Загрузка...

Tanınmış prodüser, eyni zamanda “Qarabağ”ın futbolçusu Mahir Mədətovun atası Anar Mədətovun “Qafqazinfo”ya müsahibəsi:

– Bu yaxınlarda verdiyiniz açıqlamada xarici klubların Mahirlə maraqlandığını demişdiniz. Qurban Qurbanovun mövzu ilə bağlı cavabında sizə qəzəbli olduğu hiss olunurdu. Bu reaksiyanıza görə Mahir sizdən incimədi? 

– Qurban müəllim gülə-gülə belə cavab verdi. Jurnalistlərin sualı düzgün vurğulayıb təqdim etməyiblər. Əslində, Mahirin atası olaraq mən elə deməmişəm, video da var. Onu izləyə də bilərlər, sual verdilər ki, belə bir şey varmı? Mən də dedim ki, var. Amma mən elə bir insanam ki, müqavilə bağlanmayana qədər və təklif rəsmi  kluba təqdim olunmayana qədər heç nə deyə bilmərəm. Hamı bilir də transferlər ya qışda olur, ya da yayda olur. Bu cür demişəm. Mahir üçün Qurban müəllimin çox böyük zəhməti var. Qurban Qurbanov Mahiri yetişdirib və yetişdirir. Mən inanıram ki, Qurban müəllim (hoca deyirik biz ona) istəyər ki, Mahir zirvələri fəth etsin. Mahir Azərbaycanın adıdır. Ümid edirik də. Olsa yaxşı olar, olmasa belə oğlum bir nömrəli komandada oynayır ki, artıq bu komandanı bütün dünya tanıyır. Bu yaxınlarda xaricdə idik, orda bizə qəzeti təqdim edəndə şoka düşdük. İngiltərənin bir nömrəli qəzeti yazıb ki, İngiltərənin bir nömrəli klubu olan “Çelsi” Azərbaycanın hansısa kiçik komandasından qorxur. Özünüz də gördünüz ki, oyunda nə qədər saxtakarlıqlar oldu və “Qarabağ” uduzdu. “Qarabağ” bir nömrədir və mən fəxr edirəm ki, mənim oğlum bu klubda oynayır. Onu mənə görə yox, onu elə özünə görə tanıyırlar. Mahir uğurlu bir məktəb keçib və hələ də keçir. Qurban Qurbanov özü bir məktəbdir və bu məktəbdə də yalnız və yalnız oxumaq lazımdır.

– Bəzən efirdə deyilənlər yazıda tamam fərqli görünə bilər, təqdim oluna bilər.

– Bizdə jurnalistikanın məktəbi bir az zəifdir. Bilirsiniz ki, dövlət televiziyasının məktəbi var, AzTV-dən də sonra ikinci məktəb ANS olub. Çox şeylər keçmiş “Sara” televiziyasından götürülür. Amma məktəb bu ikisi olub – AzTV və ANS. Bir şey yazanda da baş redaktora təqdim olunur ki, Anar Mədətovla bağlı belə bir süjet var və bu suallar düzdür, ya düz deyil. Cavabları yenə redaktə edilir ki, suallara cavablar belə olub. Son qərarı isə redaktor verir. Ancaq bizdə belə bir şey yoxdur. Redaktorlar müxbirləri az pul vermək üçün işlədirlər. Müxbir də əlinin altına nə düşdü, yaza bilər. Şou-biznesdə də belə müxbirlər var ki, onun-bunun yanına düşürlər, müğənnilərin yanında gəzirlər, doqquz milyon  əhaliyə də tərifləyirlər. Çölə çıxıb doqquz milyondan soruşun ki, qara hansıdır, ağ hansıdır. Balacasından tutmuş böyüyünə kimi ağı, qaranı göstərəcəklər. Hərdən çıxıb sensasion bir şey eləmək istəyirlər. “Bir azdan”, “partladı” – bunlar artıq bitib. Maraqlı bir şey etmək lazımdı. Şou biznesdə çıxıb gic-gic şeylər yazırlar. Mənə cadu elədilər, mənə xox gəldilər. Ayıb deyil?  Kişisən sən! Şalvar geyinirsən əyninə. Sənin evdə arvadın, uşağın, dostların var. Sabah sənə deməyəcəklər ki, sən necə insansan?! Ya da bütün günü dindən danışırlar, axşam da görürsən ki, əlində viski içir. Baxıram görürəm ki, gic-gic şeylər edirlər. Allah sənə gözəl səs verib ki, sən oxuyasan. İdmançısansa nailiyyət qazanasan.

