Müasir dünyanın ən maraqsız, ən intriqasız, ən gərəksiz seçkisinin keçirildiyi Rusiyada prosesin birinci mərhələsi başa çatıb.
Prezidentliyə iddiaçıların sənədlərinin qəbulu yekunlaşıb və məlum olub ki, hazırda ortada 15 iddiaçı var.
Təbii ki, onlardan da 5-6-ı MSK tərəfindən çıxdaş ediləcək – “sənədlərində yol verdikləri qüsurlara görə”. Sonda seçki bülleteninə 7-8 namizədin adı salınacaq və bununla dünyaya Rusiyada seçkilərin alternativ qaydada keçirildiyi göstəriləcək.
Ancaq dünya bildiyini bilir. Təkcə dünya yox, elə Rusiyanın özündə də, qonşularında da hamı bilir ki, bütün seçki prosesi quru və bahalı formallıqdan ibarətdir, heç bir şeçim olmayacaq, prezident Putin yenə prezident olacaq.
Məhz ona görə də çoxları bu seçkiləri “ən maraqsız”, “ən intriqasız”, “ən gərəksiz” adlandırır.
Bu seçki ona görə maraqsızdır ki, bütün proses hamıya tanışdır və artıq bütün marağını itirib, hamı oyunun sonunda nəticənin necə olacağını, daha dəqiqi, sürpriz olmayacağını bilir.
Bu seçki ona görə intriqasızdır ki, prezidentliyə real və xalqdan real səs toplaya biləcək müxalifətçi Aleksey Navalnı seçkiyə buraxılmayıb. Məhz o, seçkidə intriqa yarada bilərdi, seçicilərin yarısı, ən azı üçdə biri məhz ona görə seçki məntəqələrinə gələr, bu gənc liderə azarkeşlik edərdi.
Bu seçki ona görə gərəksizdir ki, hər şey Səudiyyə Ərəbistanındakı kimi olacaq, kral dəyişməyəcək. Əgər belə olacaqsa, milyardlarla rubl vəsaiti xərcləmək nəyə gərəkdir. Bir çox despotik ölkələrdə olduğu kimi, prezidenti ömürlük hökmdar etsələr, nə ölkənin kasıb vaxtında bu qədər vəsait xərclənər, nə də mühüm bir proses gedirmiş kimi görüntü yaradaraq insanların başı qarışdırılardı.
Bu il prezident Putinin yenidən prezident seçilməsinin qarşısını yalnız fors-major hallar ala bilər. Başqa variant yoxdur.
Söhbət ABŞ kimi dövlətdə prezident seçdirən adamdan gedir, indi o öz ölkəsində özünü prezident seçdirə bilməyəcək? Nə qədər zarafata oxşasa da, gülməli görünsə də, reallıq bundan ibarətdir.
Ona görə də Rusiyanın daimi intriqada olduğu ABŞ və Qərb dövlətləri də Rusiyadakı seçkilərlə bağlı hər hansı bir illüziyaya qapılmayıblar, əbəs yerə heç nəyə ümid bəsləmirlər.
Qərbin bu seçkidə heç olmasa uzaqdan-uzağa azarkeşlik edə biləcəyi bir namizəd belə yoxdur.
Hazırda ortada olan iki rəsmi namizəddən biri partiyasının adında “liberal-demokrat” sözü keçsə də, özü qatı rus faşisti olan Vladimir Jirinovskidir. Onun partiyası (RLDP) parlamentdə təmsil olunduğu üçün Jirinovskini ekstren şəkildə, imzasız qeydə alıblar.
Bu adam son otuz ildə bütün növ seçkilərdə iştirak edib, sabit elektoratı var, təxminən ölkəmizin əhalisi boyda olan seçicilər kütləsi daima bu rus faşistinə səs verir, onun Rusiyanın gələcəyi, qonşuları, düşmənləri haqda fikirlərini bölüşür.
Dünya birliyi Jirinovskini qeyri-ciddi biri, seçki təlxəyi, “Kremlin qəzəbli, latayrlı ağzı” saysalar da, o, hər dəfə Kremlin namizədi üçün “növbətçi alternativ” rolunu diqqətlə oynayır.
Keçmiş və gələcək prezident Vladimir Putinin hazırda 65 yaşı var və o, 18 ildir ki, dövlət başçısıdır. 1999-cu il avqustun 16-da baş nazir təyin edilən Putin 1999-cu il dekabrın 31-dən prezident vəzifəsini icra edib. Arada prezident kürsüsünü sırf formallıq üçün dostu və sağ əli Dmitli Medveyevə güzəştə getsə də, sonradan geri alıb. Daha dəqiqi, onlar iki dəfə kürsülərini dəyişiblər.
Ancaq Mevedev prezident olanda da hamı bilirdi ki, ölkəni əslində Putin idarə edir. Medvedev sadəcə baş nazir Putinin yanında prezident işləyirdi.
Bu da Rusiyadakı seçkilərin ən ironik tərəfidir. Hər şey formaldır, hər şey öncədən bəllidir.
Bəlli olmayan bircə şey var, o da Rusiyanın gələcəyidir. Aydın məsələdir ki, öz gələcəyini necə müəyyən etməsi imkanı rus xalqının əlində deyil. Putin və onun komsomolçu-gənclər briqadası, eləcə də sabiq kəşfiyyatçılar qrupu bu imkanı xalqın əlindən alıb.
Ən pisi odur ki, Rusiya bu sayaq idarə edildikcə, onun qonşularından hər birinin təhlükəsizliyinə təhdid var. Putin qəti şəkildə yaxın ətrafında hansısa ölkənin demokratikləşməsinə qarşıdır.
Bu baxımdan bu ilin mart ayında Putin yenidən bütün postsovet məkanının hökmdarı, despotu “seçiləcək”.