Загрузка...

ARB TV-nin “Rezonans” verilişi Pərvanə Babayeva və Mehriban Hüseynovanın həbsxana hekayələrini təqdim edir.

Pərvanə Babayeva (cəzası 9 il) : “2 qız uşağım var. Gec ailə qurmuşam. Sonra yoldaşımla birgə Rusiyaya köçmüşdüm. Bir müddət sonra anası zəng elədi ki, atan rəhmətə gedib geri gəl. Biz yenidən vətənə qayıtdıq. Qaynanam və baldızımla aramız dəydi. Mən anama qulaq asmadan getdim. Ərimlə özü arasında seçimdə ərimi tutdum. Anam dedi ki, get, südüm sənə haram olsun. Bir dəfə İrana bazarlıq etməyə getmişdim. Məsmə adlı qadın mənə rast gəldi. Bazarlığının yarısını mənə verdi. Qutunun içində narkotik var idi, mənə pendir olduğunu dedi. Sərhəddə polislər ətrafımı mühasirəyə alıb məni tutdular. Heç kim mənə inanmadığı üçün dəfələrlə özümü boğmuşam, intihara cəhd etmişəm. Mənim yaşama səbəbim övladlarımdır. Onların ayaqlarının tozu olmaq istəyirəm. Ayaqlarının tozunu yalayıb alnıma sürtmək istəyirəm. Bir ana olaraq alçaldığım üçün özümə yer tapa bilmirəm”.

Mehriban Hüseynova (cəzası 6 il) : “Anam rəhmətə gedəndən sonra atam yenidən evləndi. İkinci sinifdə məktəbdən çıxardıb tarlada işləməyə qoydular. Evdəki söz-söhbətlərdən bezib, təzə tanış olduğum oğlanla qaçdım. Atama zəng elədim dedi ki, mənim sən adda qızım yoxdur. 8 ay ailəli oldum. Yoldaşım məni küçənin ortasına atdı. Rayona qayıdıb marketdə, kafedə işlədim. Bir qızla tanış olub yaxınlaşdıq, Bakıya gəldik. 3 kq narkotik var idi. Mən tutuldum, atama zəng elədim. Yenə geri çevirdi. Narkotik istifadəçisi deyiləm. Atam üçün çox darıxıram. Amma o, məni istəmir. Mən istəməzdim belə olsun”.