– Siz də təcrübəli bir prodüser kimi hiss edirsiz ki, şou-biznesdə tənqid  yoxdur. Kim kimlə dostdursa, onu tərifləyir. Elə siz özünüz… Xatırlamıram ki, şəxsi konfliktə görə yox, ümumi hadisəyə görə hansısa müğənniyə etiraz edəsiz, narazılığınızı bildirərsiz.

– Bunlar nə qədər fırlansalar, yenə də işləri mənə düşəcək. Hamı bilir ki, Anar Mədətovun sırf öz faizi var və işləyir. Heç bir müğənni deyə bilməz ki, mənim işləyən vaxtında Anar Mədətovun köməyi olmayıb. Hər kəsin olub, kimlərlə işləmişəm heç biri də deyə bilməz. Yeganə insan idi ki, Natavan Həbibi dedi, Anarla kiçik kontrakt etdik, Anar pulunu qoydu və məni bu nöqtəyə gətirib çıxartdı. Bizdə də mərd qadınlar var, hərdən bu sözləri deyirlər. Bir də kiçik mafiyalar var, bölünürlər və başlayırlar birini pisləyib, o birisini tərifləməyə. Heç bir kəsdən çəkinəcəyim yoxdur. Xoşbəxtəm, ailəm var, balalarım var, ali təhsilim də onlardan güclüdür. Televiziyada da işləmişəm, radioda aparıcı DJ olmuşam. Hansısa bir layihə işləyəndə kiminsə qarşısında baş əyməmişəm. Elə olub ki, klipə pul çatmayıb, özüm çəkmişəm. Müğənnidir, pis halları olub, demişəm studiyanın pulunu vermə, təki oxu. Bilmişəm ki, bu adam narkomandır, demişəm ki, bu adamı məndən uzaq tutun. Mən artıq dostlarımı seçmişəm. Elə müxbir var ki, 2000-ci illərdə mətbuat konfranslarına onu çağırmırdılar, gic-gic şeylər yazar deyə. İndi həmin müxbir gizlənib birinin dalında, o birisindən yazmağa. İndi cinsi bilinməyən məxluqlar var. Hamı gözəl bilir ki, hansı müğənni kimdir və nə ilə məşğul olur.

Mahir Mədətovun atası: “Xətrimə dəyəni otuzdurub başa salıram...” - VİDEO

– Dünya təcrübəsində belədir ki, prodüser müğənniyə nisbətən arxa planda olur. Maraqlandım, sizin çalışdığınız sənətçilərin hamısı indi gündəmdədir. Adətən sənətçilər gündəmdə olanda onun yanında olan şəxslər gündəmə meyilli olur. Amma son illər müşahidə edirəm ki, gündəmə meyilli adam deyilsiz. 

– Prodüser, yəni istehsalçı. Prodüser sıfırdan da götürəndə yüz faizə gətirməlidir, əllidən də həmçinin. Bizdə prodüser işinə hamı qarışmağa başlayır, nəsə iş görmək istəyirlər. Ancaq ortalıqda öz çirkin işlərini görürlər. Mənə ev problemi maraqlı deyil. İşlədiyim müğənnilərin ev problemlərinə heç vaxt qarışmamışam. Şad günündə, qara günündə gedərəm. Ancaq evin içində nələr baş verir, mənə maraqlı deyil. Mənim işim bu deyil. Məsələn, Samir Piriyev 4 il əvvəl uzaqlaşmışdı. Ondan təklif gələndə fikirləşməyə başladım. Çox adam yığıb dedi ki, yox düzəlməyək. Səs rejissorumuz Cavid dedi ki, Anar addımını düz atırsan? Dedim, düz atıram. Və indi Samir Piriyev elə zirvədədir ki, hamı onu tanıyır. Toy da bir konsertdir. 500-1000 nəfəri razı salmalısan. Konsert elədir ki, xoşu gəldi əl çalacaq, xoşu gəlmədi əl çalmayacaq. Toyda amma hamını bir-bir razı salmalısan.

