Son 25 ildə ilk dəfədir ki, deputat Hadı Rəcəbliyə haqq verməyim gəlir. “Haqq vermək” deyəndə xərac-filan başa düşülməsin, cənab deputatla aramızda heylə haqq-hesab yoxdur. Yəni onun dediyi sözləri bu dəfə bir qədər haqlı sayıram.
Gerçəkdən də bizdə varlı adamlara qarşı aqressiya var. Bu, heç də təsadüfi deyil, dəruni kökləri, siyasi-sosioloji-psixoloji, hətta meteroloji səbəbləri var.
Meteroloji səbəblərə misal olaraq qışın sazağında üşüyən, yayın qızmarında puçur-puçur tər tökən, yağışda, qarda evi daman, küləkdə pəncərədən gələn vıyıltıda evdə otura bilməyən kasıbın bütün hava şərtlərində komfortu pozulmayan varlıya bəslədiyi ülvi duyğuları göstərmək olar.
O biri səbəblərdən də çox danışmaq mümkündür.
Siyasi səbəblərdən bir neçəsi: varlı qatıldığı bütün seçkilərdə qalib gəlir, mandat alır, kasıb qatıldığı bütün seçkiləri uduzur, çox vaxt axırda döyülür, bəzən isə tutulur; kasıb qəza törədir, kimisə ehtiyatsızlıqdan yaralayır və adamı tutub türməyə salırlar, varlı bahalı maşınla iki adamı öldürür, media xəbər yaymayıbsa, heç yol-hərəkəti qaydasını pozduğuna görə cərimələmirlər də. Bu ikisi bəsdirmi?
Aqressiyanı artıran sosioloji səbəblər də var: güzəran məsələsi; Qara kürü və ağ şor təzadı; 47 otaqlı villa və 25-30 kvadratmetrlik daxmada külfət paradoksu. Tətildə İbizaya səyahət və Coratda yaşaya-yaşaya dəniz qırağına gedə bilməmək fərqi və s. və i.a.
Bütün bunların məcmusu, sovet dövrünün savadlı adamlarının sözü olmasın, psixoloji aspektdən baxıldıqda aressiyanın kulminasiya nöqtəsinə çatmasına rəvac verir. Yəni camaatı nerviləndirir. Kasıb fikirləşir ki, nə təhər olur, onun hər şeyi var, mənim heç nəyim yoxdur, diploma qalsa iki diplom məndə var, o isə 10 il ərzində bir dəfə lövhəyə çıxıb dərs danışmayıb, amma indi o, təyyarələrdən düşmür, mən heç “Moskviç” də minə bilmirəm.
Belə şeylər, təbii ki, kasıblarda varlılara qarşı aqressiya yaradır – Hadı müəllim düz tutub.
Amma Hadı müəllim orasını deməyib ki, bizim kasıblarda Billi Qeyts, Uorren Baffet, yaxud da adının çəkilməsini məqsədəuyun saymadığımız yerli sahibkar-milyonçular kimi öz zəhməti, ağlı, əlaqələri ilə sərvət qazanan varlılara aqressiya yoxdur, oğurluqla, dövlətin büdcəsini, xalqın cibini soymaqla varlı olanlara qarşı aqressiya var.
Bu da təbiidir. Kasıb oturub fikirləşir ki, bax, filan vəzifədə işləyən o yaramaz dövləti talamasaydı, bizim məhəlləni ucuz qiymətə alıb, evimizi başımıza uçurmasaydı, bizim də 5 manatımız olardı. Belə şeylər də var. Tikintidə işləyən kasıb görəndə ki, smetaya ayrılmış 5 milyonun 2,5 milyonu xərcləndi, 2,5 milyonu yeyildi, fikirləşir ki… “halal xoşları olsun, amma bir beş yüz də bizə verəydilər də, biz də bala saxlayırıq axı”. Amma vermirlər, kasıb da təbii ki, aqressivləşir.
Amma ədalət naminə bir detalı da qeyd etməliyəm. Bəzən aqressiv kasıb heç də haqlı olmur. Bizim kənddə bir deputat briqadir vardı. Şəxsiyyətli və zəhmətkeş kişiydi, özü, yoldaşı, 4 oğlu, üç qızı, hamısı üzüm plantasiyasında işləyirdi. Əmi, təbii ki, yaxşı pul qazanırdı. Təsəvvür edin, hər ay evə yeddi adam 300-400 manat pul gətirirdi, hələ bunun 13-cü maaşı, bir çuval da illik mükafatı vardı. Ordenli briqadir ona mükafat olaraq verilmiş “Qaz-24″ sürürdü, iki aydan bir də qara kostyumunu geyir, qalstukunu vurur, Bakıya Ali Sovetin sessiyasına gedirdi. Kənddə onu varlı adam sayırdılar. Bir də daima kostyumda, qalstukda gəzən, başlarına panama qoyan, ayaqqabılarına toz qondurmayan, səliqə-səhmanda Ştirlisə oxşayan müəllimlər vardı, dərslərini deyər, kəndin parkına gələr, oturub çay içə-içə nərd oynayardılar. Bir dəfə onlar qoşa çinarın ala kölgəsində oturub nərd oynaya-oynaya zarafatlaşarkən ordenli briqadir gəldi, maşınını saxladı və susuzluqdan yanırmış kimi çayxanaya getdi. Səliqəli müəllimlərdən biri onu görcək dedi ki, bah, burjua sinfinin nümayəndəsi gəldi. Mən özümü saxlaya bilmədim, dedim, müəllim, bir o kişinin günün altında işləməkdən qaralmış sifətinə, əlinin qabarına, ayağının üstü göydaşlı ayaqqabısına baxın, bir də özünüzə, görün kimdir burjuy. Bunu deyən müəllim məndən belə yekəbaşlığı gözləmirdi, susdu. Heç kim danışmadı. Sonradan eşitdim ki, dalımca deyiblər, bu cəbhəçilər də böyük-kiçik yeri bilmirlər.