Загрузка...

Seçki ilinə giririk. Sırada birinci olan qonşu Rusiyadır. Möcüzə baş verməsə, iki ay yarım sonra Putin öz prezidentlik müddətini daha 6 il uzadacaq. Bundan Rusiya xalqının uduşda olacağını söyləmək isə çətindir. Çünki qarşıdakı illərdə qlobal geosiyasi proseslərin xüsusilə mürəkkəb axarda gedəcəyi, təlatümlü olacağı proqnoz edilir.

Fəqət, bütün hallarda Putin seçkilərdə tam alternativsiz görünür. Ona görə yox ki, onun real alternativi yoxdur. Ölkədəki siyasi və seçki ab-havası, siyasi rejimin avtoritar xarakteri, sadəcə, həmin namizədin üzə çıxmasına imkan vermir. Biri elə seçkilərə buraxılmayan, real reytinqi Putindən geri qalmayan Aleksandr Navalnı.

Aydındı ki, Navalnı seçkiyə qatılsaydı belə, qələbə şansı yox idi. O səbəbə ki, Rusiya cəmiyyəti və seçicisi azad deyil, ölkədə ədalətli rəqabət mühiti, azad TV-lər yoxdur. Bu amillərdən yararlanan hakim komanda üstəlik, inzibati resurslar hesabına məğlubiyyətin “çələngi”ni Navalının da boyuna biçəcəydi…

*****

Rusiya sözsüz ki, demokratik ölkə deyil – burası məlum. Rusiyada demokratiya olsaydı, Rusiya olmazdı ki. Demokratik imperiyalar olmur. Rusiyada heç idarə olunan demokratiya da mövcud deyil. Hərçənd, demokratiya idarə olunmaz, idarə edər. Demokratik standartlara görə isə, o ölkə demokratik sayılır ki, orada hakimiyyət heç olmasa, bir dəfə seçki yolu ilə dəyişmiş olsun. Rusiyada belə hal indiyədək olmayıb. Qırğızıstanda olub, amma Rusiyada – yox.

Adətən azad olmayan cəmiyyətlərdə seçici rəyi ilə belə manipulyasiya edirlər ki, bəs, hakimiyyət seçki və ya qeyri-seçki yolu ilə dəyişsə, ölkədə qeyri-müəyyənlik, hətta xaos yaranar. Bu mənada, təkrar edirik, möcüzə yaşanmasa, 18 illik Putin rejiminin ömrü növbəti ədalətsiz seçki yarışı ilə martda daha 6 il uzanacaq.

*****

Amma bizi təbii ki, Putinin ərazi işğalları ilə “yedizdirdiyi” Rusiya cəmiyyəti yox, özümüz maraqlandırır: cənab Putin Kremldə qalmaqda davam edəcəksə, bizim, Azərbaycanın halı, Qarabağın taleyi necə olacaq, yaxşılığa doğru ümidlənməyə dəyərmi? Məsələn, 18 ildə işğalçının cilovunu yığmayan, arxasında “süngü” kimi dayandığı Ermənistanı bircə dəfə də işğalçı adlandırmayan Putin qarşıdakı 6 ildə bunu edərmi?

“2018-də Azərbaycanın 5 rayonunu qaytarmaq lazımdır”. Bunu Kremlin “danışan dili” və ideloqlarından sayılan Aleksandr Duqin bu dəfə yeni il ərəfəsi deyib. Rusiyadan səslənməkdə davam edən bu kimi sedativ, bir az da hədələyici-yorucu bəyanatlara isə Azərbaycan çoxdan öyrəncəlidir. Bunlar indi bir növ sovet dönəmindəki “Qırmızı beşillik”lərlə bağlı verilən vədlər təki, bizdə daha ümid, emosiya doğurmur, bizi riqqətə gətirmir. Çünki bu bəyanatların arxasındakı gerçək məram bəllidir.

Doğru, Azərbaycan Putin dönəmində işğala məruz qalmayıb. Hətta biz 2 min hektara yaxın ərazimizi geri qaytarmışıq. Azərbaycan toplumu 24 illik atəşkəs dönəmində nəhayət ki, hərbi qələbəyə inam əldə edib, böyük qələbəni “dadıb”. Ancaq bizə böyük qələbəni dadmaq yox, böyük qələbənin özü lazımdır! Tələdəki “pendir”i xatırladan 5 rayon yox, 7 rayon + Dağlıq Qarabağ lazımdır. Qanuni torpaqlarımızın hamısı lazımdır!

Bəs buna necə nail olmalı? Azərbaycan düşməndən bir neçə qat hərbi üstünlükdə ola-ola, xüsusən səmada, PUA-larla bağlı şəriksiz avatanjımız etiraf edilə-edilə, son illər üstəgəl, hərbi sənayemiz uğurla güclənə-güclənə hərbi üstünlüyümüzü necə maddiləşdirməli? 2018-ci ilin Azərbaycan üçün cavabı tapılmalı olan ağır suallardan biri yəqin ki, bu olacaq.

Əlbəttə ki, söhbət Rusiya amilini təsirsiz hala gətirməkdən gedir. Bir sual da budur ki, əgər Duqinin iddia elədiyi kimi, Rusiya “artıq çoxqütblü dünyanın qütblərindın birinə çevrilib”sə, o zaman birqütblü dünyada, yəni Rusiyanın zəif olduğu dönəmdə Kreml Qarabağ ixtilafının həllinə kömək etməyibsə, çoxqütblü dünyada – özünə güvənin artdığı dövrdə buna maraq göstərərmi? Qarabağ məsələsinin həlli Moskvanın qütb olmaq strategiyasına zərbə olacaqsa, yəni o halda Moskvanın regiona, Azərbaycana təsiri azalacaqsa, Kreml nizamlamada maraqlı olarmı?

Deyəsən suallar cavablardan çox oldu axı.

Nə etməli, Rusiya kimi bir qonşusu olanın gərək gözünə yuxu getməsin və iki müdrik başı, dörd iti gözü olsun ki, belə suallar içində itib-batmasın…