O ki, qaldı mənim öndə olmamağıma, mən həmişə demişəm, bir nömrə qapıçı olur. Qabaqda olmaqdansa qoy məni işimlə tanısınlar. Möhür olsun: Anar Mədətov. Məndən intervyu alınmasa da olar, qoy mənim müğənnimdən alsınlar. ANS-də İsmayıl, Sara radioda Anar var idi. Camaat bilmirdi ki, şou- biznes nədir, 90-cı illərdə Anar Mədətovun özünün qrupu olub. Adı da “İmkan”. Özüm yaratmışam, Bakı Dövlət Universitetində oxuya-oxuya dedim qrup yaradacağam və yaratdım. Orda Ağaxan Abdullayevin oğlu, Aynur Dadaşova oxuyub. Teymur Əmrah, indi müəllim deyirlər, əməkdar artist Sevda Ələkbərzadə də oxuyub. Bunu Anar Mədətov edib, siz də edin də. 90-cı illər ən pis vaxtlar idi. Heç nə etmək olmurdu. Bundan sonra təklif gəldi “Sara 104 FM”dən. Şəhla Çiçək o gün dedi ki, məni efirə Anar Mədətov buraxıb. Amma adam var idi ki, kasset satırdı, gətirdim onu DJ elədim. Amma bir dəfə ağzını açıb demir onu. Nə də özüm deməmişəm ki, məni tərif edin. Bizdə prodüserlərin İQ-ləri çox aşağıdır. Nə kitab oxuyarlar, nə hansısa layihələrə baxarlar. Ancaq dedi-qodu, söz-söhbət. Fahişəsi də dindən danışacaq, geyi də. Reallıq budur. 45 yaşım var, bir dəfə də olsun dilimə narkotik dəyməyib, çünki marağım olmayıb. Bizdə ifaçı Rauf DJ idi. Oturduq fikirləşdik, Rauf indi olub müğənni. İzzətə qədər mən proje eləmişəm. “Fabrika Zvyozd”un bir nümayəndəsini Jenya Raskazovanı Bakıya gətirdim. Məşhur olan vaxtı “Fabrika Zvyozd” İzzətlə duet elədi.

– Amma sizi daha təcrübəli jurnalistlərdən soruşanda hamı sizi qalmaqallarınızla xatırladı. Prodüserlərlə, işlədiyiniz müğənnilərlə…

– Mən kişiyəm. Kişi xətrimə dəyirsə, mən o kişini tapıram, otuzdururam, başa salıram. Bəzi adamlar mənimlə ayrılandan sonra üstümə adam göndərdilər. Bu insanları dəvət edəndə, otuzduranda qorxularından dedilər ki, biz eləməmişik.  O atdı arvadının üstünə, arvadı atdı prodüserin üstünə. Belə qıraqdan baxdım ki, siz necə adamlarsız?! Əgər bu adam nə kişi, nə də qadındırsa, özünə hörmət edən, şalvar geyinən kişi ona əl vurmaz. Çünki bilmirsən, nəsən, nəçisən. Qadın prodüser bir söz deyəndə də heç nə deyə bilmirsən. Onsuz da yenə fırlanıb gəlib deyəcək ki, “Anar, bağışla”. Xoşum gəlmir ki, jurnalist kimdənsə 50 manat alsın. Çünki özüm də jurnalist olmuşam. Və heç kimdən almamışam. 50 manatı alıb başıaşağı olmaqdansa ac gəzərəm, amma başım yuxarı olar. O qədər var 50 manatlıq, 100 manatlıq müğənnilər. Danışırlar ki, Anar belə, Anar elə. Əşi, bu Anar nə olub özünü belə aparır. Elə bilirsiz demirlər? Deyirlər. Mən həmişə demişəm ki, əziz müğənnilər prodüserlə iş görün, oturub “lubovnikini, lubovnitsanı”, kimisə saxladığınızı niyə tanış edirsiz, sonra da problem yaşayırsız ki, ay mənim sevgilimi oğurladı. Mən ailəmi heç vaxt reklam etməmişəm.  Nə də ad günü edib nəsə gözləməmişəm ki, ordan pul yığım. Mən adam axtarmamışam ki, ad günümə çağırım və mənə 2 minlik hədiyyə gətirsin. Mənə deyirlər ki, bu qədər  müğənnilərin toyuna gedirsən, sabah özün çağıracaqcan? Mən ona görə gedirəm ki, baxanda Anar Mədətovun adı yoxdur, dalımca söyməsin. Getməsəm də, adam göndərirəm ki, yazdırın.

