Biznesdən böyük siyasətə uğursuz sıçrayış edən Donald Trampın Ağ Evə “propiska” olmasından təxminən bir il ötür. Bir ölkə rəhbəri üçün kiçik zaman deyil – əgər Trampı ölkə rəhbəri saymaq mümkünsə…
İş ondadır ki, reytinqi rekord həddə aşağı düşən Tramp hələ də ABŞ-ın nüfuzlu prezidentinə çevrilə, hakimiyyətdə vərəsəliyi təmin edə bilməyib. Olsa-olsa, o, yalnız Ağ Ev sakinləri üçün legitim dövlət başçısıdır. Trampın xüsusən də ölkənin xarici siyasətinə təsiri “Oval kabinet”dən uzağa getmir.
Müşahidələr göstərir ki, adamı əməllicə çərçivəyə, qəfəsə salıblar. Bu da şəkk yox ki, ən əvvəl onun populist vədlər sayəsində böyük siyasətə təsadüfi gəlişi, ardınca verdiyi naşı qərarlarla birbaşa bağlıdır, siyasətə də dollar prizmasından baxmaqda davam etməsi ilə bilavasitə ilgilidir.
Tramp böyük siyasətin əlifbasını öyrənincə yəqin ki, Amerikanınkı Amerikaya dəyəcək. Təsəvvür edin, Rusiya ilə münasibətləri düzəldəcəyinə əmin olan, buna hətta söz verən, Putinin dostu kimi tanınan Trampa həmin o Putini ABŞ-ın 1 nömrəli düşməni elan edən yeni Milli Təhlükəsizlik Strategiyasını imzalatdılar.
Onun ötən yay Ağ Evdə Ramazan ayında müsəlman dövlətləri səfirlərinə iftar süfrəsi açmaq kimi çoxillik ənənəsinə ilk dəfə yasaq qoyması da əsla uzaqgörən gediş deyildi. Həmin qərarın əks-sədası BMT-də Qüdslə bağlı son səsvermədə özünü göstərdi – bir müsəlman ölkəsi belə, Trampın mövqeyini dəstəkləmədi və ABŞ ənənəvi müttəfiqi İsrail xaric, 3-4 cırtdan (ada) dövlətin ümidinə qaldı, faktiki, təkləndi. Diqqətçəkcidir həm də odur ki, Trampın səsvermə öncəsi ölkələri hədələməsi də əks-effekt verdi. Bu da ABŞ tarixində başqa bir neqativ ilk idi!..
*****
Bir dəfə yazmışdıq. Tramp məgər Reyqandan, Klintondan, ata və oğul Buşlardan, Obamadan daha ağıllı oldu ki, Qüdsü İsrailin paytaxtı elan elədi? Təbii ki, yox. Onun sələfləri yaxşı bilirdilər ki, o halda nəticə Amerika üçün yaxşı olmayacaq, dostlar azalacaq, rəqiblər isə çoxalacaq. Siyasətçinin, liderin birinci vəzifəsi ölkəni gözləyən neqativ hadisələri öncədən, dəqiqliyinədək hesablamaq olmalıdır.
Trampda isə bu kreativlik yoxdur. Odur ki, hakimiyyətdə qaldıqca Amerika vaxtaşırı belə sürprizlərə tuş gələcək. O üzdən ehtimal ki, bundan sonra Amerika “dərin dövlət” onun hərəkətlərini daha sərt çərçivəyə salmalı olacaq, nəzarətə götürəcək.
Bəzi şərhçilərə görə, Trampdan sonrakı prezident onun Qüds qərarına veto qoyacaq. Ola bilsin, Tramp ABŞ səfirliyini Qüdsı köçürməyə macal da tapmasın – impiçment imkan verməsin. Ancaq artıq olan olub. Trampa görə Birləşmiş Ştatların dünyadakı nüfuzu növbəti zərbə yeyib.
Bir şey adındır ki, onun xələfinin işi xeyli çətin olacaq – sələfin “zir-zibillərini” yığışdırmaq baxımından. O da aydındır ki, ABŞ-ın xarici siyasətinə indiki prezidentin təsiri heç vaxt olmadığı qədər azdır. Halbuki, prezident ölkənin sükançısı sayılır – ələlxüsus, prezidentli ölkələrdə.
ABŞ nə qədər hüquqi-demokratik dövlət olsa da, hakimiyyət bölgüsü ölkədə saat kimi işləsə də, bu amil öz önəmini saxlayır: ölkənin sükançısı güclü, xarizmatik, müdrik şəxs olmalıdır. Belədirmi? Əfsus ki, ABŞ kimi dövlətin sükanı faktiki şəkildə Jirinovski, Vəzirov çaplı bir adamın əlindədir. Və nəticə nə olmalıdrsa, odur…
Bu yerdə Böyük Britaniyanın ünlü baş naziri Uinston Çörçillin məşhur ifadəsi yada düşür: “Demokratiya ideal idarəçilik sistemi olmasa da, bəşəriyyət bundan yaxşısını tapa bilməyib”. Demək, tapmadıqca təsadüfi siyasətçilərin seçici kütləsinin “saqqızı”nı oğurlayıb ABŞ kimi nəhəng dövlətlərin başına keçmək riski də qalacaq – bəşəriyyətə gətirəcəyi təhlükələrlə birgə.
*****
Qayıdaq əsas suala: hazırda ABŞ-ı kim idarə edir, yaxud Amerika Ağ Evdənmi idarə olunur? Bəşəriyyət üçün, konkret olaraq Azərbaycan üçün böyük nüvə dövləti ABŞ Ağ Evdən idarə olunsa yaxşıdır, yoxsa Konqresdən və ya Dövlət Departamentindən?
Suallara cavab vermək asan olmasa da, yanında nüvə çamadanı daşıyan ABŞ prezidentinin ən azı, proqnoza yatımlı birisi olması mütləqdir. Nə yazıq ki, cənab Tramp bu kateqoriyaya da uyğun gəlmir.
Odur ki, Qarabağ, işğal problemi olan Azərbaycan xüsusi diqqətli olmalı, qlobal siyasətə böyük təsir imkanlarına malik ABŞ-la münasibətlərini Tramp amilini nəzərə alaraq qurmalıdır. O mənada ki, Tramp ABŞ prezidenti olsa da, hələ ki ABŞ dövləti demək deyil…