən kağız üzərində qalıb.
Bəli, güneylilər çox narazıdır. Ancaq baş verənlərdən çox da uzaqgedən nəticələr çıxarılmamalıdır. Unutmayaq ki, lokal etirazları nəzərə almasaq, Azərbaycan türkləri son etirazlara qatılmadı. Bu mənada xüsusilə də xaricdə yaşayanlar güneylilərin taleyini düşünüb diqqətli olmalıdırlar. Doğrudur, “Traktor” azarkeşləri fars şovinistlərinin təhqirlərinin qarşılığında “Azərbaycan bir olsun – Mərkəzi Təbriz olsun” hayqırır. Bu, millətin səsi, bölünmüş xalqın harayıdır. Ancaq ədalətsiz dünyanın reallıqları var. Ötən əsrdə hətta dövlətini quran Güney Azərbaycana edilən xəyanətləri unutmamışıq. Bütövləşmək arzumuzdur, amma təəssüf ki, bu, indi real deyil.
Bu gün güneylilərin təbii haqlarını alması üçün dəstək olmaq lazımdır. Ana dilində yazıb-oxumaq haqqına sahib olmayanların dövlət qurması real deyil. İran Konstitusiyasında təsbit olunmuş haqların tələbindən kənara çıxılsa, Tehranın əlinə fürsət düşəcək, toplumu əzmək, “qaymağı” yığmaq üçün… Bəlkə elə bu hadisələr nəbz yoxlanışıdır.
Əsr dəyişib, amma Təbriz yenə də dumanlıdır. Nə baş verir, bilinmir. Dünya güclərinə meydan oxuyan Tehran da çox qorxuludur. Odur ki, ehtiyatlı, həm də fors-major situasiyalar üçün tədbirli olmalıyıq.
P.S. Görəsən, Bakıya gəlmiş təbrizli soydaşlar evlərinə dönə bildilərmi?