Mahir Mədətovun atası: “Xətrimə dəyəni otuzdurub başa salıram...” - VİDEO

– Azərbaycanda adətən futbolçular bir az məşhurlaşıb pulları olan kimi əyləncələrə meyilli olurlar, bu, azarkeşlər və ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Məsələn, illərlə qazandığı hörməti bir hərəkətə görə itirən idmançılar olub. Bir ata kimi buna görə narahat deyilsiz? 

– Mən həmişə oğluma da, qızıma da demişəm ki, siz Mədətovlarsız. Öz xarizmanızı həmişə saxlayın. Mahirə də demişəm, nə qədər sadə olsan, məsuliyyətli olsan, məşqçinə qulaq assan, bu millət sənə hörmət edəcək.

Biz uşaqları üfürə-üfürə tərbiyələndiririk ki, uşaq bizimlə dost olsun, qorxub qaçmasın. Problem də olanda ciddi tənqid olunur, ancaq sonra dostcasına oturub söhbət edirik. Mahirin məşqçisi Qurban Qurbanov sərt adamdır və o adamı özündən çıxartmaq çox çətindir, heç kimi də tərifləmir. Mən həmişə istəmişəm ki, Mahir gələcəkdə xarici komandada oynayanda Qurban Qurbanovdan xoş sözlər eşidim. “Bəli, Mahir yaxşı futbolçudur. Azərbaycan futbolunda izi var”, – sözləri kimi…

– Əslində, sizi çoxdan tanısaq da, daha bir tanınmış Mədətovun, əvvəllər prezidentin mühafizəçilərindən biri olan Müşviq Mədətovun sizə yaxın qohum olduğu məlum oldu. Belə görürük ki, Mədətovlarda tanınmışlar çoxdur. Biz bilmədiyimiz başqa tanınmış şəxslər də var? 

