Erməni qızların Kəlbəcərdə musiqi sədaları altında bədənlərini əsdirməsi səhnəsinə yəqin çoxları baxıb. Bu haqda videolu xəbəri əslən Kəlbəcərdən olan dəyərli həmkarım paylaşandan sonra gördüm. Təbii ki, ürək ağrıdan mənzərədir. Sənin doğulduğun, boy atdığın torpaqda düşmən kef çəksin…

Bundan əvvəl axçilər Zəngilan və Qubadlıdan bənzər kadrlar yaymışdılar, hətta İsti Su hamamında çimdikləri səhnəsi erməni mediasının manşetlərinə çıxmışdı. Düşmən niyə davamlı şəkildə erməni gözəlçələrini önə çıxarır, onların Qarabağdakı eyş-işrətindən bəhs edən məlumatlar yayır? Bunlar səbəbsiz deyil.

Məsələnin məğzi bəllidir: düşmən ölkə yenə də qadın faktorundan istifadə edir. Erməni diasporunun təbliğat müharibəsində hər zaman qadın öndə olub. Bir ölkənin ki, xaricdə ən öndə gedən ismi Kim Kardaşyan ola…

Bu mənada Qarabağdakı erməni qadınların təbliğatda önə çəkilməsi düşünülmüş ssenarinin tərkib hissəsidir. Şübhəsiz ki, erməni mediasında bu mövzuya xüsusi önəm verilməsi Azərbaycana “göz dağı” vermək cəhdidir. Yəni, “artıq torpağı qaytarmaqdan söhbət gedə bilməz, bu yerlər ağçilərin oylağıdır”.

Ancaq düşmənin daha uzaqgedən niyyəti olmamış deyil. Qarabağda əyləncələr quran qadınlarla dünyaya mesaj vermək istəyirlər – “Qarabağ təhlükəsiz bölgədir, buyurun, gəlin, dincəlin, Aykanuşla kef eləyin…” Şübhəsiz ki, bir çox əcnəbilər elə bu kadrların güdazına gedib və Azərbaycanın “qara siyahısı”na düşüb.

Keçən həftə məlumat yayıldı ki, bu il Dağlıq Qarabağa gələn turistlərin sayı 20 mini keçib. Şübhə doğurmur ki, Ermənistan Qarabağa axına əsasən, “axçi siyasəti” sayəsində nail olub. Yoxsa ən azı 2016-cı ilin aprel döyüşlərindən sonra müharibə bölgəsinə gəlməyin riskli olduğunu əcnəbilər yaxşı anlayır. Sadəcə kef çəkmək istəyənlər, macərapərəstlər, ağılsızlar Qarabağa gələ bilər, bir də Ermənistana gələndən sonra aldadılaraq Qarabağa aparılanlar. Erməni qızları, erməni çaxırı haqda başgicəlləndirici təkliflər çoxlarını yoldan çıxarır.

Məsələnin digər tərəfi də var. Ermənistanın “axçi təbliğatı” yalnız xarici auditoriyaya hesablanmayıb. Diqqət edin, son aylar İrəvanda davamlı aksiyalar keçirilir. Tələbələr təhsil dövründə orduya möhlət hüququnun ləğvinə qarşı çıxırlar. Elə bu yazını yazarkən İrəvanda hökumətin qərarına etiraz edənlərin aclıq aksiyası davam edir.

Bundan əvvəl 18 yaşı tamam olanlar və ödənişsiz əsasda təhsil alanlar – yəni yüksək göstəricilərə sahib olanlar – yalnız təhsilini başa vurandan sonra hərbi xidmətə çağırılırdı. Ancaq son illər Ermənistan ordusunda əsgər çatışmazlığı Serj Sərkisyanı alternativlər axtarmağa vadar edib. Üstəlik də ölkədən axın başlayıb. Erməni ailələri övladlarının yad torpaqda – Qarabağda ölməməsi üçün ölkəni tərk edirlər.
Fakt budur ki, Ermənistanın cinayətkar hakimiyyəti Qarabağı ermənilər üçün vətənə çevirə bilmədi. Erməni xalqı özgə torpağında qurban verməkdən bezib artıq. Üstəlik, Qarabağdakı hərbi hissələrdə özbaşınalıq, əsgərlərin qətlə yetirilməsi, aclıq, səfalət… Posta çıxmaq istəməyən ermənini komandirlər özləri güllələyir.

Odur ki, erməni gənclərini xanımlarla ələ almağa çalışırlar. Yəni “qorxmayın, Qarabağda sizi əndamlı qadınlar gözləyir!” Buyurun, “Komandos” ləqəbli cani Arkadi Ter-Tadevosyan “elə indi ön xətt mövqelərinə bir qrup göndərirəm, həmin qrupa qadın Martirosyan Anahit rəhbərlik edir”-cavabını verib. Yenə qadın…Orduya getməkdən imtina edən tələbələrə şifrəli mesajdır.

Aprel döyüşlərindən sonra da bənzər təbliğat aparılmışdı. O zaman Ermənistandan “döyüşmək üçün” bir avtobus qadın gətirmişdilər Qarabağa.

Amma artıq keçməyəcək. Ermənilər “dərisi boğazından çıxmış qardaş”larından dərs götürəcək. Dekabrın 11-də Qarabağda hərbçi yoldaşı tərəfindən öldürülən 21 yaşlı Narek Adibekyan da İrəvan universitetinin tələbəsi idi. Erməni gənclər anlayırlar ki, onları Qarabağda ölüm gözləyir, ya Azərbaycan əsgərinin, ya da elə erməni hərbçinin gülləsindən…

Azərbaycan üçün unikal şans yaranır. Üstəlik, psixoloji üstünlük də bizdədir. Azərbaycanda elə tələbə tapılmaz ki, xidmətdən boyun qaçırsın, yaxud valideyn övladını Vətənə qurban deməkdən imtina etsin. Biz artıq Qarabağ uğrunda illərdir davam edən müharibədə böyük üstünlük əldə etmişik. Erməni komandirlər özləri etiraf ediblər ki, aprel döyüşlərində Ermənistana qaçan əsgərləri Kəlbəcərdən geri qaytarıblar. Erməni əsgərləri Qarabağda “axçi siyasəti” ilə saxlamaq istəyirlər…