Загрузка...

Ermənistanın maliyyə naziri Vardan Aramyan deyib ki, ölkədə yoxsulluğun səviyyəsi 29,4 faizdirsə, burada sosial gərginlikdən danışmaq olmaz. Hələ bu, işğalçı ölkənin yoxsulları barədə rəsmi rəqəmdir, əslində vəziyyətin dramatikliyini hər kəs bilir. Elə bir neçə gün əvvəl beynəlxalq təşkilatlardan biri Ermənistan əhalisini ən az əmək haqqı alanların “liderlər qrupu”nda göstərmişdi.

İndi siyahılara altdan-yuxarı “liderlik” edən bu ölkənin, ruslar demiş, “gəzəyən rəhbəri” Gürcüstana iki günlük işgüzar səfərə gedib. Belə görünür ki, erməni prezident bu səfərə “xilas səfəri” kimi baxır və nə yolla olursa-olsun Gürcüstandan nələrsə qoparmaq niyyətindədir. Heç şübhəsiz ki, Sərkisyan ölkəsi üçün çox mühüm əhəmiyyətə malik olan dəhlizin, Ermənistan Rusiya ilə birləşdirən yolun açılmasını xahiş edəcək.

Tiflis səfəri Sərkisyan üçün çox vacibdir. Çünki üç aydan sonra səlahiyyət müddəti bitir. Baş nazir kürsüsünə oturmaq üçünsə ona hansısa “yüksəkliyi” almaq çox lazımdır. Hazırkı şərtlər Serjin xeyrinə deyil, ölkə səfil vəziyyətdə, əhali qaçır, 2017-ci ildə Dağlıq Qarabağın “müstəqilliyinin” ən azı bir ölkə tərəfindən tanınacağı haqda vəd sabun köpüyü kimi əriyib getdi. Üstəlik də, 2016-cı ilin aprel döyüşlərində itirilmiş yüksəkliklər…

Özü də bu il Bakı-Tiflis-Qars qatarı Ermənistanın yanından keçib-getdi, ermənilər baxa-baxa qaldı. Qarabağın işğalı üzərində hakimiyyətə gələn bu cani təkcə işğal zonasından 4 milyardlıq qənimət əldə etsə də, erməni əhalisini miskin günə salıb. İndiki halda onun hökumətə rəhbərlik etməsini şərtləndirən ciddi arqumenti, parlaq bir qələbəsi yoxdur. Bu səbəbdən heç şübhəsiz, o, hakimiyyətinin ömrünü uzatmaq naminə Gürcüstan rəhbərliyinə “daşı ətəyindən töküb” Abxaziyadan keçən dəmirolunu açmaq, ya Cənubi Osetiyadan gələn Qori – Sxinvali – Vladikavkaz yolunun bərpası üçün dil tökəcək.

Amma Rusiyanın işğalı altında olan Abxaziya dəmir yolunun bərpası və ya Cənubi Osetiyadan yolun çəkilməsi o deməkdir ki, Tiflis bu bölgələrin işğal faktını qəbul etmiş olacaq, taleyi ilə barışacaq. Gürcüstan hakimiyyəti buna gedərmi? Təsəvvür edin, ABŞ sərt şəkildə Rusiyadan Gürcüstan torpaqlarını azad etməyə çağırır, bu arada Tiflis belə bir qərar verir. Hər halda Serj Sərkisyanın gürcü həmkarı Marqvelaşvilidən yol razılığı ala biləcəyi inandırıcı görünmür.

Gərək Gürcüstan hakimiyyəti erməni hiyləsinə uymasın. Əks təqdirdə özünü bəlaya salacaq. Çünki bu gün Ermənistanın dirçəlməsi ermənilərin kompakt yaşadığı Cavaxetiyanın da Gürcüstandan qoparılması ilə nəticələnəcək. Fakt budur ki, ermənilər Gürcüstana qarşı da ərazi iddiası irəli sürür. Hətta Cavaxetiyanın Ermənistana məxsus olduğunu iddia edərək sərhəd xəttini Gürcüstanın içərilərnə doğru irəli çəkirlər – rus hərbçilərin köməyi ilə…

Üstəlik, bu bədnam qonşular Gürcüstandakı kilsələrin əksəriyyətinin “ermənilərə məxsus olduğunu” deyirlər. Görəsən, Serj Sərkisyan Gürcüstan patriarxı II İlya ilə görüşdə bu iddiaları necə əsaslandıracaq?

İstənilən halda, Tiflis Bakı ilə münasibətlərə xələl gətirən addım atmamalıdır. Düzdür, qərar vermək hər bir ölkənin daxili işidir. Lakin gürcülər unutmasın ki, onların çətin günlərində yardım əlini uzadan, donmaqdan xilas edən Azərbaycan olub və Azərbaycanın liderliyi ilə nəhəng layihələrin gerçəkləşməsi qonşu ölkəyə böyük vəsaitlər qazandırır.

Ermənistan isə Cənubi Qafqazın üz qarasıdır. Üstəlik, Qarabağ separatçıları ilə Cənubi Osetiya və Abxaziya separatçılarının bir yerdə həyata keçirdiyi xəyanətkar hərəkətləri də unudulmamalıdır. Şübhə yox ki, Ermənistana yolun açılması Rusiyaya da lazımdır, Gümrüdəki hərbi bazaya yüklərin daşınması üçün. Bu yolu açsa, o, Kremlin dəstəyini qazanacaq. Ancaq Tiflis buna getsə, Azərbaycana böyük bir pislik etmiş olacaq.

İstənilən halda Tiflis diqqətli olmalıdır. Bir vaxtlar ermənilər Azərbaycandan yaylaqları istədilər, müvəqqəti… Sonra ilan kimi boğazımıza dolandılar, dedilər nəinki yaylaqlar, elə Qarabağ da bizimdir.

Əslində Ermənistan bütün mənalarda yolsuz qalıb, yolayrıcında qalıb, bilmir hara getsin, kimə sığınsın. Nə olsun ki, Avropa İttifaqı ilə saziş imzalayıb, “haça-paça” vəziyyətdədir, bu yandan da Avrasiya Birliyinə pərçimlənib. Elə üç ay əvvəl Tiflisdə keçiriləcək NATO təlimlərindən son anda imtina etdi, Putin Sərkisyanın qulağını burandan sonra…

İndi gürcülərdən yol almaq istəyir bu yolsuz.