Bu ilin ən gülməli xəbəri hələlik budur. ABŞ-da Tramp haqqında 250 min tirajla bir kitab çıxıb. Kitabın çıxması özlüyündə, əlbəttə, gülməli deyil, gülməli olan kitabda prezident Tramp haqqında yazılanlardır.
Adamın saçının boyasından tutmuş ta ömür-gün yoldaşı ilə ayrı yataqlarda yatmasına qədər çox şey yazıblar.
Hərçənd bu, axırıncını yazmasalar da olardı, nəyimizə lazım, nə dərdimizə, borcumuza qalıb ki, kim harda necə yatır. 70 yaşlı kişinin tək və ya cüt yatması nə dünya, nə də ABŞ üçün ictimai-siyasi əhəmiyyət kəsb eləmir.
Ancaq məsələn, cənab Trampın huşsuzlaşması, hətta yaxın dostlarının adını unutması beynəlxaq miqyasda ictimai-siyasi əhəmiyyət daşıyır. Birdən adam qəzəbləndi (onda belə şeylər tez-tez olur) və “Venesuelanı vurun” əvəzinə “Venetsiyanı vurun” dedi, onda nə olacaq? Hələ bunun Şimali Koreya ilə Cənubi Koreyanı qarışdırması, ABŞ-ın Corciya (Georgia) ştatına uçmalı olduğu yerdə Qafqazdakı eyni adlı ölkəyə – Gürcüstana (Georgia) gəlməsi var. Huşsuz adamdan nə desən çıxar.
Bir şey ki, öz işçiləri ona Ağ Evdə “zırrama” deyirlər. Məsələn, maliyyə naziri Stiv Mnuçin və president administrasiyasını keçmiş rəhbəri Rayns Pribus öz aralarında danışanda deyirmişlər ki, ey, dostum Stiv (yaxid, ey Rayan) bizim o zırrama yerindədirmi.
Amma insafən, Trampın baş iqtisadçısı Qari Kon şefinə hörmətlə yanaşırmış, təhqiramiz ifadələrə yol vermirmiş, eləcə deyirmiş, bu kütbeyin də iqtisadi məsələlərdən baş açmır. Milli təhlükəsizlik müşaviri Makmaster isə Trampı “gicbəsər” adlandırırmış. Təbii ki, üzünə qarşı yox, daldada, onun-bunun yanında. Adam düşünür ki, Makmaster bizim dili bilsə, öz rəhbərinə mütləq “gicbəsər” kəlməsinin ana dilimizdəki identik qarşılığını deyərdi. Haqq üçünə, bizimki deyilişdə daha yaxşı səslənir. Bir var “gicbəsər”, bir də “anvays” (unwise) – hansı yaxşdır?
Bəs Trampın əslində necə biri olduğunu ən yaxşı kim bilər? Təbii ki, onun ən yaxın və ən köhnə dostu. Bu adam kimdir? Milyarder Tomas Barrak. Məhz Barrak öz köhnə dostu barədə deyilənlərlə razılaşmayıb, deyib ki, o təkcə dəli deyil, həm də axmaqdır.
Ancaq Tramp özü də azacıq aşın duzu deyilmiş, ağzıpərtonun biriymiş, zəhləsi gedən baş prokuror əvəzi Salli Yatesə elə bir təhqiramiz söz deyirmiş ki, mən onu burda yaza bilmərəm, yalnız kişi tay-tuşlarıma telefonla deyə bilərəm. Ayıb, çox ayıb. Bir baş prokurora elə söz deyilərmi? Camaatın anası-bacısı var.
Kitabda bir detal da var, bilmirəm gülməlidir, ya ağlamalıdır. Məsələ belədir ki, İvanka Tramp və onun əri Cared Kuşner öz aralarında indidən razılığa gəliblər ki, gələcəkdə ikisindən biri prezident olsun. Gənclər əvvəlcə bir az mübahisə ediblər, sonra razılaşıblar ki, İvanka prezident olsun. Hiss olunur ki, onlar hələ bir yerdə yatırlar, anlaşa bilirlər (bu da bizim borcumuza deyil).
Bu isə ürəkaçan faktdır: Tramp öz ölkəsinin konstitusiyasını prezident seçiləndən sonra öyrənib. Bu işdə ona köməkçisi Sam Nunberq kömək edib. İntəhası, o, sonradan dilini qarnına qoymayıb, gedib orda-burda deyib ki, guya konstitusiyanı öyrənəndə prezident gözlərini bərəldirmiş. Təxminən o mənada ki, indi bunlara necə əməl edəcək, əgər ölkəni krallar, diktatorlar kimi idarə etməyəcəksə, onda bu vəzifəyə niyə seçilib.
Əlbəttə, prezidentin konstitusiyanı heç bilməməsi və tez-tez tapdamasındansa, gec öyrənib, ona riayət etməsi daha təqdirəlayiqdir. Təzə-təzə işə başlayanda Trampda bir Ağanəzər havası vardı, elə bilirdi ki, ABŞ bunun şirkətidir, istədiyi adamı istədiyi yerdən qovdura, tutdura bilər. Sonra adama başa saldılar ki, yox elə deyil. İndi hətta onun özünün işini araşdırırlar, ola bilər ki, bu il onu işdən çıxardacaqlar.
Dünyanın ən böyük ölkəsinin rəhbərinin günü budur. İşçiləri adama zırrama deyir, xalq ona ağzını ayırıb gülür, senatorlar xəcalətlərindən senata gələ bilmirlər, konqresmenlər o tərəfdə utanır. Təkcə İvankanın kefi kökdür, deyir, Cared, papam vəzifəsini mənə verib gedəndə mən ölkəmizin ilk qadın prezidenti olacam, sən də “först men” olarsan.