Dünən, bilirsinizmi, hansı gün idi? Bilirsiniz, dekabrın 21-i idi. Bəs bu 21 dekabr nə ilə əlamətdardır? Bax, bunu çoxunuz unutmusunuz. Amma 5 il öncə hamınız bilirdiniz.
5 il öncə 21 dekabrda dünya dağılmalıydı. Mayya təqviminə görə belə hesablanmışdı və Hollivudun tamahkar prodüsser-rejissorları da 21.12.12 tarixinin dəhşətli bir gün olacağı barədə film çəkmişdilər.
O dələduzlar yaxşı pul qazandılar, amma dünya da dağılmadı. Yəni hamı bu haqq-hesabdan uduşla çıxdı.
Camaat isə çox qorxmuşdu. Xüsusilə də bu müdhiş proqnozu ciddiyə alanlar.
Çoxlarının məsələyə lağlağıyla yanaşdığına baxmayın, əslində apokalipsisdən, Qiyamət günündən qorxanlar qorxmayanlardan 2000 dəfə çox idi.
Hətta Qiyamətə inanmayanlar da qorxurdular. Çünki əslində qorxulu şeydir. Birdən-birə dünya dağılır və adam heç nə edə bilmir, baxırsan ki, məşhur lətifədə deyildiyi kimi, variant çika.
Hərçənd belə söhbətlərə yerli-dibli inanmayanlar, öz işində-gücündə olanlar da vardı. Belələri heç nəyə inanmırlar.
77 yaşında çuxur (kotlovan) qazdırıb, bünövrə tökdürən, “burda 40 otaqlı villa tikdirəcəm, hovuzu da olacaq” deyə, hər gün inşaat meydançasına gəlib “işin üstündə duran” adamda bu qədər optimism varsa, o, 5-6 min il əvvəl yaşamış mayyaların hansısa proqnozuna inanarmı, qorxarmı?
Özümə gəlincə, təvazökarlıqdan İzmir civarındakı Şirincə kəndi qədər uzaq olsa da, deməliyəm ki, o söhbətlər heç vecimə də deyildi. İnanmırdım. Çünki bu filmə 1980-ci ildən bəri baxa-baxa gəlirəm.
O vaxt da çox deyirdilər ki, ay, dünya dağılacaq, vay, dünyanı su basacaq. Heç biri olmadı.
Düzdür, o vaxt az qala SSRİ ilə ABŞ bir-birilə öcəşərək dünyanı nüvə silahı ilə dağıtmağa yaxınlaşmışdılar, amma sonra yollaşıb yola getdilər, hərəsi 3-4 ölkədə hərbi çevriliş-filan edib dincəldilər, ta bir-birinə nüvə başlıqlı ballistik raket atası olmadılar.
O baxtdan bəri belə söhbətlər tez-tez çıxır. Hər şey sakit və asudəykən, NASA-da teleskopla göyə baxan hansısa bir gicqulu alim çıxıb deyir ki, Yerə doğru nəhəng asteroid gəlir və toqquşma olsa, dünyanın sonu olacaq. Sonra asteroidin Yerin ən yaxınından keçəcəyi gün təyin olunur, məsafəni açıqlayırlar. Məlum olur ki, şapalaq boyda asreroid Yerin 10 milyon kilometr o tərəfindən keçəcək.
Heç kim də çıxıb demir ki, alçaq astronom, camaatı niyə qorxudursan, o asteroidlə bizim aramızda hələ bir Ay da var, o andır bizə çox yaxınlaşsa birinci Aya dəyməlidir.
Yuxarıda İzmirin Şirincə kəndinin adını əbəs yerə yazmamışam. Bilənlər bilir, bilinməyənlər də bilsinlər ki, 5 il öncə o kəndin camaatı belə bir piar aparmışdı ki, guya dünya dağılsa da, Şirincəyə heç nə olmayacaq.
Dünyanın dörd bir tərəfindən Şirincəyə axın vardı. Hətta ictimai marağı nəzərə alaraq biz də reportyor göndərmişdik ki, gedib görsün, bu kəndin özəlliyi, mistik gücü nədədir ki, dünya dağılanda ona bir şey olmayacaq.
Heç nə. Məlum oldu ki, kəndin elə bir özəlliyi yoxdur, sadəcə, camaatı, idarəediciləri ütük, fəndgir, zirək adamlardır, mayyaların proqnozunu ciddiyə almasalar da, dünya ictimaiyyətinin vahiməsindən öz yaşayış məntəqələrinin adını el-aləmə duyurmaq üçün istifadə edir, turizm sənayesini inkişaf etdirirlər.
Heç demə, dünyanın asteroid-masteroiddən yox, qorxudan dağıldığı günlərdə Şirincədə şirin-şirin və şidirğı alver gedirmiş.
Əslində o alverdən bizdə də gedirdi. İnsanlar marketlərə daraşıb kibrit, şam alırdılar. Çünki güman olunurdu ki, dünya dağılmazdan öncə su-elektrik stansiyaları işləməyəcək, işıq olmayacaq və qaranlıq olacaq.
Biz apokalipsisdən kibrit və şamla çıxmağı düşünən yeganə millət idik, bəlkə də. Düzünə qalsa, bu da camaatımızın optimizmi ilə yanaşı, qiyamətdən çıxış yolu olduğuna inamının göstəricisiydi. İnam beləydi ki, çətini iki-üç gün qaranlığı şam işığı ilə yol verməkdir, sonra hər şey düzələcək.
Bəzi adamlar o qədər şam almışdılar ki, bəlkə hələ də əridib qurtarmayıblar.
Əgər bir daha apokalipsis söhbətləri çıxsa, hesab etməyin ki, mayyaların yeni proqnozları tapılıb, bilin ki, bunu şamqayıran zavodun piar menecerləri uydurublar.