– Babam tarixçi olub, professor Qaraj Mədətov. Mən fəxr etmişəm ki, babam akademik olub və Naxçıvanın tarixini yazıb. Bir əmim var Akif Mədətov. Çox tanınmış professordur. Bu yaxınlarda da prezident onu mükafatlandırdı. Həmişə istəmişəm ki, bu silsilə olaraq davam etsin. Ona görə övladlarıma demişəm ki, elə edin, sabah sizə aşağı baxmasınlar. Həyatımda əziyyətlər çox olub. Mən gecə də işləmişəm, ofisiant da işləmişəm. Buna mənim dayım vadar edib. Anamın atası Həmid Quliyev Vəli Axundovun vaxtında, Heydər Əliyevin vaxtında nazir kimi çalışıb. Camaat səfirlik bilməyəndə mənim anam səfirlikdə çalışıb. Dayım görürdü ki, bu uşağın hər şeyi var. 8-ci sinfi bitirəndən sonra dayım soruşdu ki, nə etmək istəyirsən. Dedim ki, bağa gedək. Dayım dedi, gəl restorana, mən sənə iş verəcəyəm. Restorana getdim, hamı mənimlə görüşdü, əvvəl bacısı oğlu kimi qarşıladılar, sonra da əlimə “padnos” verdilər ki, buranı yığışdırarsan. Çox pis oldum, evə gəlib şikayət elədim. Maşına salıb döyə-döyə, söyə-söyə aparıb məni işlədirdi. Hər yay orada işləyirdim, 9-cu sinif, 10-cu sinif, amma vəzifəmi də qaldırırdı. Xaricə də göndərirdilər, Bolqarıstana, Çexslovakiyaya gedirdim. Artıq böyüyüb pul qazanmağa başlayanda dayım dedi ki, sən pulun dəyərini biləsən deyə səni işlədirdim. Universitetə maşınla bir gün gəldim, iki gün gəldim, axırda pulum qurtardı. Küçənin o tayında servis var idi. Dayım dedi ki, axşamlar gəl, iş var. Maşınlar sıraya düzülürdü. “Maşınları yu, pulunu al” deyirdi. Axı necə yuyum?! Yayda birtəhər etmək olurdu. Qışı var axı, soyuqdur. Amma yenə də gəlirdim, bilirdim ki, cibimdə pulum var. Dayım artıq rəhmətə gedib, yadıma düşür və deyirəm ki, pulu qazanmağı mənə dayım öyrədib. Bir də bir şey var ki, çox kişilər bundan qaçır. Əgər normal kişinin arxasında normal qadın varsa, onda bu kişi nəyəsə nail ola bilər. Ətrafımda həmişə ağıllı insanlar olub və yol göstəriblər ki, uduzmayım. Mənim problemim olanda yoldaşım Elnurədən heç nə gizlətməmişəm. Həmişə yanımda olublar. İki uşaqla əsgərliyə getmişəm. Bayaq Akif İslamzadənin müsahibəsini oxuyuram. Deyir ki, səngərlərimizi müğənnilər qoruyursa, vay onda bizim günümüzə. Düz də deyir. Gedirlər yalandan əsgərin formasını çıxarıb geyinirlər əyninə. Ayə, sən əsgərlikdə olmamısan, sən əlində tutduğun silahı söküb yığa bilmirsən. Sən necə camaata təbliğ edə bilərsən? Utanmırsan, kişilikdən, mərdlikdən danışırsan?! Bir şey olan kimi qaçırlar şəkil çəkdirməyə. Milləti aldada bilməzlər. Bizim millət mərddir, qonaqpərvərdir və bir də ağıllıdır.

Mahir Mədətovun atası: “Xətrimə dəyəni otuzdurub başa salıram...” - VİDEO

Sən əsgərə mahnınla dəstək ol, konsert ver. Amma yalandan instaqram üçün avtomatla şəkil çəkdirib “bəs, siz niyə gəlmirsiz” yazmaq problemdir. Belə baxanda gəlməlisən də, sənin pasportunda Azərbaycan yazılıb.

– Mətbuatda bir müddət əvvəl yazmışdı ki, Müşfiq Mədətov sizin qardaşınızdır…

– Müşfiq Mədətov mənim atamın əmisi oğludur. Mən babama dədə dediyimə görə Müşfiqin də atasına əmi demişik. Ona görə öz aramızda əmioğlu deyirik. Amma əmioğlu ayrı şeydir, qardaşoğlu ayrı. Arada deyirlər ki, filan müğənni ilə qardaşsan. Deyirəm ki, yox, qardaş başqa şeydir. Dost olaram, amma qardaş tamam başqa şeydir. Mahir də Müşfiqə əmi deyir. Düzdür, mətbuatda yazılmışdı. Amma mən tək oğulam. Yazırlar ki, Müşfiq “Bakı”da işləyəndə Mahiri çağırıblar, halbuki Müşfiq o klubda işləməyib. Birincisi, “Bakı” klubu “Vətən”dən seçim edib, Mahiri dəvət edib. İkincisi də, “Bakı”nın bir nömrəli gözü Mahir Mədətov olub. Bunu yazanlar bir öyrənsinlər də. Mahir uşaqlıq illərində artıq milli komandada oynayırdı. Mədətov soyadında dostlarım da var. Zəng vurub soruşurlar ki, Fuad Mədətov qohumundur? Deyirəm, vallah yox…

Elvin Elxan

Video: Nuran Məmmədov, Pərvin Zeynal

Mahir Mədətovun atası: “Xətrimə dəyəni otuzdurub başa salıram...” - VİDEO
Mahir Mədətovun atası: “Xətrimə dəyəni otuzdurub başa salıram...” - VİDEO
Mahir Mədətovun atası: “Xətrimə dəyəni otuzdurub başa salıram...” - VİDEO