Загрузка...

Alimlər təzə nəzəriyyə irəli sürüblər, deyir əslində bizim əcdadlarımızın Afrikadan çıxıb dünya üzünə səpələnməsi qabaqlar zənn edildiyi kimi bir dəfəyə baş verməmişdir. Bəşəriyyət bir neçə dəfə oralardan çıxıb gəlibdir. Loru dildə desək, insanın meymundan yaranmağı bir dəfəyə baş verməyibdir. Gəliblər, adam olublar, ancaq sonra nəsə alınmayıbdır, uçurdublar, ya nəsə olub, təzə dəstə gəlib, qarışıblar, bir neçə on min il də belənçik yaşayıblar, yenə Afrikaya teleqram vurulub ki, qardaş, yenə alınmadı, təzə adamlar göndərin və sairə.

Dahi klassikimizin yazdığı kimi, indi planetdə bir çox insanlar və xalqlara baxanda fikirləşirsən bunlarda hələ də təzə partiya əcdada ehtiyac vardır, hələ meymundan əmələ gəlib qurtarmayıblar. Elə camaat var dövlətini-zadını qurub, azad olub, xoşbəxt yaşayır özü üçün, elə tayfalar da var 100 ildə bəlkə altı dəfə respublika elan eləyiblər, di gəl, yenə paramparça, hüquqsuz sürünürlər. Çətin durumdur, hara dartsan, hardan baxsan, işıq ucu görünmür. İnsanlara zorla azadlıq vermək, həmçinin onlara insan kimi yaşamağın gözəlliklərini izah eləmək, sən demə, olduqca çətin imiş. Sadə görünür, ancaq ən mürəkkəb problemlərdən biriymiş. Şair bu yerdə sazı sinəsinə basıb deyibdir: “Adam var ki, adamların naxışıdır, Adam var ki, heyvan ondan yaxşıdır”.

Ümumiyyətlə, planetdə elmi yanaşmanın üstünlük təşkil etməsi sevindiricidir. Avstraliyada bir şəhər haqda məzəli xəbər oxudum. Meriya şəhərin 2018-ci ildə 150 illiyini keçirtmək üçün tədbirlər planı hazırlayıbmış, xeyli xərc də çəkiblər, ancaq kimsə arxivi araşdırıb, ortaya çıxıb ki, sən demə, şəhərin 150 illiyi 3 il bundan qabaq tamam olubdur, bunlar hesablamanı yanlış aparıbdır. İndi qalıblar belə pis durumda.

Halbuki, bizdə 3-4 il qabaq Salyanın 2700 illiyini təntənəli şəkildə qeyd elədik. Gəncənin 2500, Kürdəmirin 1600, Bakının 15049, Sumqayıtın 8 min illiyi və sairə də dövlət səviyyəsində qeydiyyatını, qutlamasını tapıbdır, millətimiz də olduqca razıdır. Heç kimi də narahat eləmir ki, bəlkə burada 3 il, 5 il o yan bu yan ola bilərmi. Çünki bizim AMEA Tarix İnstitutu dəqiq idarədir. İstənilən tarixi dövrü, şəhəri, abidəni birinci kərpicinin qoyulduğu saata qədər hesablamaq imkanına malikdirlər. Bu hesablama zamanı hansısa sənədə, kitabəyə, nə bilim, radioaktiv izotopa-zada ehtiyac olmur. Müdir (indiki halda şəhərin və ya rayonun icra başçısı) deyirsə, deməli, yaşımız o qədərdir. Timsahlar uçmur, ancaq dövlət rəhbərliyi deyirsə, uçurlar, sadəcə bir az alçaqdan uçurlar, çox adamın görməsi çətindir. Alim baxışı lazımdır.

Arxeoloji qazıntılardan söz düşmüşkən, bizdə iqtisadi böhran ilk növbədə yeraltı aləmi vurmuşdur, metro idarəsində xeyli adamı ixtisara salıblar. Maraqlıdır ki, bu iqtisadi zərbəni metrodan milyardlar əkişdirən Tağı kimi tiplər yox, sadə fəhlə insanlar duyur. Hərçənd, dəli şeytan deyir niyə, onu da Çovdarov-Mahmudov bandası qulaqlayıb 3 milyon avrosunu alanda bu gün ixtisara düşən fəhlələrin səsi çıxmırdı, başlarını aşağı salıb qazırdılar. Bəlkə də düzgün istiqamət götürüb MTN-in altını qazıb seyfdən Tağı müəllimin milyonlarını gətirməliydilər. Ulu babalarımız Afrikadan 3-cü dəfə gələndə məhz bu temada yaxşı məsəl qayırıblar: “Özgəyə metro qazan, ixtisara düşər”. Axı yerin altında nə var? Hər yan pis neft-qaz qoxusu verir. Çıxın yerin üstünə, pambıq əkin, müasir yol çəkin, xalça toxuyun, park salın, ərəb turistləri əyləndirmək üçün göbək rəqsi öyrənin. Gələcəyimiz bunlardan asılıdır.

Mən isə böyük məmnuniyyətlə o əcdadların gəldiyi marşrutla Afrikaya qayıdardım. Buranın ləzzəti yoxdur.