Anatoli Banişevski: “Yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım “Neftçi”ni seçərdim”.
Publika.az Futbolinfo.az-a istinadən xəbər verir ki, bu gün “Neftçi”nin əfsanəvi futbolçusunun ölümündən 20 il ötür. Anatoli Banişevski 1964-1978-ci illərdə “Neftçi”nin heyətində çıxış edib. 1966-cı ilin bürünc mükafatçısı karyerasının sonunadək sadiq qaldığı komandada 318 oyun keçirib, 136 qol vurub. 1965-1972-ci illərdə SSRİ yığma komandasının formasını geyinmiş və 19 qola imza atmış Banişevski 1966-cı ildə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. 1981-1982-ci illərdə “Neftçi”nin məşqçisi olmuş Anatoli Banişevski 1996-cı ildə “Şöhrət ordeni” ilə təltif edilib.
Bu gün “Neftçi” PFK-nın kollektivi Anatoli Banişevskinin qəbrini ziyarət edib, əfsanənin məzarı önünə gül qoyublar.
Allah rəhmət eləsin!