Qabaqca söhbət yayıldı deputatların maaşı qalxıbdır. Sonra idarədən bunu təkzib elədilər. Şanlı deputatlarımız elə keçənilki qədər maaş alacaqlar. Hamısı paxıllıqdandır. Bəziləri istəmədi deputatlarımızın pulu çox olsun. O cür əziyyət çəkib millət üçün gecə-gündüz düymə basıb qanun qayırasan (misal üçün, Ermənistanda heç qanun yoxdur), ancaq millət sənin maaşının artmağına pis baxsın – dözülməz haldır. Halbuki prinsipcə camaat seçib bir damın altına yığdığı şəxsiyyətlərin babat maaş almasına sevinməli idi. Burada nəsə əmma vardır.
Ümumiyyətlə, bizim millət düzələn deyildir. Elementar bir misal çəkim, özünüz bu haqda fikirləşin: bu il demokratik cümhuriyyət qurmağımızın 100 illiyi tamam olur, bax həmin dövləti 1918-ci ildə quran insanlardan BİRCƏ nəfərin belə qəbri Azərbaycan ərazisində deyil! Yazıqlar hərəsi bir qərib diyara pərən-pərən düşüb, erməni, urus, yəcuc-məcuc, həbəş və nə bilim başqa kimin gülləsindən həlak olublar, elə oralarda basdırılıblar. Birinin məzarı Fransada, başqası Gürcüstanda… Bəzilərini heç basdıran olmayıb, qəbirləri də yoxdur. Ən yaxın düşəni Ankaradadır. İndi özünüz düşünün ki, belə millətdən ötrü əziyyət çəkməyə dəyərmi?
Əlbəttə, bu uğursuz müqayisədən sonra – misal üçün, Araz Əlizadə ilə cümhuriyyət qurucularını bir müstəvidə müqayisə elədiyim üçün oxuculardan üzr diləyirəm – ola bilsin həmin qurucuların qəbri çatlasın. Məqsədim də elə budur. Belə hətərən-pətərən, axmaq müqayisələri çox aparmalıyıq ki, dövlətimizi quranların qəbri çatlasın, dağılsın, bəhanə tapıb bundan yararlanaq, çıxardıb gətirib burada basdıraq, dar gündə üstünə gedib ağlaşma qurmağa bir ziyarətgahımız olsun.
Qayıdaq büdcə vəsaitlərinin səmərəli xərclənməsi temasına. Burada təkcə deputatlara yox, başqa saysız məmur-oliqarx yoldaşlara da görüm-baxım edilməlidir. Vaxtaşırı. Yoxsa onlar kasıbçılıqdan ölərlər. Ac məmur qılınca çapar – ata sözündə də bu haqda deyilmişdir. Misal üçün, Biləcəri vağzalında perronun örtüyü bu dəqiqə dəyişdirilir. Halbuki, cəmi 1 il deyildi oraya mərmərdən üzlük çəkilmişdi. Bəs nə oldu, niyə örtük bəyənilmədi? Deməli, burada hansısa məmurun kasıblaması ehtimalı olmuşdur. O qədər iş-güc, xərc-xərac var ki… Uşağı xaricdə oxut, başqa uşağı daxildə hansısa idarəyə düzəlt, qonaq-qara, katibə, xınayaxdı, toy-nişan… Şair demişkən, dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun… Məcbursan hər dəfə perronun tamet-metlaxını sökəsən. Halbuki, Hesablama Palatası, Maliyyə Nazirliyi, dövlət büdcəsi insaflı olsaydı heç metlaxı sökmədən o pulu gətirib sənin cibinə qoymalıydı. Qoymurlar, məcbursan sökəsən.
Yaxud, Bakı-Tiflis-Qars dəmiryolunun keçən il açıldığını hamı bilir. Böyük bayram olmuşdu, hətta deyəsən qatara şampan butulkası vurub sındırdılar. Ancaq o vaxtdan Bakıdan çıxan qatar deyəsən hələ də Qarsa çatmayıbdır. Çünki bu ilin dövlət büdcəsində Bakı-Qars dəmiryolunun tikintisinə yenə pul ayırılıbmış! 176 milyon manat – az pul da deyil. İndi müxbir soruşur ki, açılışı olan yola niyə dəxi pul silirsiniz, idarə cavab veribdir: “Orda yolu tikmək üçün Gürcüstana kredit verməliydik, həmin puldan qalanı keçib bu ilə”. Hərçənd, mən idarənin yerinə olsam heç belə mənasız cavabla müxbiri başımdan eləməzdim. Sadəcə, deyərdim ki, o açılan dəmiryolu uzununa olandır, indi biz Bakı-Qars dəmiryolunu ermənilərə acıq vermək üçün həm də eninə çəkirik. Vəssalam. Qoy getsin müxbir qələmini qaşısın. Bəlkə də klaviaturasını. Hər halda biz müasir işıq dirəkləri ilə eyni dövrdə yaşayırıq.