2-3 il öncə naşir Şahbaz Xuduoğlu Hindistanda kitab festivalında iştirak edib qayıtdıqdan sonra “səfər qeydləri” janrında bir əla yazı yazmışdı, yazının içində bir maraqlı epizod da vardı.
Həmin epizod bundan ibarət idi: bir indus gənc Şahbaz bəyə nəsə qulluq göstərir, ondan bəxşiş alır, ürəklənərək, ona deyir ki, mister, kömək elə bu ölkədən canımı qurtarım, gedim sizin ölkənizdə yaşayım.
Bu epizod yadıma bu günlərdə, BMT-nin iqtisadi və sosial məsələlər departamenti tərəfindən açıqlanan mühacir hesabatına dair xəbəri oxuyanda düşdü. Hesabatda göstərilir ki, dünyada 258 milyon insan mühacirdir və bunun 17 milyonu hindistanlıdır.
Bəlkə də o 17 milyonun içində Xuduoğlunun vasitəsilə Hindistandan canını qurtarmaq istəyən həmin gənc indus da var, bəlkə də yoxdur, bu, faktı dəyişmir. Əsas odur ki, ortabab bir ölkənin əhalisi sayda hindistanlı öz doğma vətənlərindən qaçıb. Bu, ölkədən qaçanların, qaça bilənlərin, qaçmağa maddi imkanı çatanlar, psixoloji baryeri aşanlardır. Yəqin ki, bu rəqəmin on misli qədər insan da Hindistanı tərk etmək üçün maddi vəsait, üz tuta biləcəyi ünvan, kömək edəcək yardımsevər şəxs tapa bilmir.
Bir Hindistan deyil, Meksikanın 13 milyon vətəndaşı mühacirdir. Çoxu da ABŞ-a sığınıb. Prezident Tramp ABŞ-Meksika sərhədində bir neçə min kilometrlik hündür hasarı bu insanlara görə tikdirmək fikrindədir. Onların qarşısını almaq üçün başqa yol qalmayıb. Hətta bir ara meksikalılar sərhədi tunel qazaraq keçirdilər, sonra həmin tunelləri narkotik qaçaqmalçılığı üçün istifadə etdilər və ifşa olundular – tunelin sonunda görünən işıqları söndürüldü.
Banqladeş əhalisinin yarısı da yox, üçdə ikisi ləngimədən öz ölkələrindən bərələr vasitəsilə qaçmağı düşünür və az qala hər həftə bərələrdən birinin okeanın suyuna qərq olduğu, yüzlərlə mühacirin batdığı (və ya xilas edildiyi) barədə xəbərlər gəlir.
Bu əsnada 2010-cu ildə ABŞ-ın Cənubi Karolina ştatının paytaxtı Kolombia şəhərində qonaq qaldığım professorun söhbətini xatırlayıram. İki nəfərdən ibarət ailənin həyətində “Toyota Korolla” markalı üçüncü avtomobili gördüm və soruşdum ki, bu kimindir. Professor dedi ki, o maşın banqladeşli tələbəmindir, kömək etmişdim, almışdı, axırda gətirdi, burada saxladı və öz vətəninə getdi.
Heç demə, Kolombiada universitetdə təhsil alan, sonra da elə həmin universitetdə iş tapıb qalan istedadlı tələbə bir gün vətən həsrətinə dayana bilməyib və ABŞ-dakı rahat həyatından imtina edərək Banqladeşə qayıdıb.
Ola bilər ki, həmin adam bu saat 2009-cu ildə atdığı addımdan peşmandır və sonradan yenidən ABŞ-a qayıdıb. Ola da ola bilər, adam ölkəsinə dönəndən sonra yaxşı vəzifə tutub və bərə ilə aradan çıxmağı ağlının ucundan keçirmir. Ancaq bunun Banqladeşdən dünyaya axan mühacir selinin statistikasına təsiri yoxdur.
Bizim ölkəmizin mühacirlərinin sayı, şükürlər olsun ki, Rusiya, Çin, Suriya, Pakistan və Ukraynadan qaçan mühacirlərin sayı qədər deyil. Sözügedən hesabatda bildirilir ki, bu ölkələrin hər birindən 6 milyondan 11 milyona qədər insan miqrasiya edib.
Bununla belə, Rusiyaya pənah aparmış 12 milyona yaxın mühacirin içində ən böyük pay, heç şübhəsiz, bizə məxsusdur. Moskvada ruslardan sonra ikinci ən böyük etnik qrup azərbaycanlılardır.
Onlar siyasi mühacir deyillər, hərbi münaqişələrdən, siyasi təqiblərdən qaçmayıblar, əsasən qastarbayterlərdir, dolanışıq ardınca gediblər.
Bizim mühacirlərlə bağlı belə bir reallıq var, Rusiya siyasi səbəblərdən dolayı ölkəsinə gələn mühacirlərə qucaq açmır, Avropa isə yaxşı güzəran motivi ilə qoca qitəyə sığınanlara xor baxır.
Son illərdə isə Rusiya əhalisinin 60 faizi (belə bir statistik göstərici də açıqlanıb) miqrantlara qarşıdır, onların qəbul edilməməsini, bundan əvvəl gələnlərin isə öz ölkələrinə deportasiya olunmasını istəyirlər. Bu niyyətdə olanlar ildən-ilə artır.
Daha bir reallıq isə budur ki, Rusiyada doğum səviyyəsində artım məhz miqrantların sayəsindədir. Əgər Rusiya mühacir qəbul etməsə və onlara deportasiya siyasətini gücləndirsə, təxminən 10 ildən sonra bu ölkədə demoqrafik fəlakət baş verəcək, doğum səviyyəsi enəcək, əhalinin gənc kəsimi azalacaq, işçi qüvvəsi yox olacaq.
Hamının razılaşdığı fakt isə budur: heç kəs kefdən miqrasiya etmir.