Bir ictimai yerdən keçirəm təsadüfən, yol yoldaşlarım söhbət edir:
“- Keçmiş vergilər naziri Fazil Məmmədovun evinin tək bir aylıq işıq pulu 10 min manatdır.
Görəsən orda nə yandırırmış bu.
Əşşi, onsuz hamısını əvvəl-axır qusdururlar.
Ümumiyyətlə heç kim bu dünyadan özüylə bir metr ağ parçadan başqa nəsə aparmır”.
Qərara gəlirəm, söhbətə müdaxilə edim: “- Bir metr? Kəfən üçün bu az deyilmi?”. Həmsöhbətlər mənə laqeyd nəzərlə baxırlar, yəni biz nə hayda, sən nə hayda… Ancaq mən ciddi olaraq fikirləşirəm ki, görəsən kəfənin orta statistik ölçüsü neçə metr olmalıdır, bizim oliqarx, zəhmətkeşlərimizi yeyib enlənmiş məmur ordusuna kəfən biçmək üçün Saatlıda neçə hektar pambıq əkməliyik.
Şəhər əfsanələri ilə yaşamaq çox rahatdır. Onu qusdurdular, bunu vurdular, filankəsi yoldular, behmənkəsi asdılar… Həyatımızda isə dəyişən bir şey yoxdur. Vurulanın qabaq 5 milyardı vardısa, indi 2 milyardı qalıb. Nə olsun? Bundan sənə-mənə nə? Bəlkə hər quldur nazir vurulanda cibimizə kişmiş töküblər? Əksinə, il ildən pis gəlmişdir. Hələ bir gülməli arqumenti də ortalıqda fırladırlar: “Odur ey, Ziyanın oğlu Azərbaycana gələ bilmir”. Guya Azərbaycana gəlmək on(lar)a çox vacib imiş. Camaat təyyarənin yük yerində, qatarın altında, gəminin lövbərində, nə bilim, Trampın lotoreyasında buradan qaçmağa fürsət axtarır, sən isə keçmiş nazirin oliqarx oğlunun xaricdə qalmasıyla təskinlik tapırsan.
“Ətrafı, qohum-əqrəbası səksəkə içindədir, icra başçıları gecə yatmır”. Bah. Ona görə Xaləddin müəllim Binəqədidə artıq asfalt yolların içini də dükan-bazar tikənlərə satır? Səkiləri satıb qurtarıb, indi növbədə yollardır. Gecə-gündüz satır. Rəhmətlik Lalə xanım yadıma düşdü… Eh, əcəb adamlar gördük, qədrini bilmədik – hərəsi bir kitablıq, dastanlıq adamlar idilər. Hələ bir Xanış kişi vardı, qəfil xatırladım. Görəsən onun 2 arvadı və 22 uşağı indi nə işlə məşğuldur? Yoxsa onlar da səksəkə içindədir?
Bir məsələ də maraqlıdır ki, görəsən bu məmurların bəd əməlləri niyə ancaq onlar vurulandan sonra üzə çıxır. Fərman oxunana qədər mələk sayılırlar, fərman oxunan kimi ən qəddar cinayətkar bunların yanında hörmətli olur. Elə bil heç kim dünənə qədər bu eyibləri görmürmüş. Bir fərmanla hamının – millətin, medianın, hakimiyyətin gözü açılır. Halbuki, hamı cinayətləri görüb susurdu. Hətta nazir vurulanda da “çox da şey eləmək” məsləhət deyil, nə biləsən, bəlkə onu qəfil bağışladılar, keçmiş xidmətləri, oğlunun kimin qızını alması, özünün haçansa hansı qələti eləməsi-filan nəzərə alındı, təzədən qaytarıb nazir qoydular? Bunun üçün təzə nazirlik də icad eləmək olar – xeyirxah məqsədlər, barışdırıcı missiya üçün. Hamımız azərbaycanlıyıq, bəzilərimiz isə daha çox azərbaycanlıyıq!
Bu yaxında bir lotu türmədən buraxıldı, getdi Türkiyəyə. Deyirdilər bu lotunun adamları vaxtilə başqa ümummilli lotularımızdan birini qətlə yetiribdir. Nəsə qəliz söhbətdir, oğru aləminə bələd olmadığımız üçün çox uzatmayaq. Bax həmin türmədən çıxan lotumuzun ardıyca bir dəstə killer yollanmışdı. Onlara isə öldürülən lotunun qardaşı başçılıq edirmiş. Ancaq qardaşı İstanbulda polis tutdu. Belə baxanda adi kriminaldır, gündə o qədər belə qan davası cəhdləri olur ki. Sadəcə, bu tutulan qardaş polkovnik rütbəsində, özü də yetərincə məsul obyektdə çalışırdı. Keçən ay qardaş işdən çıxarılıb. Guya bir “vorzakon”un qardaşının o cür vəzifə daşımasını indiyə qədər bilmirdilər? Dəli şeytan deyir ki, qardaşının qisasını ala bilsəymiş bəlkə hələ də işləyirdi. Müxalifətçi deyil ki, bütün qohumlarını işsiz, ac qoyasan, türməyə salasan. Vorzakon qardaşı hörmətli vəzifədir.
Vaqif Bayatlının bir şeirində qardaş teması yaxşı işlənmişdir: “Qardaşımın üzü köməyim olsun”.