Stalinin dövründə sovet dövlətində yüz minlərlə işverən, torbatikən, çuğul, üzəduran, donosyazan olub. Şanlı sovet hökuməti xalqların yaramazlıq potensialının üzə çıxmasına optimal şərait yaradıb və insanlar bu imkandan lazımınca bəhrələnib.
Bəlkə də kütləvi savadsızlığın ləğv edilməsi üçün açılan “likbez” kursları elə ondan ötrüymüş ki, camaat bir-birindən donos yaza bilsin. Çünki ilk vaxtlarda çətin idi, üz-üzdən utanırdı, üzə dura bilmirdilər, daldada imzasız donos yazmağa isə savad çatmırdı.
Ancaq bir az savadlanandan sonra artıq müavinlərin müdirlərdən, həmkarların bir-birindən, qonşunun qonşudan, oğulun atadan, bir sözlə, hamının hamıdan donos yazması asanlaşdı.
Sovet hökuməti öz qüdrətini sırf bu donosbazlığın üstündə bərqərar etmişdi. Ölkənin hər yerində olduğu kimi, bizim çiçəklənən respublikada da camaat həvəslə bu işə girişmişdi, hətta bu xüsusda regionun lideriydi.
Söz yox, kütləvi donosbazlıq, üzəduranlıq, işverənlik yaşayış uğrunda mübarizənin tərkib hissəsiydi. Dövr dəyişmişdi, indi heç kəs belinə xəncər qurşayıb özünü müdafiə etmirdi, bunun yerinə qoltuq cibdə qələm gəzdirmək bəs edirdi.
Xruşovun dövründə donosbazlıq, mərdiməzarlıq kampaniyası bir balaca səngisə də, Brejnevin vaxtında yenidən şiddətləndi. Yaşayış uğrunda mübarizənin yeni mərhələsi başlanmışdı. Savadlı insanlar küləvi şəkildə qələmə sarılmışdı.
Elə çıxa bilər ki, Brejnev dövründə imzasız donos yazanlar socialist əmlakının dağıdılmasına qarşıydılar və mübarizə aparırdılar ki, hər yerdə düzgünlük, dürüstlük, haqq-ədalət olsun. Elə deyildi. Vəzifəli şəxslərdən yazılan anonim məktubların başlıca məqsədi o idi ki, sosialist əmlakını dağıdanlardan birini vəzifədən çıxarsınlar və onun yerinə sosialist əmlakının dağıdılmasında iştirak etmək istəyən başqa biri gəlsin.
Sonra elə bir dövr yetişdi ki, daha bir adamdan yazılan çuval-çuval donoslar işə yaramaz oldu. Sovet rəhbərləri bezmişdilər artıq. Təkcə Azərbaycandan Kremlə hər gün bir neçə vaqon donos, eləcə də şikayət məktubu gedirmiş. Hansına baxsınlar.
Uzun sözün kəsəsi, keçmiş vergilər naziri Fazil Məmmədova zəng vuran və onun içkili halından öz çirkin məqsədinin reallaşması üçün istifadə edən anonim işverən sovet mərdiməzarlığı məktəbinin məhsuludur.
Elə çıxmasın ki, bu tip adamlar son dövrlərdə yetişib ortaya çıxıblar, yaxud cəmiyyətin deqradasiyasının nəticəsidirlər. Xeyr. Belə adamlar çar dövründə də olublar, Lenin dönəmində də yaşayıblar, Stalin epoxasında da dəaliyyət göstəriblər, Xruşşov, Brejnev, Qorbaçov zamanında da öz işlərini görüblər, bu gün də səylə çalışırlar. Bu, bir həyat tərzidir, irəli getməyin, komfort və kalori əldə etməyin ən etibarlı üsuludur. Satılması tələb olunanı satır, üzünə durulması lazım olanın üzünə durur, ipi kəsilib quyuya salınması istənilənin kəndirini kəsir, əvəzində çox şeylər qazanırlar.
Məgər ulu qəhrəman Babəki istilaçı ərəblərə belələri satmadımı?
İndi kimsə deyəcək, gör müəllif kimi kimlə müqayisə edir, Fazil Məmmədovu Babək Xürrəmidinlə necə qiyaslamaq olar. Xeyr. Mən onları satanları müqayisə edirəm. Ələ verilən şəxslər çox fərqlidir, onları satan isə eyni keyfiyyətə, yaxud keyfiyyətsizliyə malikdir, onu deyirəm.
Bir də dediyim odur ki, hər belə vaqiələrdən sonra ümumilikdə millətimizin kefiyyəti haqqında yenidən bədgüman olmağa ehtiyac yoxdur. Aramızda elə yaramazlar da var, ləyaqətli, qürurlu insanlar da var. Üstəlik, bir biz deyilik, qonşuluqda da, hətta yeddi min ağac uzaqlarda da torbatikənlər, mərdiməzarlar, işverənlər ordusu mövcuddur.
Yox, kimsə dirəşibsə ki, bizdə olan yaramazlar bir az artıqdır, onda gəlin biz çox dirəşməyək, razılaşaq ki, hə, sanki bizdə yaramazların xüsusi çəkisi bir az artıqdır, bu sahədə regionun lideri olmağımızla qürur duya və ya xəcalət çəkə (zövqə görə) bilərik.
Amma budur, Avropa Komissiyası gürcü oğrulardan dad-həzərdir. Keçən il bu vədələr Gürcüstan vətəndaşlarının Avropaya vizasız gedə biləcəkləri barədə xəbər çıxanda bizimkilər zarafatla yazırdılar ki, vallahi, gürcü oğrular Avropanı peşman edəcəklər. Göründüyü kimi, elə də olub. Deməli, oğurluq, soyğunçuluq, reketlik sahəsində də regionunun lideri onlardır.
Bəs ermənilər? Əlbəttə ki, ermənilərin də region liderliyi var, amma bu uzun söhbətdir.