Ölkəmizdə bir ərəbsevməzlik tendensiyası var. Bunun tarixi kökləri də var, amma fakt budur ki, son illərdə bu, daha da güclənib.

Bu təəssüratın yaranmasında ərəb dövlətlərinin yeritdiyi siyasətdən, mədəniyyət fərqliliyindən tutmuş ta ərəb turistlərin ölkəmizə axını ilə üzə çıxan uyğunsuzluqlara qədər çox şey var.

Məsələn, 100 il öncədən qadınlara təhsil, səsvermə, vəzifə tutmaq hüququ verən, 50 il öncədən qadınları avtomobil sürən ölkəmizin əhalisi saytlarda oxuyanda ki, Səudiyyə Ərəbistanında hələ indi-indi qadına avtomobil sürmək hüququ verilir, təbii olaraq, mat qalır.

Eləcə də quzunun boynuna zəncir bağlayıb alış-veriş mərkəzinə aparan, qaldıqları hoteli bərbad günə qoyan, küçəyə sidik axıdan, şəhərin mərkəzində qadın və eyş-işrət düşkünü olduğunu hər addımda göstərən ərəbləri görəndə istər-istəməz dünyanın ən çoxsaylı xalqlarından biri olan ərəblər haqqında ümumiləşdirilmiş qənaətlər yaranır.

Hələ ərəblər haqqında təsəvvürlərin formalaşması bununla məhdudlaşmır. Avropanın meqapolislərindən birində əlinə çəkic alaraq qadın heykəlini “haramdır” deyə dağıtmağa çalışan, başqa bir şəhərdə eyni motivlə Yeni il yolkalarını qırıb-tökən ərəblər də dünyanı saran ərəbsevməzlik təmayülünü ötə yandan gücləndirirlər.

Yəni bir bizdə deyil, başqa ölkələrdə də insanlar bu düşüncədədir.

Onlar çoxdurlar, müxtəlif səbəblərdən artıq dünyanın dörd tərəfinə yayılıblar və bir çox yerlərdə kompakt yaşayırlar. Kompakt yaşamağın üstünlüyü ilə yanaşı, əsas mənfi tərəfi odur ki, ərəblər sığındıqları ölkənin yerli əhalisi ilə qaynayıb-qarışa bilmir, dil öyrənmir, yonulmurlar. Bundan daha pisi onlar sığındıqları ölkənin qayda-qanunlarını öz vərdişlərinə, adət və ənənələrinə uyğunlaşdırmağa çalışır, özləri üçün avtonom bir getto, “şəhər içində şəhər”, “cəmiyyət içində cəmiyyət” yaratmaq istəyirlər.

Sosial rifah, infrastruktur, eləcə də təbiət baxımından cənnətə çevrilmiş İsveç, Norveç, Fransa, Belçika, Almaniya, Avstriya, İngiltərə, Hollandiya və başqa Avropa ölkələrinin əhalisinə xor baxan, onları “kafir”, “zinakar”, “haramxor” sayan ərəblər öz qaydalarını bu ölkələrdə bərqərar etmək fikrindədirlər və ona görə də yerli əhali tərəfindən sevilmirlər.

Hər il ərəb gənclər tərəfindən Parisdə, Lionda, Bordoda, Nantda yandırılan minlərlə avtomobilin fransız sahibləri, əlbəttə, onları sevməyəcəklər. Tarixi abidələri ərəblər tərəfindən dağıdılan almanlar da, dinc sakinləri ərəb canilər tərəfindən bıçaqlanan isveçlilər də, şübhəsiz, fərqli fikirdə olmayacaqlar.

Dünyanı sarmış ərəbofobiyanın ciddi səbəbləri var və bu, daha çox ərəblərin özlərindən qaynaqlanır. Bəzən bu tendensiyanın adını yanlış olaraq “islamofobiya” qoyurlar, amma bu, daha çox ərəbofobiyadır. Son illərdə Orta Asiyadan və başqa yerlərdən çıxan və Avropada terror rüzgarı əsdirənlərin arxasından bütün hallarda təşkilatçı, sifarişçi qismində ərəblərin çıxması hiddət oxlarını onlara yönəldir.

Yuxarıda deyildiyi kimi, bizim ölkədə ərəbsevməzliyin tarixi kökləri var. Bu, ondan irəli gəlir ki, vaxtilə ərəblər ölkəmizi istila ediblər, yüz illər boyunca öz dillərini, mədəniyyətlərini yerli xalqa zorla sırıyıblar.

Bir də ortada siyasi məsələlər var. Ərəb dövlətləri beynəlxalq miqyasda bizə heç zaman lazımi dəstəyi verməyiblər – xüsusilə də Qarabağ münaqişəsində. Onlar çox zaman bizə münasibətdə məzhəb fərqliyi prizmasından yanaşırlar və bu, tendensiya davam edir.

Budur, Suriyanın baş müftisi şeyx Əhməd Bədr-əd-Din Hassun Rusiya mediasına deyib ki, Qarabağ erməni torpağıdır və bu, mübahisə predmeti ola bilməz. Bu onun həmin mövzuda ilk açıqlaması deyil, şeyx Əhməd 2011-ci ildə də bənzər fikirlər səsləndirib.

O, öz dövlətinin baxış bucağını açıqlayır. Onun dəstəklədiyi Əsəd rejimini Rusiya xilas edib, Rusiya isə Ermənistanla müttəfiqdir. Müfti dini mənsubiyyət birgəliyini bir kənara qoyaraq, məsələyə “dostumun dostu mənim də dostumdur” prizmasından yanaşır – bu qədər bəsit. Din-iman məsələsi belələrinin yadına yalnız öz işlərinə yarayanda düşür.

Bununla belə, ayrıca götürülmüş heç bir xalqı ayrı-ayrı fərdlərinin, qruplarının hərəkətlərinə görə ümumiləşdirərək “pis xalq” elan etmək olmaz. Bu, faşizmdir. Söz yox ki, hər millətin yaxşısı, pisi olduğu kimi, ərəblərin içində də milyonlarla yaxşı, mədəni, savadlı insanlar var. Amma nə yazıq ki, indilikdə bu millətin cahilləri, fanatikləri, mədəniyyətsizləri, dün tüccarları, siyasi riyakarları vitrinə çıxıblar.