Bu gün dünyada paralel və çarpaz mübarizələr gedir.
Bir tərəfdə despotizmlə demokratiya savaşır. Ümumi hesab despotizmin xeyrinədir. Dünya dövlətlərinin üçdə ikisi qeyri-demokratik rejimə sahibdir.
O biri tərəfdə sekulyarimzlə teokratiya vuruşur. Burada sekulyar dövlətlərin üstünlüyü var, amma teokratiyanın müqaviməti zaman-zaman artır. Bu biri yanda sərhədlərin yenidən müəyyənləşdirilməsi uğrunda çarpışma gedir. Faktiki olaraq sərhədi dəyişdirilmiş ölkələr var.
Başqa yanda dağəmələgəlmə prosesindən də ağrılı yeni dövlətəmələgəlmə mücadiləsi aparılır. Sadəcə, yeni yaradılan dövlətlərin tanınması müşkül məsələdir.
Etnik qruplar, dini konfessiyalar qırğındadır. Banqladeşdən Nigeriyaya qədər, Pakistan, Əfqanıstan, İraq, Suriya da daxil, onlarca ölkədə bir-biri ilə vuruşan qruplar və icmalar var.
Sosial zümrələr (kasıblar və varlılar) arasında əbədi mübarizə yeni mərhələyə qədəm qoyub. Bu və ya digər ölkələrdə baş verən inqilabi proseslərin, kütləvi aksiyaların mayasında bu amil durur.
Superdövlətlərin öz nüfuz dairələrini genişlətmək üçün apardıqları savaş şiddətlənib. ABŞ, Rusiya, Çin, İngiltərə, Səudiyyə Ərəbistanı, İran… və başqa özünü güclü dövlət hesab edənlər ekspansiv siyasət yeritməkdədir.
Bu üzdən hara baxırsan, iğtişaş, toqquşma, partlayış, qan-qada, faciədir. Biz belə bir müharibələri, mübarizələri də xaotik, qarmaqarışıq olan dünyada yaşayırıq.
Bunun adına ümumi şəkildə yaşayış uğrunda mübarizə də demək olar. Bəşər övladları irqi, dini, milli, coğrafi birliklərə bölünərək mövcudluqlarını qorumağa çalışırlar.
Nə yazıq ki, bütün bunlar sərhədlərimizdən bir az aralıda baş verir. Yəni biz dövlət və millət olaraq bu çarpışmaların düz ortasında deyiliksə də, bir kənarındayıq və bir gün episentrinə düşə bilərik. Belə durumlarda dövlətin salamatlığını qoruyub saxlamaq, xalqın rifahını təmin etmək çətindir. ABŞ və müttəfiqləri 3-4 il öncə Rusiyaya geniş spektrli sanksiyalar tətbiq edəndə bizdə düşünənlər vardı ki, bunun ölkəmizə təsiri olmayacaq. Amma oldu. Rusiyadan hər ay ölkəmizə göndərilən bir neçə milyardlıq valyuta axını xeyli azaldı.
Rusiya Suriya səmasında vurulan qırıcısına görə Türkiyə ilə pozuşanda və birinci ikinciyə çoxtərəfli sanksiya tətbiq edəndə, bəziləri hətta bu durumun işimizə yarayacağını deyirdilər.
Guya Türkiyəyə gedən rus turistlər kütləvi şəkildə ölkəmizə gələcək və Rusiyaya göndərilən pomidor-bibər-badımcanın yerini bizim məhsullar tutacaqdı.
Heç biri olmadı. Rus turistlərin xeyli hissəsi ümumi böhran üzündən tətil və səyahətdən imtina etdilər, bir yarısı da Yunanıstana, başqa ölkələrə getdi. Pomidorumuzun qarşısını isə Yalama tərəfdə kəsib xarab etdilər.
ABŞ nüvə silahı əldə etmək çalışmalarına görə İranı hədələyəndə, başlanası müharibə ehtimalının “vur, vurum” mərhələsi start götürəndə İrandan ölkəmizə minlərlə adam axın etdi və onlar burada ən azı mənzillərin qiymətinin qalxmasına səbəb oldular.
Hələ yaxşı ki, müharibə təhdidləri reallığa çevrilmədi, yoxsa Türkiyəni basmış suriyalı qaçqınlar kimi iranlı qaçqınlar da kütləvi şəkildə Azərbaycan ərazisinə keçəcək, demoqrafik partlayışa səbəb olacaqdılar.
Ən maraqlısı, bəlkə də qəribəsi odur ki, ətrafımızda gedən bu paralel və çarpaz qovğalar cəmiyyət olaraq bizdən yan keçmir. Bizə yalnız uzaqdan isti-soyuğu olsa da, ölkəmizin ictimai siyasi fəallar kəsimi mütləq həmin dava və ixtilaflarda tərəf tutur, burada bir-birilə mübarizə aparırlar.
Bu, idman azarkeşliyindən (məsələn, “Real” və “Barselona”, yaxud “Qalatasaray” və “Fənərbağça” futbol klublarının tərəfdarlarının sonu görünməyən qovğası) çox fərqlənir. Siyasi səciyyəli ixtilaflar daha ciddidir və ona qarışıb tərəf tutanların bir-birinə nifrəti gerçəkdir. Böyük klubların azarkeşləri nə qədər öcəşsələr də, əlbəyaxa davaya çıxmırlar. Sekulyarizm və teokratiya cəbhəsində yer alanlar isə əksinə, bir-birini didməyə hazırdır.
Eləcə də despotizm və demokratiyadan yana olanlar, o cümlədən bu və ya digər xarici dövlətin tərəfini tutanlar bir-birinin varlığını qəbul etməyəcək dərəcədə aqressivdirlər.
Günümüz budur. Bəşər övladının gələcək taleyi sual altındadır.