“Nə xoşbəxt imişəm bir zaman, Allah, Xəbərim olmayıb bu səadətdən”
(Əli Kərim)
İqtisadi inkişafımızın alovlu sobası “Dəmirbank”ı da əritdi. Deyilənə görə yaranma tarixi 1989-cu ilə gedib çıxan ən qədim banklarımızdan biri artıq yoxdur. Ancaq bambılı manıslarımızdan biri demişkən, “qəti qorxusu yoxdur”, bu bankın bağlanmasının ölkəmizə hər hansı təsiri olmayacaqdır. Çünki bizdə əslində normal bazar iqtisadiyyatı, maliyyə sektoru, azad rəqabət, qiymətli kağızların sərbəst dövriyyəsi və sairə yoxdur. Hər şey rəhbərlikdəki 3-4 adamın əlinin altındakı 3-4 bankda dövr edir. Orda nəsə olanda bəlkə maliyyə sektorumuz sarsılır, devalvasiya olur. Qalan hallarda problemsiz ötüşürük. Xalqımız dözümlü xalqdır.
Elə bu təzadlı durumu sosial məsələ nazirinin təzə açıqlamalarının birindən də anlamaq olar. Səlim müəllim etiraf edib ki, bizdə işçi qüvvəsi çoxdur, hamıya iş çatdırmaq üçün bazarımız isə zəifdir. Xüsusən gənclər işsizlikdən əziyyət çəkir, bunu hamımız aydın bilirik, görürük. İşləyən hər kəs ətrafına, qohum-əqrəbasına baxsa iş tapmayan ən azı 6-7 nəfər gənci saya bilər. İki universitet, magistratura qurtaran gənclərə dükanlarda nəzarətçi vəzifəsi təklif edilir – ən yaxşı halda. O da 300 manata. Yenə ən yaxşı halda.
Ancaq bu durumda baxırsan işsizliyin ildən-ilə aşağı düşməsindən dəm vurulur. Bəs bu necə olur? Sosial məsələ naziri hər kəsə çatacaq işin olmadığını, dolayısı ilə çoxlu insanın işsiz qaldığını etiraf edir, statistika naziri isə işsizliyin azaldığını açıqlamağa məcburdur. Necə deyərlər, bu ətdirsə, pişik hanı, pişikdirsə ət hanı?
Bakıdan şimal sərhədimizə gedən yolda, hardasa Xızı tərəflərdə külək enerjisi turbinlərini, el dilində yazsaq, yeldəyirmanlarını görmüsünüz. Onlar həmişə məlul-məlul boyunlarını qısıb dururlar, heç fırlanmaqla araları yoxdur. Halbuki, bizdə Xəzər qırağı zonalar küləkləri ilə tanınır, hətta Bakının adının “küləklər şəhəri” mənası verməsi ehtimalı vardır. (Şəxsən mən bunun benzin, neft bakı sözlərindən yaranması versiyasına inanıram). Keçən həftə o turbinlərin “Azərişıq” tərkibinə verilməsi fərmanı çıxdı. Buna qədər isə Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinə (qısaltmasını ABED yazaq, guya yeməli olsun) daxilmiş. Yaxşı, heç soruşan yoxdur ki, bəs bu ABED-ə daxil olanda enerji sektoruna qatqısı, xeyri nə olub? İndən belə nə gözlənilir? Alternativin ciddi bir qolunu ənənəvi enerji idarəsinə qatırsansa, bəs alternativdə nə qaldı? Günəş və təzək? Ümumiyyətlə, o ABED-in xeyri yoxdursa, hamısını harasa qatmaq lazım deyilmi?
Əlbəttə, belə suallar vermək axmaqlıqdır, boynuma alıram. Beynəlxalq Bankda yeyintilər hara getdi, MTN niyə ləğv olundu, Qarabağ harda qaldı, Alp Ər Tonqa öldümü? Gəlin beynimizi yormayaq. Beynimizi gözəl günlər üçün saxlayaq. Onsuz camaatın çoxu yalançı elm kateqoriyasından olan “insan bütün ömrü boyu beyninin yalnız 5 faizindən yararlanır” gopuna inanır. Maraqlansan bizdə işsiz adamlar bəlkə işləyənlərdən daha çox iş görürlər. Kasıblar varlılardan xoşbəxtdir. Aclar toxlardan artıq doyubdur. Pulsuzlar manat haqda Mərkəzi Bankın sədrindən çox fikirləşirlər. Bu kimi səbəblər toplusu da respublikamızın dövlət arabasını daim qabağa basmaqdadır, respublikamız kosmosa Günəş kimi doğmaqdadır.
Hətta ola bilər ki, vergilər nazirini də “Turan” İnformasiya Agentliyinə qarşı qanunsuz iddialar üzündən işdən qovdular. Çünki nazir qovulandan az sonra məhkəmə “Turan”ın xeyrinə qərar çıxartdı.
Biz gərək bu xoşbəxtliyimizin qədrini bilək. Sonra gec olar.