Загрузка...

Bir neçə gün bundan əvvəl Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində güzəştli şərtlərlə satılacaq yeni yaşayış kompleksinin təməli qoyuldu və inşasına başlanıldı. Hazırda inşası davam etdirilən Yasamal Yaşayış Kompleksi cəmi 1843 mənzildən ibarət oldugu halda, Hövsan Kompleksində 3002 ailə güzəştli şərtlərlə mənzillə təmin ediləcək.

Musavat.com Xəzər xəbər-ə istinadən bildirir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində 7 mərtəbəli ilk binanın tikintisi aparılır. Ümumilikdə, bu ərazidə 11 yaşayış binası inşa ediləcək və mənzillər güzəştli şərtlərlə satılacaq. Yeni yaşayış sahəsi 20 hektarlıq geniş ərazidə inşa edilir.

Hövsan Yaşayış Kompleksində ümumilikdə 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə ilk dəfə olaraq dördotaqlı olması planlaşdırılır.

Ərazidə hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.

İnşası davam etdirilən və 1843 mənzildən ibarət olan Yasamal Yaşayış Kompleksində ilk mənzillərin növbəti ilin yay aylarında təhvil verilməsi planlaşdırılır.