Yəqin sizin də xatirinizdədir, aeroport yolundakı məşhur körpü. Hansı ki, hər gün üstünə bir adam çıxıb, atlayıb, intihar edirdi. Ya da intihar edəcəyi ilə ictimaiyyəti şantaj edirdi. Bəs filankəs gəlsin bura, yoxsa atlayıb intihar edəcəyəm. O filankəslər arasında gedənlər var idi deyə, ora çıxanların sayı da əməlli artdı. Körpüdə dövlət təhlükəsizlik postu qurdu. İndi daha ora dırmanmaq istəyən də yoxdur. Yəni konkret situasiya ilə bağlı görülən tədbirə münasibət adekvat oldu. Adamlar anladılar ki, belə olmaz.

İndi başqa problemimiz var. İntiharlar kütləviləşir, gəncləşir. Bir də görürsən sosial şəbəkədə hamının tanıdığı biri status yazır ki, bəs getdim intihar eləməyə. Sonra ya intiharı eləyir, ya da məlum olur ki, adamlarla əməlli başlı məzələnib.

Etiraf edim, hərdən mən də qorxuram, övladlarım üçün. Axı hər gün ən azı iki-üç müxtəlif səbəbli intihar xəbərini onlar da mənim kimi görür, eşidirlər. Bu gün iki-üç gəncin intihar xəbəri birdən çıxıb. Kimsə məni qınaya bilər, amma təəssüflənmirəm.

İntihar eləyənləri qəbullana bilmirəm. İntihar çıxış yolu deyil. Yaradanın verdiyi canı, can yarada bilməyən niyə alsın ki?! Buna nə ixtiyarı, nə haqqı var axı?!..

Çıxış yolu yox idi, işsiz idi, cinsi oriyentasiya problemi var idi, anası atasına xəyanət eləmişdi, bacısını öz əri ilə yataqda tutmuşdu, arvadı xəyanət eləmişdi və sair. Bunların heç biri səbəb deyil. Səbəbdir amma can almaq, intihar eləmək üçün səbəb deyil. İntihar və can almaq təkcə aciz adamların törətdiyi cinayət də deyil. Bu həm də qüsurdur, şəxsiyyətin olmamasının göstəricisidir. Acizlik, zəiflikdir bəlkə də, nə deyək, Allah qorusun. Bu bir də ailədən gələn tərbiyənin göstəricisidir. Hə, burda deməyə xeyli söz var.

Bağça yaşlı uşaqlara fikir vermisiniz? Məsələn dörd yaşında uşaq nəinki paltarını əyninə, çəkələyini ayağına belə geyinə bilmir. Ayaqyoluna müstəqil getmir. Ağzını açıb anadan, ya da dayədən yemək gözləyir, quş balası kimi.

Orta məktəblərdə valideyn iclasında olmusunuz? Mən olmuşam, əksər valideynlər, xüsusən analar, müəllimin, ya da kənardan kiminsə sualına uşaqdan qabaq cavab verir.

Alacağı qızı oğlana ana seçir. Əri qıza ata-ana seçir. Hətta ali məktəblərə qəbul işində az qala uşaq söz sahibi olmur. Ana-ata hökmrandır. Bir də ali məktəblərdə oxuyan uşaqların yaxın qohum-əqrəbam, dost-tanışlarımdan ibarət valideynlərini müşahidə eləyirəm hərdən. Oğlana da, qıza da valideyni az qala hər dərs sonrası zəng vurur. Haradasan? Ətrafdan gələn səs nədir? Yalan demə, düzünü söylə, deyə “hücumlar”a məruz qalır gənclər. Bizim yaxşı oxuyan, əlaçı balalarımız var. Amma kimsə inciməsin, çox az qismi şəxsiyyət kimi yetişib. Demirəm başlı-başına buraxılsın övladlarımız, amma bu qədər də boğmaq, onların əvəzinə hər şeyi eləmək olmaz axı. Belə təsirdə böyüyən uşaq müstəqil ola bilmir. Müstəqil olmayan uşaq mütləq valideyndən gizlənir, fiziki yox, mənəvi. Gizləndimi yenə də mütləq özü bildiyi işlərlə məşğul olur. Evdə sizin görmək istədiyiniz quzu bala, mənzərəsi tam olsa da, bayırdakı mənzərədə bəlkə də əyyaşlığın təməli qoyulur. Şəxsiyyət kimi formalaşmır, natamam adam olur.

