Yəqin ki, bu sətirləri oxuyan hər bir oxucu Silvio Berluskonini, Al Banonu və Toto Kutunyonu tanıyır.
Əlbəttə, az-az tanımayanlar da ola bilər. Elə adamlar var, məsələn, bir də görürsən, 30-40 il boyunca səhnədə can qoymuş aktyorları, müğənniləri tanımırlar. Çünki onların müasirləri olmayıblar, sonradan doğulublar və milli televiziyaya baxmayıblar.
O üzdən 40 ildir dünya şöhrəti qazanmış, ölkəmizə də gəlib-getmiş Al Bano Karrizini tanımayanlar, eləcə də Toto Kutunyonu alatoran tanıyanlar ola bilər. Amma bir oxucu Silvio Berluskonini tanımırsa, yazını bu yerdə yarımçıq qoyub getsin, Nigar Camalla Röya Ayxanın İstanbuldakı “bu nə baxış idi, aaaz” rədifli qovğasına dair xəbərlər oxusun.
Çünki don Silvio İtaliyanın məşhur, qalmaqallı baş naziri olub, onun hovuz qırağında eyş-işrət məclisləri təşkil etməsindən tutmuş ta Romada küçə süpürməyə məcbur edilməsinə qədər yüz cür xəbərini yazmışıq. Aləm adamdır. Kinolardan tanıdığımız mafiozlar var ha, bax, onlar Berluskoninin yanında, kriminal jarqonda desək, “şestyorka” (“6-lıq”) kimi bir şeydirlər.
Adamın yaşı 80-i keçib, bu ilin sentyabrında 82 yaşı tamam olacaq, amma hələ də öz siyasi gələcəyini düşünür, 5-ci dəfə İtaliyanın baş naziri olmaq istəyir. Bundan əvvəl o, dörd dəfə baş nazir, bir dəfə xarici işlər naziri, iki dəfə iqtisadiyyat və maliyyə naziri, bir dəfə iqtisadi inkişaf naziri, bir dəfə isə hətta səhiyyə naziri vəzifələrində işləyib.
Ağsaqqal hazırda senatordur və “İtaliya, irəli” adlı partiya yaradıb.
Bəs Silvio Berluskonini məşhur müğənnilər Al Bano və Toto Kutunyo ilə nə birləşdirir?
Gəncəlilər demişkən, heşnə, don Silvio bu il martın 4-də keçiriləcək parlament seçkilərində onların namizədliyini deputatlığa irəli sürmək istəyir.
Yuxarıda dediyim kimi, Al Bano və Toto dünyada məşhur olduqları kimi, öz ölkələrində də məşhurdurlar, dünyada yüz milyonlarla insan birincinin “Feliçita”, ikincinin isə “Laşata mi kantare” mahnısını əzbərdən bilir və hələ də oxuyurlar. Yəni hamı onları sevir.
Hərçənd bilmək olmaz, bu sevgi nə qədər ictimai-siyasi əhəmiyyət kəsb edir. Ona qalsa Al Bano və Toto İtaliyada, eləcə də dünyada məşhur olanda bizdə də Baloğlan və Ağadadaş çox sevilirdi, 5-6 milyon insan onların kasetini oxudurdu, toyda onların mahnılarının sədaları altında oynayırdı. İnsafən, günü bu gün də hər toyda ən azı 3 dəfə camaat Ağadadşın “Könlüm qəmi neylər” mahnısına oynayır, amma “Ay uçan quşlar”dan xəbərim yoxdur, deyəsən, o sümüyə düşmür.
İndi bu o deməkdir ki, hansısa hakimiyyətə gəlmək istəyən qüvvə 61 yaşlı Ağadadaş Həmid oğlu Ağayevin və 66 yaşlı Baloğlan Xanoğlan oğlu Əşrəfovun namizədliyini deputatlığa irəli sürsə, onlar mandat qazanar, parlamentə düşərlər?
Bu o halda olar ki, onların namizədliyini irəli YAP sürsün. Elə olsa ikisi də seçilər. Amma YAP məşhur müğənniləri qabağa verməsə, onların namizədliyini bir müxalifət partiyası dəstəkləsə, onlar nəinki seçki qutusundan çıxa bilməzlər, hətta bir daha sehirli qutuda – televizorda da görünməzlər. Allah tərəfi, müğənnilərimiz özləri də YAP-dan qeyri bir başqa partiyaya könül verməzlər.
Əsas fərq budur. 74 yaşlı Al Bano Karrizi və 74 yaşlı Salvatore Kutunyo isə müxalifət partiyasının namizədi olacaqlar. Əlbəttə, əgər razılıq versələr.
Bu başqa söhbətdir ki, italyan seçicilər əsəbiləşə bilər və onlara deyərlər ki, sinyorlar, liderinizin 81, özünüzün 74 yaşınız var, oxuduğunuzu oxumusuz, gördüyünüzü görmüsüz, sizin siyasətdə nə işiniz var, çəkilin bir kənara, imkan verin cavanlar işləsin.
Bizə baxmayın, biz böyük-kiçik yeri bilən, bir az da utancaq camaatıq, amma italyanlar həm hirsli, həm də qırmızı adamlardır, onlar o sözü deyərlər.
P.S. Onu da deyim ki, Al Banonun atası II dünya müharibəsində Albaniyada yaşadığı üçün oğlunun adını Albano qoyub, yoxsa italyanlarda elə ad yoxdur.