“Şahdağ” turizm mərkəzində növbədə, basabasda qışqıran qadının videosuna baxdım. Məncə, bizim insanların bu dağa çıxıb üzü aşağı yellənmək, kanat yolundan baxmaq həvəsi ölkəmizdəki məqsədyönlü inkişafla bağlıdır. Kasıbçılıq olsaydı, insanlar niyə dağa çıxmağa həvəslənsin? Şair demişkən: “Füzuli kef dalıyca dağa çıxdı, Dedilər bəxtəvər yaylağa çıxdı”.
Hərə bir cür inkişaf eləməkdədir. Örnək üçün, keçən həftə özəl klinikalardan birində vətəndaşı öldürdülər. Hadisə əməliyyat zamanı olsa da, klinika onun pomidor turşusundan zəhərlənib öldüyünü dedi. Bəlkə də əməliyyat zamanı pomidor yeyirmiş. Ya da heç ölməyibdir, bunlar hamısı dezinformasiyadır, belənçik yalan-palanları yazan saytları isə Əflatun müəllim internetin qara kitabına salmalıdır.
Bu yerdə ağlıma gəldi ki, Amaşov da bizim milli “Orxan Pamuk”dur, hərəsi öz “Qara kitab”ını yazmışdır. Kim bilir, bəlkə yaxşı dəstəkləsək Amaşova da Nobel mükafatı verərlər. Hamısı paxıllıqdandır. Gəlin bir-birimizin ayağından çəkməyək. Bu temada güclü bir lətifə də vardır, yazım bura, hələlik yerimiz çoxdur. Deyir azərbaycanlı, erməni və gürcü ölür, cəhənnəmdə bunları qaynatmaq məqamı gələndə oranın müdiri tapşırıq verir: “Ermənilərin qazanının qapağını bərk bağlayın, onların biri çıxa bilsə nərdivan uzadıb o biri erməniləri də çıxardacaq. Gürcünün qazanını da bərk bağlayın, bu da bir hiylə fikirləşib, ipdən-zaddan atıb çıxıb qaçacaqdır. Azərbaycanlılar olan qazana isə ümumiyyətlə qapaq qoymayın, çünki bunlardan biri qazandan çıxmaq istəsə o birilər ayağından dartıb təzədən qazana salacaqdır”.
Sözümün canı nədir? Bəlkə heç sözümün canı qalmayıbdır, onu da öldürüblər söz klinikasında. Xəstəxanadakı olaydan bəhs edirdik. Məncə, orda xəstənin ölüb-ölmədiyi, bu işdə həkimlərin rolunun olub-olmadığı haqda mübahisələr də dövlətçiliyimizin yüksək inkişaf səviyyəsi ilə bağlıdır. Artıq ölümə qalib gəlmişik, heç ölüm yoxdur. Bilinmir ölü kimdir, diri kimdir. Tolstoyun “İvan İliçin ölümü” əsərinin qəhrəmanı demişkən, “artıq ölüm qurtarmışdır, o daha yoxdur”.
Bir də mənim hobbilərimdən biri kriminal xronikaları oxumaqdır. Camaat nə yeyib-içir, kim-kimin başını kəsir, harda, nə üçün cibə girirlər – bunlar hamısı cəmiyyəti öyrənmək üçün önəmli detallardır. Örnək üçün, bu yaxında Bakı ətrafı kəndin hansındasa dayanacaqda iki idiot zarafatlaşıblar. Biri deyib səni bıçaqlayaram, yalandan əlini cibinə uzadıb, o biri cəld tərpənib, bunu birinci vurubdur. Öldürəndən sonra görüb mərhumun heç bıçağı yoxdur, məzələnirmiş. Gör necə gözəl ölümdür! İnsan gülə-gülə, sevinclə ölmüşdür. Bu da əlbəttə, respublikamızın inkişafı ilə əlaqədardır. Ermənistandan ölülər də qaçırlar, qəbiristanlıqlar boşalır.
Yaxud Suraxanı tərəflərdə 3-4 qardaşımız yol qırağındakı müasir işıq dirəklərini, plafonları, lampışkaları-zadı söküb metal qəbulu sexlərinə satırmış. Əgər respublikamız üzərində siyasət Günəşi doğubsa, qaranlıqlar yarılıbsa, həqiqətən yol işığına nə ehtiyac? Ancaq nədənsə bu gəncləri tutublar. İndi 4-5 il bunları türmədə saxlamağa dövlətin minlərlə işıq dirəyinin pulu qədər xərci gedəcəkdir. Ölüm hökmü verib işıq dirəyindən asmaq olardı, ancaq ölüm ləğv edilmişdir. Çətin durumdur. Dövləti idarə eləmək sizə asan gəlməsin.
Daşkəsəndə isə regionların inkişaf proqramından rövnəqlənən bir qrup zəhmətkeş poçtxanaya hücum edərək məktubları, banderolları, sovqat qutularını söküb oğurlamışdır. Santa Klaus yaxşı ki, Daşkəsəndə yaşamır, yoxsa bizim oğruların üzündən dünya uşaqları bu bayramda hədiyyəsiz qalardılar.
Dünən ölkəmizə qış da gəlmişdir, sobanı bərk qucaqlayıb oturun, sizə yaxşı nağıllar danışacağam. Hərçənd qış niyə gəlib, nə istəyir, bunun özü maraqlı məsələlərdən biridir.