Natamam balacalar gələcək cinayətkarlar, oğrular, terrorçular, intihar edənlərdir. Özü də bunu daha çox o ailələrin uşaqları edir ki, orada uşağa “amandır, getmə gözümdən” prinsipi ilə yanaşılır. Tamam, gözünüzdən getməsin. Əsas odur siz rahat olasınız, eləmi?! Ta o günə qədər ki, övladınız nəinki özündən, hətta həyatdan çıxıb gedir. Onda da düşürsünüz hay-həşirə ki, axı səbəb yox idi. Səbəb var. Xüsusən də analarda. Övladlarını ətək altında saxlamalarıdır səbəb. Siz gizlətməklə deyil, yaxşı və ya pis situasiyalar, adamlar uşağı sandıqda saxlasanız belə onu gəlib tapacaq. Siz, elə mən özüm də uşağımıza düzgün tərbiyə verək, təhsilini, çevrəsini seçmək üçün məsləhətlər edək, əmr etməyək. Ona aid məsələ müzakirə olunanda fikirlərini soruşaq. Uşaqdır, deyib kənara itələməyək. Hətta inanıb, ibadət etdiyiniz islam dini belə ilk doğulan gündən uşağa şəxsiyyət deyir. Heç nə yox, elə imandan yana şəxsiyyət bilin balalarınızı. Yoxsa on yaşa qədər geyindirib-soyundurmaq, burnu axdımı, özünüz silmək nəyə lazımdır?!.. O, yaşda uşağın əl-üzünü yumaq, yemək yedirtmək, səhvlərini malalamaq, gizlətməklə deyil axı. Onu uşaq kimi bəsləsəniz də böyüyür. Gün gəlir hansısa çətinliklə ilk, müstəqil üzləşdiyi an olur və gücü çatmır. Nə dözə, hə həll edə, nə çıxış yolu axtara bilir. Heç sizə də deyə bilmir, özünə sığışdırmır. Gedir intihar eləyir. Siz də “axı səbəb yox idi?” sualı altında əzilirsiniz. Məncə hər şeyin ən gözəl variantı onlara lap elə uşaqlıqdan əziyyəti, çətinliyi, müəyyən yaşdan sonra ölümü, problemi belə başa salmaq lazımdır. Bu sadalananların qarşısında bir ömür dik durmaqdan başqa yol olmadığını aşılamaq vacibdir. Elə bu gündən başlamaq olar, heç vaxt gec deyil…

Hə bir də desəniz ki, ağzı isti yerdə olan adamın, rahat-rahat oturub belə yazı yazmasına asan işdir… Deyim biləsiniz, ümumiyyətlə, elə adam tanımıram ağzı həmişə isti yerdə olsun. Qaldı müəllif olaraq mənə, ağlım kəsəndən yüküm kişi yükü olub. Xəstə müalicəsi, ev yox, evləri pis-yaxşı dolandırmaq, hamı dolansın deyə gecə-gündüz işləmək. Qız oxutmaq, qız köçürmək, işə qoymaq, uzun müddət kirayələr, soyuq evlər, bitməyən kreditlər, üstəlik irili-xırdalı özü də ağlının ucundan keçməyən xəyanətlər, dəhşətli faciələr…Heç biri intihar üçün səbəb deyil. Aciz olmaq olmaz, çətin situasiyalar ona görə var ki, insan çıxış yolunu tapmaq üçün ağlını işlətsin. Bəlkə həyat dediyimizi maraqlı edən də elə budur. O üzdən sözüm kişilərdən çox ANAlaradır: Balalarınızı ətək altında saxlamayın, ilk çətinlikdə mütləq intihar edəcəklər…