Sakit okeanda Kiribati adında balaca bir dövlət var. 33 atoll tipli adadan ibarətdir, bunun 20 dənəsində ümumiyyətlə yaşayış yoxdur. Oxucularımıza atollun nə demək olmasını da yüngülvari izah edim. Okeanda ucu sudan azca çıxmış vulkan zirvələri var. Bunun da üstündə mərcanlar artıb çoxalırlar, adətən yarımdairə formasında bir quru parçası alınır. O qədər kövrək, okean səthindən elə az yuxarı qalxmış olurlar ki, yüngül dalğa gələndə bunun üstündən o yana bu yana keçir. Bir növ, atollda yaşamaq Binəqədi yolunda, yaxud Zabratda yağmur sezonunda yaşamaq kimi bir həyatdır. Şairlərin “uzaq yaşıl ada”-filan deyib şeir yazmağına baxmayın, bu uzaq adalar insan yaşayışı üçün çox çətindir. İçməli suyun yoxluğu, qida azlığı, iş-güc yox, sunami də gələndə Allah demir, peyğəmbər demir…
Qayıdaq Kiribatiyə, ümid edirəm artıq orada yaşayışın necə olmasını təsəvvür elədiniz. Bir-iki statistik məlumatı da yazım, lap canlı olsun. Dövlətin adı bir az məzəli olaraq belə alınıb, çünki bunu kəşf edən avropalılar ora Gilbert adaları adı qoyubmuş. Yerli tayfalar isə Gilberti “Kiribati” kimi tələffüz edib bu cür də müstəqillik əldə ediblər. Kiribati dövlətinin ümumi ərazisi 812 kvadrat kilometrdir, təxminən bizim Ucar rayonu boyda edir (Ucar 830 kvadrat kilometrdir). Əhalisi isə 2010-cu ilin sayına görə 103 min nəfərdir, bu da düz Tərtərin camaatı qədər eləyir. Sözgəlişi, Azərbaycandan Yerin xəyali mərkəzi üzrə ox çəkib o tayda çıxsaq elə hardasa Kiribati tərəfə çıxarıq. Bəlkə bir az cənub-şərq tərəfə, ancaq bunun bizim temaya o qədər dəxli yoxdur.
Bəs axı tema nədir? Oxucular yəqin mənim artıq coğrafiyaşünaslığa keçdiyimi zənn edəcək, daha ayrı şeylərdən yazmağa imkan verilmədiyini düşünəcəkdir. Yox, o qədər də ölmədik, Cem Yılmazın sözü olmasın. Sadəcə, bu həftə Kiribati haqda oxuduğum bir faktdan əməllicə sarsılmışam.
2003-cü ilin fevralında Kiribati camaatı Teburoro Tito adlı şəxsi prezident seçir. Bu, Tito-nun 4-cü prezidentliyi imiş. İlk dəfə 1994-cü ildə prezident seçilibmiş. Ölkə tarixində yetərincə nüfuzlu siyasətçi sayılır, misal üçün, qlobal istiləşmə sayəsində dünya okeanında suyun qalxması, bunun Kiribatiyə təsirləri haqda BMT tribunasından çıxışlar edibdir. İndinin özündə yerli deputatxananın üzvüdür, partiyası da orda fraksiyaya malikdir və sairə. Nəsə, qayıdaq 2003-cü ilə, çünki məni sarsıdan əhvalat onda olmuşdur.
Yazdığım kimi, Kiribati camaatı 2003-cü ilin fevralında yenidən Teburoro müəllimə səs verib, prezident seçkisində o, 52 faiz səs yığıb. Rəqibi isə 48 faiz. Ancaq heç bir ay keçməmiş, martda yerli deputatxana Teburoro yoldaşa impiçment qoyub işdən qovmuşdur, ayrı şəxsi prezident seçmişlər. Səbəb isə budur: sən demə, Teburoro prezident işlədiyi zaman hansısa Fransa şirkətinin təyyarəsindən ora-bura uçarkən yararlanıb, buna görə dövlət büdcəsindən ümumən 10 milyon Avstraliya dolları ödənilib (bizim pulla hardasa 7 milyon manat edir). Yazıq kişini qınayıblar ki, gərək adadan adaya dövlət işi, misal üçün, müasir kokos parkının açılışına gedərkən dədə-baba qaydasıyla, qayıqla üzəydi, təyyarə xərcləri artıq olubdur.
İndi siz özünüz fikirləşin ki, belə dünyada ədalət varmı? Bu cür dövlət okean qalxması üzündən hər an suda batmaq təhlükəsi ilə qarşı-qarşıyadır, on milyardlarla dolları ofşor hesablara yatıran, iş yerinə sex kimi baxanların idarə elədiyi dövlətlər isə çiçəklənməkdədir. Batmalı olanlar qalır, Kiribati batır…