“Bulaqlar qupquru,
səma dupduru,
bu yurda çox gördü Tanrı uğuru…
İndi hansı səmtə, haraya doğru
üz tutub gedəsən qar yağa-yağa?
Tale görə-görə, baxt baxa-baxa
üzümə bahar yox,
qar gəlir yenə,
mənə vətən yolu
dar gəlir yenə…”
(Vaqif Səmədoğlunun 1993-cü ildə yazdığı şeirdən)
Rusiyanın Ukraynadan qopardığı Krım ərazisində tatarlara qarşı repressiyalar davam edir. Onları həbs edir, işdən qovur, nəhayət, öldürürlər. Təzəlikcə tatarlar bu repressiyaya etiraz üçün təkadamlıq piketlər eləmişdilər. Ən azı 40 yaşayış məntəqəsində tək adamlar plakat qaldırıb Rusiyanın siyasətinə etirazını bildirmişdi. Tragikomediya odur ki, yerli orqanlar bu 40-dan çox adamı “birgə qanunsuz aksiya təşkili” ittihamı ilə cəzalandırdı. Baxmayaraq, bunlar hər biri tamam ayrı ərazilərdə idilər, tək olmuşdular. Həmin xəbəri oxuyanda dərhal bizim ölkədə təkadamlıq etirazların iştirakçılarının cəzalanmasını xatırladım. Qanuna görə, bir adam küçədə sakitcə dayana bilər, ancaq bizdə buna görə də adamı tuturlar.
Repressiyalar dünya yaranandan bəri xarakterini, formasını dəyişməmişdir. Bu, Qədim Romada da belə olub, Şumer dövlətində də. Bəlkə meşədə yaşayan tayfalar üçün aktual olmayıb, hərçənd, cəngəllikdə təkadamlıq aksiya adətən qısa müddət çəkir – hardansa vəhşi heyvan çıxıb səni parçalayır, vəssalam.
Heyvan demişkən, bu yaxında Hindistanın Uttar-Pradeş ştatından yarı gülməli, yarı ağlamalı xəbər oxumuşdum. Deyir, orda 8 eşşək bir həbsxananın həyətindəki bitkiləri yediyi üçün 4 gün həbsə atılıbmış. Ancaq şəxsən mənim üçün bu, orijinal hadisə deyil. Uşaqlığım üzümçülük rayonunda keçib, kəndlilərin inəkləri sovxozun (dövlət təsərrüfatının bir forması idi) tarlasına, bağına girəndə qoruqçular, briqadirlər həmin yazıq heyvanları döyür, şikəst edir, aparıb hansısa binada həbsə salırdılar. Sonra binəva kəndli gəlib yalvar-yapış edirdi, heyvanları həbsdən çıxartmağa çalışırdı. O vaxt bizim rayonda bu cür rəzil işlərə başçılıq edən tip hazırda zırpı dövlət idarələrindən birində başçıdır. Mahnıda deyilən kimi, “adı lazım deyil”… Çünki bütün kənd rayonlarımız bu durumda idi.
Uttar-Pradeşdə olanlar indi dünyaya çöçün gəlir. Biz isə hamısını yaşamışıq. Başqalarının yaşadıqlarını da yaşayırıq. Rusiyada hökumətin xoşuna gəlməyən teatrı bağladılar, bizdə də hökumətin xoşuna gəlməyən adamları teatra buraxmırlar. Müəllifini unutduğum afyorizm var: “Teatr millətin inkişafının dərəcəsini göstərən barometrdir”. Əcəb göstərirlər. Əslində indi tamaşaçını “müxalif-iqtidar” deyə iki hissəyə bölməyin vaxtı keçibdir, çünki teatr qalmayıbdır. Müstəqil teatrlarımızı çoxdan dəfn edib, ora-bura qaynaq edib, binasını uçurdub yoxa çıxardıblar. Qabaq bulvarda yerləşən teatrı indi Qaraçuxurda hansısa çuxurdan tapırsansa, nədən danışasan? Mənası qalmayıbdır. Bəlkə sirk aktual ola bilərdi, o da primitivləşib – son illər Bakıya heç normal sirk truppaları da gəlmir. Bəlkə biz imperator Neronun məşhur sirkini Bakıda bərpa edək, müxalifətçiləri vəhşi heyvanlara yedizdirib amfiteatrdan, VİP-lojadan baxıb həzz alaq? Sözgəlişi, bu sirkin mükəmməl təsviri Bakı İncəsənət Muzeyində saxlanılırdı, rəsmin müəllifini unutmuşam. Ümid edirəm, o rəsmi də oğurlayıb harasa satmayıblar. Yolunuz düşəndə diqqətlə baxın. Daha doğrusu, öncə axtarın tapın, sonra baxın.
Hərçənd ola bilər sizi də kimsə xoşlamasın və muzeyə buraxmasın.